Cavid Hüseynov: "Bu oyunu Tale Heydərov üçün oynayırdıq" - YENİLƏNİB-2

Cavid Hüseynov: "Bu oyunu Tale Heydərov üçün oynayırdıq" - YENİLƏNİB-2 Komandadan razı qaldım. Oyuna çox ciddi hazırlaşmışdıq, istəkli idik. Bu oyunu Tale Heydərov üçün oynayırdıq.
Futbol
14 Aprel , 2019 19:56

"Komandadan razı qaldım. Oyuna çox ciddi hazırlaşmışdıq, istəkli idik. Bu oyunu Tale Heydərov üçün oynayırdıq".

"Report" xəbər verir ki, bunu "Qəbələ"nin futbolçusu Cavid Hüseynov Azərbaycan Premyer Liqasının XXIV turunda səfərdə "Keşlə"ni 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra söyləyib.

Kapitanın sözlərinə görə, komanda ikinci hissədə daha yaxşı çıxış edib:

"Komanda olaraq sözü bir yerə qoyub qələbə qazanmaq üçün meydana çıxmışdıq. Komandada matçın əvvəlində gərginlik var idi. Amma fasilə zamanı məşqçilər sakitləşməyimizi və təmkinli, rahat oynamağımızı söylədi. İkinci hissədə məşqçilərin dediklərini yerinə yetirdik, ilk qolu vurduq, ardınca ikinci qol gəldi, hesabı daha çox artıra bilərdik. Sonlarda hesab 3:1 və ya 2:2 də ola bilərdi. Qələbə qazandığımız üçün sevincliyik.

Tale Heydərov üçün oynadığınızı dediniz, amma 13 il komandaya rəhbərlik etmiş şəxsə, kubok hədiyyə edə bilməmisiniz. Lakin hələ də şans var. Azərbaycan Kubokunu qazana bilərsiniz?

- Doğru vurğuladınız, biz kubok qazana bilməmişik. Biz klubu sıfırdan yaradan şəxs üçün heç nə edə bilməmişik. Onun etdiklərinin qarşılığında biz ona heç nə verə bilməmişik. Futbola və digər idman növlərinə hər cür dəstək göstərir, lazım olan hər şeyi edib, amma biz onun üçün birşey qazanmamışıq. Bu adamı yaralayır. Çalışacağıq ki, Azərbaycan Kubokunu qazanaq. Onun bu şəkildə klubdan ayrılması da bizi çox üzdü.

Prezidentin istefasını gözləyirdinizmi?

- Heç kim bunu gözləmirdi. Bu barədə heç nə danışılmırdı. Sona 5 tur qalmış belə bir qərar verildi. Mövsümün sonunda deyirlər ki, nəsə olacaq. Amma yatıb yuxudan oyanırsan və görürsən ki, belə birşey baş verib.

Bəs bundan sonra necə olacaq, kluba yeni prezident gələcəkmi? Komanda yoluna davam edəcək?

Gərginlik olmalıdır, bu normaldır. Biz gözümüzü açandan Tale Heydərovu preziden kimi görmüşük. O klubu sıfırdan yaradıb. Bizim üçün onun yerinə kimin gələcəyini düşünmək çətindir. Onun yerinə kimin gələcəyini təsəvvür edə bilmirik.

Bu gün tribunalarda 1000-ə yaxın "Qəbələ" azarkeşi var idi, bu nə ilə bağlı idi?

- Bu gün hər kəs Tale Heydərov üçün bir yerə yığılmışdı.

Öz oyunla nağlı nə deyə bilərsən? İkinci hissədə əvəzləndin, bu nə ilə bağlı idi....

- Oyunun 70-ci dəqiqəsində yorulduğumu hiss edirdim, baş məşqçi də məni əvəzlədi.

Tale Heydərovun istefasından sonra kubokda necə oynayacaqsınız, bu qərar komandanın motivasiyasına təsir etməyəcək?

