​Bu gün futbol üzrə Azərbaycan çempionatında 33-cü tura start veriləcək

​Bu gün futbol üzrə Azərbaycan çempionatında 33-cü tura start veriləcək Turun bütün görüşləri eyni gündə baş tutacaq
Futbol
7 May , 2016 07:31
​Bu gün futbol üzrə Azərbaycan çempionatında 33-cü tura start veriləcək

Bakı. 7 may. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XXXIII turuna start veriləcək.

"Report"un məlumatına görə, turun bütün görüşləri eyni gündə baş tutacaq.

Tura "Zirə" - "Qəbələ" matçı ilə start veriləcək. Bu qarşılaşma hər iki komanda üçün əhəmiyyət kəsb edir. "Zirə" Avrokuboklarda iştirak edə bilməsə də, turnir cədvəlində ikinci pilləni (60 xal) qorumaq üçün xal qazanmalıdır. 50 xalla 4-cü pillədə qərarlaşan "Qəbələ" isə Avrokuboklara vəsiqəni təmin etmək üçün qələbə qazanmalıdır. Komandalar bugünədək cəmi 3 dəfə üz-üzə gəlib. Oyunların ikisində "Zirə" qələbəni bayram edibsə, qalan bir görüşdə bərabərlik qeydə alınıb.

"Xəzər Lənkəran" isə doğma azarkeşlər önündə "Kəpəz"i qəbul edəcək. Bölgə komandalarının dueli gəncəlilərin ikinci pillənin sahibi "Zirə"yə yaxınlaşmaq və hazırkı 3-cü pilləni (52 xal) qorumaq şansı verirsə, "ağ-yaşıllar" 14 xalla sonuncu pillələri bölüşdüyü "Rəvan"dan uzaqlaşa bilər. Əyalət klubları ölkə çempionatlarında 15 dəfə qarşılaşıb. Bunların 10-da "Xəzər Lənkəran", 4-də isə "Kəpəz" qalib gəlib və 1 oyunda heç heçə qeydə alınıb.

"Xəzər Lənkəran"la turnir cədvəlinin sonuncu pilləsini bölüşən "Rəvan" isə Bakının "İnter" klubu ilə üz-üzə gələcək. 50 xalla 5-ci olan "bankirlər" qarşıdakı 4 turda mükafatçılar sırasına düşmək və Avrokuboklara vəsiqə qazanaraq UEFA tərəfindən verilmiş cəzanı tamamlamağa çalışırsa, "Rəvan" yalnız sonuncu olmamaq üçün mübarizə aparacaq. Komandalar bugünədək 11 dəfə qarşılaşıb və "İnter" bütün görüşlərdə qələbə qazanıb.

Ötən tur çempionluğu təmin etmiş "Qarabağ" "Sumqayıt"ı qonaq edəcək. Digərləri ilə qarşılaşmada bu matçın komandalar üçün əhəmiyyəti azdır. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda heç nə itirmir. Həmçinin "Sumqayıt" da istənilən nəticənin qeydə alınacağı təqdirdə mövqeyi dəyişməyəcək. Komandaların qarşılaşdığı 15 oyunun 9-da "Qarabağ", 4-də "Sumqayıt" meydanı qələbə ilə tərk edib. 2 qarşılaşmada bərabərlik qeydə alınıb.

Günün sonuncu - daha bir prinsipial qarşılaşmasında "Neftçi" və AZAL komandaları münasibətlərinə aydınlıq gətirəcək. Çempionatda medallardan əli üzülmüş "ağ-qaralar" "təyyarəçilər"lə Avrokuboklar uğrunda mübarizə aparır. 6 və 7-ci pillələrdə qərarlaşan komandalardan AZAL 5 xalla rəqibini qabaqlayır. Bu, komandaların 30-cu görüşü olacaq. Əvvəlki matçların 13-də "Neftçi", 7-də isə AZAL 3 xal qazanıb. Qalan 9 görüş heç-heçə başa çatıb.

Azərbaycan Premyer Liqası, XXXII tur

15:00. "Zirə" – "Qəbələ"

Hakimlər: Rauf Cabbarov, Rza Məmmədov, Nahid Əliyev, Ziya Nəsirov

AFFA nümayəndəsi: Namiq Məstanov

Hakim-inspektor: Murad Məmmədov

Bakı. Zirə İdman Kompleksinin stadionu

16:00. "Xəzər Lənkəran" – "Kəpəz"

Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Coşqun Həsənov, Ramil Əhmədov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Əhmədağa Cabbarov

Lənkəran. "Xəzər Lənkəran" mərkəzi stadionu

17:00. "Rəvan" – "İnter"

Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Elgün Adıgözəlli, Fərid Məmmədov

AFFA nümayəndəsi: Arif Fərəcov

Hakim-inspektor: Gülağa Cabarov

Bakı. "Bayıl Arena"

19:00. "Qarabağ" – "Sumqayıt"

Hakimlər: Rövşən Rəcəbov, Vaqif Musayev, Mehman Mahmudov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Vüsal Əliyev

Bakı. "İnter Arena"

19:05. "Neftçi" – AZAL

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Kamran Bayramov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Məlik Həsənov

Bakı. "Əlincə Arena" (CBC Sport)

Son xəbərlər

Orphus sistemi