Azərbaycan millisinin baş məşqçisi: "10 nəfərlə bundan artığını edə bilməzdik"

Azərbaycan millisinin baş məşqçisi: "10 nəfərlə bundan artığını edə bilməzdik" "Jurnalist olsaydım, özümə sual verərdim ki, 70 dəqiqə 10 nəfərlə oynayandan sonra özünü necə hiss edirsən? Cavab verərdim ki, çox pis. İlk buraxdığımız qolda rəqibə məhsuldar ötyürmə verdik. 2-ci qoldan sonra balans itdi, mübarizə aparmaq çətinləşdi. Fər
Futbol
496
11 Noyabr , 2021 23:49
Azərbaycan millisinin baş məşqçisi: 10 nəfərlə bundan artığını edə bilməzdik

"Jurnalist olsaydım, özümə sual verərdim: 70 dəqiqə 10 nəfərlə oynayandan sonra özünü necə hiss edirsən? Cavab verərdim ki, çox pis. İlk buraxdığımız qolda rəqibə məhsuldar ötürmə verdik. 2-ci qoldan sonra balans itdi, mübarizə aparmaq çətinləşdi. Fərqi azaltdıqdan sonra oyuna qayıtdıq və 2 yaxşı fürsətimiz oldu. Fikirləşirəm ki, 10 nəfərlə bundan artığını edə bilməzdik".

"Report"un məlumatına görə, bunları Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Lüksemburq yığmasına 1:3 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, Toral Bayramovla Abbas Hüseynovun zədə səbəbindən heyətdə olmamaları yığmanın çıxışına təsir edib: "Hər ikisi aparıcı futbolçudur, UEFA Konfrans Liqasında qol vurmuşdular. Komandanın oyununda inkişaf görürük. Nəticə üçün bizə yalnız vaxt kömək edə bilər. Planlı şəkildə işləmək lazımdır".

65 yaşlı baş məşqçinin rəhbərliyi altında milli komanda 19 oyun keçirib. De Byazinin fikrincə, bu,  nə çox, nə də azdır: "Qrupda bizdən güclü komandalar çox idi. Hətta bu gün uduzduğumuz Lüksemburq da bizdən yaxşıdır. Milli komandaya rəhbərlik etmək asan iş deyil. Bəlkə də kimsə məşqçi biliyimə, ağlıma şübhə edə bilər. Amma mən özümdən əminəm. Bilirəm ki, burada əlimdən gələnin 100 yox, 101 faizini etmişəm. Sadəcə, müəyyən problemlər var. Uzun müddət birlikdə oynamaq imkanımız olmur".

O, oyuna azarkeş və ya jurnalist kimi baxmaqla baş məşqçi kimi baxmağın tamam fərqli olduğunu söyləyib: "Düzdür, nəticə çox vacibdir. Sabah oyuna təkrar baxıb analiz etsəniz, inkişafı görə bilərsiniz. Son oyunlarda öz meydanımızda 3 top buraxırıq. Bu, heç kim üçün xoş deyil. Amma reallıq başqa cürdür. İnkişaf nəzərə çarpır".

De Byazi deyib ki, belə bir oyundan sonra müqavilə barədə danışmağın mənası yoxdur: "Noyabrın 30-dək sözləşməm var. Federasiya agentimlə danışacaq. Mən də peşəkar kimi müqaviləmin sonunadək işimin başında olacağam".

Təcrübəli mütəxəssis Tellur Mütəllimovun qırmızı vərəqə görməsinə də toxunub: "Azlıqda qalmağımız yaxşı hal deyil. Ümumiyyətlə, hakimlikdən narazı qaldım. Rəqib xeyli qayda pozuntusuna yol versə də, referi onları cəzalandırmırdı. Mənə bir şey də maraqlıdır ki, bu gün 11 nəfərlə oynasaydıq, nəticə necə olardı? Bayram günlərini davam etdirmək istəyirdik. Təəssüf ki, alınmadı. Azlıqda qalmağımız bizə çətinlik yaratdı".

Son xəbərlər

Orphus sistemi