Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək İlk oyunların biri paytaxtda, digəri isə Qəbələdə keçiriləcək
Futbol
12 aprel 2018 02:47
Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək

Bakı. 12 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək.

"Report"un məlumatına görə, ilk oyunların biri paytaxtda, digəri isə Qəbələdə keçiriləcək. 

Günün ilk matçında "Keşlə" "Sumqayıt"ı qəbul edəcək. Azərbaycan çempionatlarında dəfələrlə qarşılaşmış komandalar ilk dəfə kubokda üz-üzə gələcəklər. "Sumqayıt" mərkəz müdafiəçiləri sarıdan sıxıntı ilə üzləşib. "Gənclər şəhəri” təmsilçisinin heyətində cəzalı Bəxtiyar Həsənalızadənin meydana çıxmayacağı dəqiqdir. Zədəli Vurğun Hüseynovun isə oynayıb-oynamayacağı bilinmir. "Keşlə”də isə zədəli müdafiəçilər - Cabir Əmirli və Murad Qayalı iştirak edə bilməyəcək. Yüngül zədəsi olan qapıçı Kamran Ağayevin durumu isə sual altındadır.

"Qəbələ" isə doğma azarkeşlər önündə "Neftçi" ilə üz-üzə gələcək. Bu komandalar indiyədək ölkə kubokunda 3 oyun keçiriblər. Hər 3 qarşılaşma eyni hesablı heç-heçə ilə başa çatıb - 1:1. Duellərin ikisinin taleyinə penaltilərdə aydınlıq gəlib. "Neftçi" 4 il öncə finalda, iki il öncə isə yarımfinalda qələbə qazanıb.

"Qəbələ” zədə səbəbindən qapıçı Dmitri Bezotosnı və mərkəz müdafiəçisi Vitali Vernidubun xidmətindən yararlana bilməyəcək. Premyer Liqanın XXII turunda "Zirə” ilə səfər matçında xəsarət alan Baqali Dabonun durumu isə böyük sual altındadır. "Neftçi”də yeganə itki kapitan Ruslan Abışovdur. Mərkəz müdafiəçisi cəzalı olduğu üçün "Qəbələ” ilə görüşü buraxacaq.

Azərbaycan Kuboku

Yarımfinal, ilk oyunlar

12 aprel (cümə axşamı)

16:00. "Keşlə” – "Sumqayıt”

Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Ömər Paşayev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Xaqani Məmmədov

Bakı, "İnter Arena”

18:00. "Qəbələ” – "Neftçi”

Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Yaşar Abbasov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ şəhər stadionu

Son xəbərlər

Orphus sistemi