Samir Abasov: "Karyeramda koronavirus davam edir" - MÜSAHİBƏ

Samir Abasov: "Karyeramda koronavirus davam edir" - MÜSAHİBƏ Zirə və Sumqayıt komandalarının sabiq baş məşqçisi Samir Abasovun Reporta müsahibəsi
Futbol
16 Mart , 2020 16:48
Samir Abasov: Karyeramda koronavirus davam edir - MÜSAHİBƏ

"Zirə" və "Sumqayıt" komandalarının sabiq baş məşqçisi Samir Abasovun "Report"a müsahibəsi

- Azərbaycan Premyer Liqasında (PFL) mövsüm dayandırılıb və oyunlar təxirə salınıb. Buna münasibətiniz necədir?

- Peşəkar Futbol Liqası və AFFA-nın qərarları ilə razıyam. Bu gün biz azarkeşlərin sayına görə sevinə bilmirik ki, stadionlar dolur. Amma ən azından oyunlara gələn, 10-15 nəfərin də sağlamlığı bizim üçün önəmli olmalıdır. Nə qədər maraqlı oyun olsa da, futbol heç bir şəxsin sağlamlığından önəmli deyil. Çempionatı dayandırmaqla və oyunları təxirə salmaqla düzgün qərar veriblər. Bu, bütün dünyada belədir. Çempionlar Liqası və Avropa Liqasının da oyunları keçirilmir. Bizdə də bunu etməli idilər. Tamamilə düzgün addımdır.

- Bu, çempionatın qalan hissəsinin baş tutmamasına gətirib çıxara bilərmi?

- Burada həm PFL, həm də federasiya baş sındıracaq. Yəni çempionatı saxlaya bilərlər. Hər atılan addım düzgün qəbul olunmalıdır. Bu gün başqa qərarlar verə, məsələn, matçları azarkeşsiz keçirə bilərdilər. Amma bunun ləzzəti, duzu olmayacaqdı. Ən azından 20, 30, 50 nəfər gəlir. Sumqayıtda 200-300 azarkeş oyunlara gedir, öz komandalarını dəstəkləyirlər. Oyunları azarkeşsiz keçirməkdənsə, təxirə salmaq daha uyğun qərardır. Azarkeşlərdən savayı, futbolçuları da düşünmək lazımdır. Onlar da ailə sahibi və ya kiminsə balasıdırlar. Klubların müxtəlif sahələrdə çalışan işçiləri də var. Onların da sağlamlığı bizim üçün çox önəmlidir.

- Koronavirus səbəbindən Azərbaycan millisinin Malta toplanışı və iki yoldaşlıq oyunu ləğv edildi. Bu, baş məşqçisi bəlli olmayan yığmaya necə təsir edəcək?

- FIFA-nın yoldaşlıq görüşləri üçün təyin etdiyi müddət var. Biz də bunu dünən və ya sırağagün etmədik. Aylar öncə təyin olunmuş matçlar idi. Hardan bilərdik ki, belə bəla gəlib çıxacaq. Oyunları təyin edəndə bilmirdik ki, baş məşqçi olacaq və ya olmayacaq. Eşitdiyimə görə, köməkçi-məşqçi komandanı Maltaya apararaq Lixtenşteyn ilə Maltaya qarşı görüşlərə çıxaracaqdı. Bir tərəfdən, təyin olunsaydı, baş məşqçi gəlib çempionat qarşılaşmalarını izləyə biləcəkdi. Amma digər tərəfdən, baş məşqçi yoxdursa, biz nəyi itirib-itirmədiyimizi fikirləşə bilmərik. Bu gün oyunları müzakirə etmək belə düzgün deyil. Əvvəlcə bütün dünya bu bəlanı adlamalıdır. Hazırda baş məşqçinin olub-olmamasını, oyunların keçirilib-keçirilməməsini dərd eləməli deyilik. Başqa məsələlər üzərində düşünməliyik. 

- Baş məşqçi postuna əsas namizədlərdən biri də Canni De Byazidir. Ola bilər ki, onun İtaliyadan gəlişi məhz koronavirusa görə baş tutmur?

- İzlədiyim qədərilə İtaliya və İspaniyada virus çox yayılıb. Bu, o demək deyil ki, bütün italiyalılar və Canni De Byazi koronavirusa yoluxub. Yoluxubsa, bu, o qədər də qorxulu deyil və panikaya səbəb olan bir şey yoxdur. Razıyam ki, koronavirus sürətlə yayılır, amma bunun müalicəsi var. İnanmıram ki, Canni De Byazinin gəlişi koronavirusa görə yubanır. Belə bir şey olsaydı, AFFA açıqlayardı ki, hansısa baş məşqçi ilə danışmışıq və bu səbəblərə görə fasilə vermişik, gözləyirik. Yəni, sərhədlər və uçuşlar bağlıdır. De Byazi çoxdan milli komandamıza namizəddir. Amma konkret bir şey yoxdur. Yəqin ki, konkretlik olmadığı üçün AFFA açıqlamır, olsaydı, açıqlayardı.

Samir Abasov
Samir Abasov

- Bəs özünüz koronavirus pandemiyası ilə bağlı hansı tədbirləri görürsünüz?

- Mən bu virusu həddindən artıq ciddiyə alıram. Demək olar ki, karantin şəraitindəyik. Karantin nədir? Evdəyəm. Məsələn, son neçə gün ərzində harasa getdiyim yadımda deyil. Dünən bir az havaya çıxmışıq. Uşaqlar üçün də məktəb yoxdur, amma həyət evində qaldığımdan, evə qayıdanda tədbir görürəm. Ciddiyə alırıq, uşaqların gigiyenası ilə bacardığımız qədər məşğul oluruq. Mağazaya gedirik, qayıdan kimi tez dezinfeksiya olunuruq, evləri də dezinfeksiya edirik. Düşünürəm ki, hamı belə etməlidir. Bu, çox ciddi problemdir, Allah eləməsin, bizdə İtaliyadakı kimi yayılmalar olsa, doğrudan da çox çətin duruma düşərik. Hamıdan xahiş edirəm, bunu ciddi qəbul edin.

- Karyeranızla bağlı nə yenilik var?

- Baş məşqçi karyeramda hələ ki, koronavirus davam edir (gülür). Sakitçilikdir və təklif yoxdur. Təklif almaq üçün hansısa yerdə harasa boşalmalıdır ki, kimlərsə namizəd olsun. Namizədləri də siz jurnalislər ortaya çıxarırsınız. Hələlik təklif yoxdur, dincəlirik. Buna dincəlmək demək olarsa. Hələ ki, evdəyik.

Son xəbərlər

Orphus sistemi