Canni De Byazi: "Latviya ilə matçda bildiyimiz oyuna qayıdacağıq"

Canni De Byazi: "Latviya ilə matçda bildiyimiz oyuna qayıdacağıq" "Bu üzdən, ümid edirəm ki, matçdan sonra taktiki baxımdan bəhanə olmayacaq"
Futbol
28 Mart , 2022 13:33
Canni De Byazi: Latviya ilə matçda bildiyimiz oyuna qayıdacağıq
Canni De Byazi

"Sabah həmişə bildiyimiz oyuna qayıdacağıq".

"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Latviyaya qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

66 yaşlı mütəxəssis 0:1 hesabı ilə uduzduqları Malta ilə görüşdən sonra futbolçularla danışdığını söyləyib: "Sabah yaxşı oyunumuzu göstərməli, taktiki baxımdan daha çox inkişaf etməliyik. Ötən matçda taktika sarıdan problemlər oldu. Həmin oyuna görə əsəbiləşməkdən çox, narahat idim. Oyundan sonra futbolçularla söhbətim oldu. Taktiki baxımdan çətinliyimiz iki məşq keçməyimizlə əlaqədar ola bilər. Əminəm ki, komanda daha artığını edə bilər. Sabah bunu göstərməli, ilk növbədə, özümüzə inanmalıyıq".

İtaliyalı baş məşqçinin fikrincə, yaxşı oyun göstərsələr, futbolçular mövqelərində bacardıqlarını edə bilsələr, nəticə qazanmaq mümkün olacaq: "Topla rahat davransaq, bir-birimizi meydanda dəstəkləsək, hər bir rəqibə qarşı oynaya bilərik. Nəticə də belə gəlir. Futbolda mümkün olmayan bir şey yoxdur. FIFA reytinqində 67-ci pillədə olan Şimali Makedoniya İtaliyaya qalib gəldi. Bunun üçün ən əsası, özümüzə inanmalı, heç nədən qorxmamalı, fiziki və mental baxımından gücümüzü ortaya qoymalı, istəkli olmalıyıq. O zaman heç bir problem olmayacaq".

De Byazi komandasının görüşə gərgin çıxmasına da münasibət bildirib: "Artıq 30 ildir ki, böyük və kiçik komandalarda baş məşqçi kimi çalışıram. İlk dəfədir ki, belə söhbət eşidirəm. Qorxu və təzyiqlə meydana çıxmaq fərdi, hər bir oyunçuya aid məsələdir. Malta ilə oyundan sonra gəldiyim qənaət belədir ki, biz rəqibdən az qaçmamalı, daha istəkli və aqressiv olmalıyıq. Oyundan əvvəl bir futbolçumuza Malta yığmasının kapitanı Andrey Aciusun şəklini göstərdim. Dedim ki, onlar burada gəzməyəcəklər, mübarizə üçün bizi gözləyirlər. Başa saldım ki, qələbə üçün döyüşmək, sona qədər mübarizə aparmaq lazımdır. Çalışacağıq ki, Latviyaya qalib gələk. Bundan ötrü matça yaxşı hazırlaşmalıyıq".

Mütəxəssis komandanın hücum futbolu sərgiləyə bilməməsinə də toxunub: "Üç ötürmə verə bilmiriksə, burada hücum futbolundan söhbət gedə bilməz. Taktiki problemlər ola bilər. Amma texniki cəhətdən də çoxlu çatışmazlıq var idi. 10 metr məsafədən ötürməni səhv verəndə hücum futbolundan söhbət gedə bilməz. Bu baxımdan inkişaf etməliyik. Birinci hissədə 2-3 epizod oldu ki, ilk ötürmələr düzgün verilsəydi, yaxşı hücumlara keçə bilərdik. Lakin texniki səhvlər öz sözünü dedi. Sabah əvvəlki sistemə qayıdırıq. Bu üzdən, ümid edirəm ki, matçdan sonra taktiki baxımdan bəhanə olmayacaq. Sabah dinamik, gənclərdən ibarət komandaya qarşı oynayacağıq. Hamımız milli formanı geyinməkdən, Azərbaycan bayrağı üçün mübarizə aparmaqdan qürur duymalıyıq. Sözün yaxşı mənasında reaksiya göstərməliyik".

Qeyd edək ki, martın 29-da oynanılacaq Azərbaycan - Latviya görüşü Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi