Bu gün Azərbaycan Premyer Liqasında XII turun son iki oyunu keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında XII turun son iki oyunu keçiriləcək Bakı. 25 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun son görüşləri keçiriləcək.
Futbol
25 Noyabr , 2018 07:30
Bu gün Azərbaycan Premyer Liqasında XII turun son iki oyunu keçiriləcək

Bakı. 25 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun son görüşləri keçiriləcək.

"Report" xəbər verir ki, ikinci oyun gününün qarşılaşmaları da paytaxtda təşkil olunacaq.

Əvvəlcə "Bayıl Arena"da "Səbail""Neftçi" komandaları üz-üzə gələcək. Hazırda "ağ-qaralar" 26 xalla lider, "ağ-mavilər" isə 20 xalla 3-cü pillədədir. İlk oyun günündə əsas rəqibləri "Qarabağ""Sabah" arasındakı görüşdə qeydə alınan 1:1 hesablı heç-heçədən sonra bugünkü rəqiblərin mövqelərini daha da yaxşılaşdırmaq imkanı yaranıb. "Səbail" qələbə qazansa, Ağdam komandası ilə xal fərqini minimuma endirəcək. Oyundan "Neftçi" qalib ayrılsa, çempionluq yolunda əsas rəqibi ilə fərqi 5-ə yüksəldəcək.

Bu komandalar indiyədək 5 dəfə üz-üzə gəliblər. Cəmi 1 dəfə "Səbail", 4 dəfə "Neftçi" qalib gəlib, heç-heçə isə hələ qeydə alınmayıb. Topların nisbətində qocaman klub xeyli öndədir - 13:2. Bu, həm ilk dövrədə, həm də ötən mövsümkü oyunlardan birində "ağ-qaralar"ın 4:0 hesablı qələbə qazanması nəticəsində baş verib. Digər tərəfdən, son 4 oyunda "Neftçi", "Səbail"in ev matçlarında isə qol vuran komanda qalib gəlib.

Turun son qarşılaşması isə "Dalğa Arena"da "Zirə" və "Sumqayıt" arasında keçiriləcək. Bu görüşdə meydan sahiblərinin baş məşqçisi Samir Abasov və onun qonaq komandadakı həmkarı Ayxan Abbasov uzun müddət rəhbərlik etdikləri kollektivlərə qarşı mübarizə aparacaqlar. Abasov avqustun 29-dan, Abbasov isə noyabrın 14-dən hazırkı vəzifələrindədir. Ötən mövsümlə müqayisədə indi hər iki komanda çətin günlərini yaşayır. "Sumqayıt" 11 xalla 6-cı, "Zirə" 6 xalla 8-ci pillədə qərarlaşıb.

Bu, Abbasovun yeni komandasında ilk rəsmi oyunu olacaq. İki kollektiv isə 14-cü dəfə üz-üzə gələcək. Əvvəlki görüşlərin 6-da "Zirə", 4-də "Sumqayıt" qələbə qazanıbsa, 3 görüşdə qalib müəyyənləşməyib. Topların nisbətində də qəsəbə təmsilçisi öndədir - 15:11. “Sumqayıt” 6 oyundur meydanı qolsuz tərk etmir. “Zirə” son 4 matçda yalnız 1 qələbə qazanıb.

Azərbaycan Premyer Liqası, XII tur

25 noyabr (bazar)

17:00. “Səbail” – “Neftçi”

Hakimlər: Rauf Cabbarov, Cəmil Quliyev, Vüqar Bayramov, Sərxan İsmayılov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Namiq Məstanov

"Bayıl Arena"

19:00. “Zirə” – “Sumqayıt”

Hakimlər: Səbuhi Bayramov, Mübariz Haşımov, Nahid Əliyev, Rəhim Həsənov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Erkin Hüseynov

“Dalğa Arena”

Qeyd edək ki, ilk oyun günündə "Qəbələ" səfərdə "Keşlə"ni məğlubiyyətə 2:1 hesabı ilə yenibsə, "Qarabağ" - "Sabah" matçında qalib müəyyənləşməyib - 1:1.

Son xəbərlər

Orphus sistemi