Budaq Nəsirov: "Qarabağ"ın "Sportinq"i böyük hesabla məğlub etməsi inandırıcı deyil" - MÜSAHİBƏ

Budaq Nəsirov: "Qarabağ"ın "Sportinq"i böyük hesabla məğlub etməsi inandırıcı deyil" - MÜSAHİBƏ "Belə rəqibə qarşı müdafiədən oynamaq lazımdır"
Futbol
134
29 Noyabr , 2018 17:30
Budaq Nəsirov: Qarabağın Sportinqi böyük hesabla məğlub etməsi inandırıcı deyil - MÜSAHİBƏ

Bakı. 29 noyabr. REPORT.AZ/ Hazırda "Zirə" klubunda icarə əsasında çıxış edən və müqavilə üzrə Portuqaliya "Sportinq"inə məxsus futbolçu Budaq Nəsirovun "Report"a müsahibəsi 

- Bu gün keçiriləcək "Qarabağ" - "Sportinq" matçından nə gözləyirsiniz?

- Çətin oyun olacaq. Tövsiyə edərdim ki, "Qarabağ" oyuna müdafiədən başlasın. İlk görüşdəki kimi, rəqibi ikinci zonada qarşılamasınlar. "Sportinq"in adından qorxmasınlar. Amma belə rəqiblə oyuna ciddi yanaşmaq lazımdır. "Sportinq"in gücü hamıya məlumdur. 

- Sizcə, "Qarabağ"da "Sportinq"in hücumlarının qarşısını ala biləcək müdafiəçilər var?

- Əlbəttə. "Qarabağ" kimi komanda bunu edə bilər. İstənilən müdafiəçi oyuna yaxşı və ya pis formada çıxa bilər. "Sportinq" kimi komandaya qarşı oynayırsansa, ən azı 0:1 hesabı ilə geridəsən. Çünki rəqib böyük komandadır. Həm müdafiəçi, həm də hücumçu bunu bilməlidir. Ona görə də oyuna tam ciddi çıxmaq lazımdır ki, problemlər tam biruzə verməsin.

- "Qarabağ"ın az da olsa, qrupdan çıxmaq şansı var. Komanda, ilk növbədə, "Sportinq"i azı 3 top fərqi ilə üstələməlidir. Çünki ilk görüşdə 0:2 hesabı ilə uduzub...

- Oyun Azərbaycanda keçirilir. Əlbəttə, hamı istəyər ki, "Qarabağ" böyük hesabla qalib gəlsin. Amma real danışsaq, hazırda bu inandırıcı görünmür. İndiki halda belə komandanı böyük hesabla məğlub etmək real deyil. Yəqin ki, mənimlə hamı razılaşar.

- Ümumiyyətlə, qələbə qazanmaq necə, mümkündür?

- Hər bir komanda kimi "Qarabağ"ın da öz taktikası var. Öz taktikaları ilə oynamalıdırlar. "Qarabağ" haqqında bir söz deyə bilmərəm.

- "Sportinq" futbolçularının əksəriyyətini bu matça gətirməyib. Aparıcı oyunçuların yoxluğu bugünkü oyuna təsir edə bilərmi?

- "Arsenal" da bəzi aparıcı futbolçularını Bakıya gətirməmişdi. Amma böyük komandada ehtiyatda qalan hər bir oyunçu istəyir ki, əsas heyətdəkinin yerini tutsun. Bu gün də onlar üçün şansdır.

- Bakıya gətirilən gənc oyunçuların hansı ilə birgə çıxış etmisiniz?

- Jovane Kabral, Migel Luiş ilə birgə oynamışam. Dioqo Souza ilə də məşq etmişəm. Bu futbolçuların 20 yaşı var. Mən orada olanda ikinci ilin sonları idi və onlar B komandasına qoşuldu. Hətta Kabral "Qarabağ"la Lissabondakı oyunda qol da vurub. Güclü oyunçudur, amma digər futbolçular da zəif deyil. İnanıram ki, gənclər də özlərini yaxşı tərəfdən göstərəcəklər.

- Portuqaliyada olarkən əsas komandaya qoşulmaq sizə təklif olundumu?

- Təklif olsaydı, yəqin ki, burada olmazdım. Sadəcə, hazırkı baş məşqçi Marsel Kayzer həmin vaxt "Sportinq"in U-19 komandasına rəhbərlik edirdi. İndi də özünün tanıdığı futbolçuları əsas komandaya gətirib. 

Son xəbərlər

Orphus sistemi