"Barselona" sosial şəbəkələrdə klub prezidenti Xosep Bartomeunu dəstəkləmək və bəzi futbolçuları tənqid etmək üçün hansısa şirkətə ödəniş edib.
"Report"un məlumatına görə, bu barədə yerli "Cadena Ser" nəşri məlumat yayıb. İddiaya görə, Kataloniya təmsilçisi sosial şəbəkələrdə ictimai rəy formalaşdırmaq, həmçinin X.Bartomeu və klubun idarə heyətinin üzvlərinin reputasiyasını artırmaqla məşğul olan şirkətlə əməkdaşlıq edib. Sübutlar sənədlər şəklində yayımlanıb.
"Barselona" klubu öz növbəsində İspaniya mətbu orqanlarından üzr istəmələrini və həmin xəbərləri təkzib etmələrini tələb edib. Əvəzində isə yerli KİV klubun həmin şirkətlə əməkdaşlığını təsdiq edən məlumatları 36 səhifəlik dosye şəklində ictimaiyyətə təqdim edib.
Qeyd edək ki, adı açıqlanmayan şirkətin əsas vəzifəsinin Lionel Messi, Jerar Pike və digər futbolçuları sosial şəbəkələrdə tənqid etmək olduğu bildirilib. Müqavilələrdə hücumun edilməli olduğu sosial şəbəkə hesabları qeyd olunub. Sözügedən şirkət rəhbərinin X.Bartomeunun sağ əli olduğu da ortaya çıxıb.