Bakı. 19 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Premyer Liqasında XXVI turun daha 2 oyunu keçiriləcək.
"Report"un məlumatına görə, oyunların biri bölgədə, digəri isə paytaxtda olacaq.
Turun mərkəzi görüşündə "Qəbələ" turnir cədvəlinin lideri "Qarabağ"la münasibətlərinə aydınlıq gətirəcək. Ardıcıl ikinci dəfə Avrokuboklarda çıxış etmək istəyən Roman Qriqorçukun yetirmələri xal itirərsə, komandanın çətin vəziyyətə düşmə ehtimalı var. Belə olan halda eyni xala sahib (41 xal) "İnter" və 2 xal fərqi ilə geridə olan "Kəpəz" daha da yüksək pillələrə qalxa bilər. "Qarabağ" isə çempionluq yolunda inamla addımlamaq üçün səfərdən 3 xalla dönmək istəyəcək. Komandalar bu günədək ölkə çempionatında 30 dəfə qarşılaşıb. Bunların onunda heç-heçə qeydə alınıb, 7 matç "Qəbələ", 13 oyun isə "Qarabağ"ın xeyrinə bitib. 31-ci görüşə çıxacaq komandaların son 3 qarşılaşmasında qalib müəyyənləşməyib. "Qarabağ" 5 matçdır qalib gələ bilmir. “Qəbələ” isə son 7 ev oyununda yalnız 1 qələbə qazanıb.
Günün sonuncu matçında "Neftçi" və "Kəpəz" komandaları üz-üzə gələcək. "Bakcell Arena"da keçiriləcək qarşılaşma qonaqlar üçün daha böyük önəm daşıyır. "Qəbələ" və "İnter" məğlub olacağı təqdirdə, Şahin Diniyevin rəhbərlik etdiyi komanda 3 xal qazanaraq turnir cədvəlinin 3-cü pilləsinə yüksəlmək imkanı qazanacaq. Cari mövsümdə istədiyi oyunu sərgiləyə bilməyən "Neftçi" isə evdə qələbə qazanarsa, 6-cı pillədə qərarlaşacaq.
Turun digər oyunları martın 20-də keçiriləcək.
Azərbaycan Premyer Liqası, XXVI tur
19 mart
15:00. "Qəbələ" – "Qarabağ"
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Knyaz Əmiraslanov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Füzuli Nəcəfov
Qəbələ şəhər stadionu
18:00. "Neftçi" – "Kəpəz"
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Coşqun Həsənov, Fariz Yusifov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Rövşən Əhmədov
"Bakcell Arena"
Qeyd edək ki, turun açılış oyununda "Sumqayıt" səfərdə "Rəvan"ı 2:1 hesabı ilə məğlub edib.