Bu gün Çempionlar Liqasında ilk yarımfinal matçı keçiriləcək

Bu gün Çempionlar Liqasında ilk yarımfinal matçı keçiriləcək "Yuventus" "Real Madrid"i qəbul edəcək
Futbol
5 May , 2015 11:27
Bu gün Çempionlar Liqasında ilk yarımfinal matçı keçiriləcək

Bakı. 5 may. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçiriləcək. "Report"un məlumatına görə, İtaliyanın "Yuventus" komandası İspaniya "Real Madrid"ini qəbul edəcək.

Hər iki klub hazırda döyüşkən formadadır. Onlar bunu öz çempionatlarındakı son oyunlarda sübuta yetiriblər. "Yuventus" "Sampdoriya"nı 1:0 hesabı ilə yenərək, 31-ci dəfə İtaliya çempionu olub. "Real Madrid" isə Kriştianu Ronaldunun "het-trik"i sayəsində İspaniya çempionatında növbəti qələbəsini qazanıb - 3:2. Beləliklə, "kral klubu" lider "Barselona" ilə xal fərqini 2-yə endirib.

Amma daxili çempionatda liderlik uğrunda mübarizə baş məşqçi Karlo Ançelottinin komandasına Çempionlar Liqasına tam köklənmək imkanı vermir. Bu isə "Real Madrid"in xeyrinə olmaya bilər. Əvəzində "skudetto"nu vaxtından əvvəl təmin etmiş "Yuventus" bütün gücünü yarımfinala qoyacaq.

Bugünkü rəqiblər ötən mövsüm də Çempionlar Liqasında üz-üzə gəliblər. Turindəki ilk matç 2:2 hesablı heç-heçə ilə nəticələndiyi halda, "Real Madrid" səfərdə 2:1 hesablı qələbə sayəsində "pley-off"a yüksəlib.

Qeyd edək ki, "Yuventus" - "Real Madrid" matçını Martin Atkinsonun rəhbərlik etdiyi ingiltərəli hakimlər briqadası idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. 

Son xəbərlər

Orphus sistemi