"Sabah qələbə üçün əlimizdən gələni edəcəyik".
"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Slovakiya yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl mətbuat konfransında deyib.
66 yaşlı mütəxəssis əvvəlki iki görüşü yaxşı analiz etdiklərini bildirib: "Əvvəlki matçlarda rəqiblərdən üstün oynadıq və keyfiyyətli oyun sərgilədik. Qol vura bilmədiyimizə görə üzülürük. Futbolda bu gün baş verməyən sabah nə vaxtsa gerçəkləşir. Bizi ağır oyun gözləyir. Slovakiyanın qrupun favoriti olduğunu əvvəlcədən bilirdik. Onların Qazaxıstana məğlubiyyəti bizim üçün gözlənilməz oldu".
İtaliyalı baş məşqçi heyət seçimi ilə bağlı tənqid olunması barədə danışıb: "Bu, sizin işinizdir. Ona görə də nəsə demək istəmirəm. Hər kəs öz işini görür. Çox dərinliyə getmək niyyətində deyiləm. Amma heç kim deyə bilməz ki, son iki oyunda pis çıxış etmişik. Futbolda bu gün uduzursan, hamı səni pisləyir. Ancaq bir qələbə qazanan kimi səni tərifləyirlər. Statistikaya baxırıq, indi burada iki qələbə haqqında da danışa bilərdik. Futbolda hər şey baş verə bilər".
De Byazi rəqibin baş məşqçisi Ştefan Tarkoviçin Qazaxıstana məğlubiyyətdən sonra istefaya göndərilməsinə də münasibət bildirib: "Rəqib qrupumuzun ən güclüsüdür. Çox oyunçuları böyük liqalarda – İtaliyada, İngiltərədə çıxış edir. Yüksək keyfiyyətə malikdirlər. Onları analiz etmişik, futbolçularımıza da bunları izah etmişik. Ola bilsin ki, Qazaxıstanla oyundakı nəticəyə görə baş məşqçiləri dəyişilib. Həmin görüşə baxmışıq, çoxlu qol imkanları olub, lakin dəyərləndirə bilmədilər. Qazaxıstan 11 nəfərlə vuruşdu, sona qədər mübarizə apardı. Biz də sabah bu cür oynamalı və oyunu 11 nəfərlə tamamlamalıyıq. Lazımsız qayda pozuntuları etməməliyik".
Mütəxəssis ilk dəfə "Dalğa Arena"da yığmanı oyuna çıxaracağını xatırladıb: "Sabah yaxşı oyun keçirməliyik. İlk iki matçla müqayisədə daha az qol imkanımız ola bilər. Amma maksimum yararlanmalıyıq. Stadion ideal vəziyyətdədir. Ümid edirəm ki, sabah yaxşı çıxış edəcəyik və qələbə qazancağıq. Baxmayaraq ki, bizi çətin oyun gözləyir".
Baş məşqçi Dmitri Nazarov və Anatoli Nuriyevə az şans verməsinə də aydınlıq gətirib: "Hər ikisi fiziki cəhətdən hazırdır. Nuriyev Ukraynadakı müharibəyə görə bir müddət futbolsuz qaldı. Nazarov da təcrübəli oyunçudur, lazım gələndə bizə köməyi dəyəcək".
Qeyd edək ki, iyunun 10-da "Dalğa Arena"da oynanılacaq Azərbaycan - Slovakiya matçı saat 20:00-da başlayacaq.