- Onun gedişi komandaya pis təsir etsə də, biz bundan sonrakı hər matçı Tale Heydərov üçün oynayacağıq.


***18:33

"Bizim üçün çətin oyun idi. Bilirdik ki, yaxşı əhval-ruhiyyədə olmaq üçün yaxşı da nəticə qazanmalıyıq. Ona görə də əlimizdən gələn hər şeyi edib qələbə qazandıq”.

"Report"un məlumatına görə, bunu “Qəbələ”nin futbolçusu Davit Volkovi Azərbaycan Premyer Liqasının XXIV turunda səfərdə “Keşlə”ni 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Gürcüstanlı cinah hücumçusu “Qəbələ”də ilk qolunu vurmasına toxunub:

“Bunun üçün bir az gözləməli oldum. Sevincliyəm, nəhayət tilsimi qırdım. Demək olar, iki il idi ki, bu cür meydanda oynamırdım. Süni meydançada çıxış eləmək çox ağırdı. Psixololji vəziyyət də bizim üçün yaxşı deyildi”.

Volkovi bu oyunda xüsusilə yaxşı çıxış etməsini isə belə şərh edib:

“Neçə oyundur qələbə qazana bilmirdik, ardıcıl heç-heçələr edirdik, “Qarabağ”a uduzmuşduq, ona görə də bu matça xüsusi motivasiya ilə çıxmışdım. Kuboku qazanmaq əsas hədəflərimizdən biridir. Futbolda hər şey olur, üçüncü yeri tutmaq istəyirik”.


***17:38

"Bu gün komandamız təzyiq altında oynadı. Yenə də oyunumuz ürəkaçan idi. Həmişəki problemdir, bu qədər imkanların fonunda qol vurmamaq və ikinci hissə başlayan kimi qol buraxmağımız məyusedici oldu.

Ən yaxşı oyunlarımızdan birini keçirdik. Komandadakı psixoloji problemi futbolçular həll edə bilmir. İlk hissəni gözəl keçirdik. Rəqibi öz qapısı ağzına sıxdıq. Ancaq ikinci hissədəki psixoloji sindrom həlledici oldu. Adamın əziyyətinə heyfi gəlir. Bu cür oyunla uduzmamalı idik".

"Report"un məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov evdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Bu məğlubiyyət komandaya nə dərəcədə psixoloji təsir edəcək?

- Təkcə oyun deyil. Futbolçunun bir düşüncəsi olmalıdır - mütləq qələbə qazanmalıyam. Futbolçu uduzmaqdan qorxsa, istər-istəməz bu, baş verəcək. 3 gündən sonra "Qarabağ"la ağır səfər oyunumuz var. Bacardığımız qədər komandanı bu vəziyyətdən çıxarmağa çalışacağıq. Elə şeylər var ki, baş məşqçinin, rəhbərliyin ona gücü çatmır. Bu, futbolçunun iradəsindən asılı olur. Peşəkar futbolçular ağır vəziyyətdən çıxış yolu tapırlar. "Yuventus"u A Seriyasından aşağı göndərəndə liderlər getmədi və komandanı elitaya qaytardılar.

- Oyunçuların istəkli olmamasına səbəb maliyyə problemi ola bilərmi?

- Maliyyə problemi yoxdur. Maaşlarını bu günlərdə alıblar. Oyuna baxanda adamı məyus edən gözəl oyunun fonunda məğlub olmağındır. Bu da futbolun yazılmayan qanunudur.

- Kamran Ağayevin durumu nə yerdədir?

- Əli gipsdədir, mövsümü başa vurub. Əməliyyat da ola bilər. Hər halda gips açılandan sonra bilinəcək.

- Davud Kərimi onu əvəz edə bilirmi?

- Gəlin, bu haqda danışmayaq. Səhv hamınındır. Davudun təcrübəsi var. Rəqib ona qədər gəlib çıxırsa, deməli, hamının səhvi var. Futbolçularımın bu gözəl oyununa yalnız alqış düşür.

Son xəbərlər

Orphus sistemi