"Qəbələ"nin kapitanı: "Kimsə başqa komandadan qorxursa, meydana çıxmasın" - MÜSAHİBƏ

"Qəbələ"nin kapitanı: "Kimsə başqa komandadan qorxursa, meydana çıxmasın" - MÜSAHİBƏ Bakı. 8 fevral. REPORT.AZ/ Qəbələ klubunun kapitanı Cavid Hüseynovun Reporta müsahibəsi:
Futbol
36376
8 Fevral , 2019 17:19
Qəbələnin kapitanı: Kimsə başqa komandadan qorxursa, meydana çıxmasın - MÜSAHİBƏ

Bakı. 8 fevral. REPORT.AZ/ "Qəbələ" klubunun kapitanı Cavid Hüseynovun "Report"a müsahibəsi: 

- 2018-2019 mövsümünün ikinci hissəsinə qələbə ilə başladınız. XV turda "Sumqayıt"ı məğlub etdiniz. Həmin oyun barədə nə deyə bilərsiniz?

- Qış fasiləsindən sonra ilk oyunumuz idi. Evdə oynamağımıza baxmayaraq, çətin olacağını bilirdik. Əsas odur ki, nəticəmizi qazandıq. Əsas məsələ odur ki, ilk oyunun nəticəsi yaxşı oldu və növbəti oyunlarda da əhval-ruhiyyə yüksək səviyyədə olsun. Bunun üçün çox şadıq.

- Həmin qarşılaşmada 1:0 hesablı qələbə qazandınız. Komandanızın sərgilədiyi oyun sizi qane etdimi?

- Xeyr. Nə qədər yaxşı oynasaq da, matç heç vaxt ürəyimizcə olmur. Bu oyunda da komandamız istənilən kimi oynamadı. Amma əsas nəticədir. Həmişə yadda qalan nəticə olur.

- "Qəbələ" Premyer Liqanın ikinci yarısına tam hazırdırmı və qarşınıza qoyulan hədəflərə çata biləcəksinizmi?

- Komanda hazırdır. Daxildəki ab-hava da yaxşıdır. Düşünürəm ki, gələcəkdə istədiyimiz yerə çata biləcəyik.

- İstədiyiniz yer deyərkən neçənci pilləni nəzərdə tutursunuz?

- Heç olmasa, üçüncü pilləni tutaraq Avropa Liqasına vəsiqə qazanmaq istəyirik.

- Qış transfer pəncərəsində aktiv olmadınız. Bu heyət mövsümün sonunda yaxşı nəticə üçün kifayət edəcəkmi?

- Qış fasiləsində yalnız iki transferimiz oldu. Biri Anar Nəzirov, digəri isə Davit Volkovi idi. Fikrimcə, bu heyət çempionat üçün kifayətdir. Amma yenə də komandaya futbolçu lazımdır.

- "Qəbələ" yeni oyunçu almalıdır?

- Komandaya hər zaman futbolçu lazımdır. Çünki bir mövqedə iki yaxşı oyunçu olanda rəqabət də olur. Rəqabət olan yerdə də hər zaman uğur qazanılır. İmkan buna çatıb və bunu ediblər. Komandanın istər hücum xəttində, istərsə də müdafiədə böyük problemimiz yoxdur.

- Qarşıdakı turda "Sabah"la görüşəcəksiniz. Həmin komanda ilə eyni xala maliksiniz və qonşu pillələrdə qərarlaşmısınız...

- "Sabah"la oyuna çox ciddi hazırlaşmışıq. İstəyirik ki, yenə qələbə qazanaq. Bunun nə qədər ciddi oyun olduğunu komandanın hər bir üzvü başa düşür. Qələbə sayəsində turnir cədvəlindəki mövqeyimiz yaxşılaşa bilər. İnanıram ki, ümid etdiyimiz və istədiyimiz nəticəni əldə edəcəyik.

- Ölkə kubokunda da debütantı mübarizədən kənarlaşdırmısınız. Düşünmürsünüz ki, rəqib bu oyuna qisas almaq üçün çıxacaq?

- "Sabah" komandasının çempionatın ikinci hissəsindəki ilk oyununu izlədik. "Zirə" ilə matçda yaxşı çıxış etdilər. Həqiqətən də yaxşı təşkil olunmuş kollektivdir. Bu, futboldur. Kimsə başqa komandadan qorxursa, meydana çıxmasın. Əlimizdən gələni edəcəyik ki, hər şey yaxşı olsun. Yəqin ki, rəqib komanda da bunun üçün çalışacaq.

- Avrokuboklarda iştirak etməyiniz üçün çempionata köklənmək lazımdır, yoxsa ölkə kubokuna?

- Mən tərəfdarı deyiləm ki, yalnız kuboka və ya çempionata köklənək. Komanda hər iki "cəbhə"də çıxış etməyə qadir olmalıdır. Bacarmırsansa, buna komanda demək olmaz. Mən belə fikirləşirəm. Biz həm çempionatda, həm də kubokda uğurla çıxış etmək istəyirik. Bunun üçün yetərincə gücümüz var.

- Sənan Qurbanov "Sumqayıt"la oyunda "Qəbələ" Futbol Akademiyasının gənc oyunçusu Amin Seydiyevə şans verdi və onun Premyer Liqada debütü gerçəkləşdi. Seydiyevin perspektivini necə dəyərləndirirsiniz?

- Sevindirici haldır ki, həmin görüşdə limitə görə iştirak ərizəsinə daxil olan hər iki futbolçu - həm Amin Seydiyev, həm də Bəhlul Mustafazadə oyunda oldu. Halbuki, baş məşqçi onları oynatmaya da bilərdi. Amin Seydiyev də özünü sübut edəcək. Layiqdirsə, niyə də oynamasın? İstərdim ki, gələcəkdə həmin yaşda olan 3 və ya 4 yerli futbolçu meydanda olsun. Amin də bunu özü qazanıb.  

Son xəbərlər

Orphus sistemi