Bu gün ilk Avropa çempionatının 60 illiyidir

Bu gün ilk Avropa çempionatının 60 illiyidir Bu gün tarixdə futbol üzrə ilk Avropa çempionatının 60 ili tamam olur.
Futbol
6 İyul , 2020 14:15
Bu gün ilk Avropa çempionatının 60 illiyidir

Bu gün futbol üzrə tarixdə ilk Avropa çempionatının 60 ili tamam olur.

"Report"un məlumatına görə, 1960-cı il iyulun 6-da turnirin ilk oyunları keçirilib. O vaxt Avropa Kuboku adlanan yarışın final mərhələsində cəmi 4 milli komanda iştirak edib.

Fransanın Marsel şəhərində təşkil olunmuş ilk yarımfinal qarşılaşmasında SSRİ Çexoslovakiyanı 3:0 hesabı ilə məğlub edib. Komandanın heyətində Valentin İvanov dubl edib, digər qolu isə Viktor Ponedelnik vurub.

Parisdə oynanılmış digər görüşdə isə Fransa ilə Yuqoslaviya üz-üzə gəlib. 75-ci dəqiqəyədək 4:2 hesabı ilə öndə olan meydan sahibləri 4 dəqiqəyə 3 top buraxaraq yekunda uduzublar - 4:5.

3-cü yer uğrunda matçda Çexoslovakiya Fransaya 2:0 hesabı ilə qalib gəlib. Finalda isə SSRİ Yuqoslaviyadan üstün olub - 2:1. Bu nəticə ilə SSRİ yığması qitə birinciliyinin ilk qalibi kimi tarixə düşüb.

Qeyd edək ki, indiyədək azərbaycanlı futbolçulardan yalnız Anatoli Banişevski (1968 və 1972) və Aleksandr Səmədov (2016) Avropa çempionatlarının final mərhələlərində iştirak ediblər. Banişevski buna SSRİ, Səmədov isə Rusiya millisinin heyətində nail olub. Azərbaycandakı legionerlərdən isə Ansi Aqolli Albaniya millisinin üzvü kimi 2016-cı ildə Fransada təşkil olunmuş Avropa çempionatının iştirakçısı olub.

Xatırladaq ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Turnirin oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Son xəbərlər

Orphus sistemi