75 yaşlı Kazbek Tuayev: "Nə banket, nə də hədiyyə istəyirəm"

75 yaşlı Kazbek Tuayev: "Nə banket, nə də hədiyyə istəyirəm" "Valideynlərimin doğum günləri tarixini bilmirəm"
Futbol
13 Noyabr , 2015 10:14
75 yaşlı Kazbek Tuayev: Nə banket, nə də hədiyyə istəyirəm

Bakı. 13 noyabr. REPORT.AZ/ Bu gün AFFA İcraiyyə Komitəsinin üzvü, "Neftçi" klubunun və SSRİ yığmasının sabiq futbolçusu Kazbek Tuayevin 75 yaşı tamamlanır. "Report"un məlumatına görə, "Şöhrət" ordenli mütəxəssis yubileyi ərəfəsində "Sport-Ekspress"ə müsahibəsində ad günləri keçirmədiyini bildirib.

Hazırda Moskvada olan K.Tuayev "Bakıda mərasim təşkil etmək, Azərbaycan və Moldova yığmaları arasında noyabrın 17-də keçiriləcək yoldaşlıq görüşü ərəfəsində veteranlar arasında görüş təşkil etmək istəyirdilər. Amma fikrimcə, belə şeylərdən qaçmaq lazımdır. Nə banket, nə də hədiyyə istəyirəm. Bir əsrdir evimizdə ad günü təşkil olunmur. Nə atam, nə də anam istəmirdi. Özüm üçün utandırıcı haldır ki, valideynlərimin doğum günləri tarixini də bilmirəm. Övladlarımınkıları bilsəm də, qeyd etmirik" - deyib.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu isə "Report"a açıqlamasında veteran futbolçunun hazırda Bakıda olmaması səbəbindən yubileyinin təxirə salındığını söyləyib: "Biz Kazbek müəllimə ad günü keçirməyi nəzərdə tutmuşduq. Lakin hazırda olmadığından, tədbiri təxirə saldıq".

Qeyd edək ki, Kazbek Tuayev 13 noyabr 1940-cı ildə Bakının Ələt qəsəbəsində dünyaya gəlib. O, futbolçu kimi 1959-1960-cı illərdə Rusiyanın "Spartak" (Nalçik), 1961 - 1970 və 1971-1972-ci illərdə "Neftçi", 1970-ci ildə "Spartak" (Vladiqafqaz) komandalarında çıxış edib. Baş məşqçi qismində isə K.Tuayev 1970 və 1973 - 1977-ci illərdə "Spartak" (Vladiqafqaz), 1978 - 1982-ci illərdə "Xəzər Lənkəran", 1983-1984, 1996-1997 və 2004-cü illərdə "Neftçi", 1987 - 1990-cı illərdə "Klub Afriken" (Tunis), 1992-ci ildə "Tərəqqi", 1993-cü ildə "Azneftyağ", 1993 - 1995-ci illərdə "Turan" (Tovuz), 1995 - 1997-ci illərdə Azərbaycan millisində çalışıb. SSRİ millisinin heyətində 1964-cü ildə Avropa çempionatının gümüş mükafatçısı, "Neftçi"də isə SSRİ çempionatının bürünc mükafatçısı olub. Baş məşqçi kimi 1994-cü ildə "Turan"la, 1996, 1997 və 2004-cü illərdə "Neftçi" ilə Azərbaycan çempionu, 1996, 2004-cü illərdə ölkə kubokunun sahibi olub. 2 övladı var: Sergey Rusiyanın paytaxtı Moskvada, Aleksandr Kanadada yaşayır.

Son xəbərlər

Orphus sistemi