Branimir Subaşiç: "Ürəyim "Neftçi"nin "Qarabağ"ı udacağını deyir"

Branimir Subaşiç: "Ürəyim "Neftçi"nin "Qarabağ"ı udacağını deyir" "Düşünürəm ki, "Neftçi" ən yaxşı dövrünü mənim vaxtımda yaşayıb. "Qarabağ"la müqayisədə bu komandada daha çox çıxış etmişəm. Ona görə də ürəyim "Neftçi"nin qalib gələcəyini deyir"
Futbol
1011
27 Oktyabr , 2021 16:25
Branimir Subaşiç: Ürəyim Neftçinin Qarabağı udacağını deyir
Branimir Subaşiç

"Düşünürəm ki, "Neftçi" ən yaxşı dövrünü mənim vaxtımda yaşayıb. "Qarabağ"la müqayisədə bu komandada daha çox çıxış etmişəm. Ona görə də ürəyim "Neftçi"nin qalib gələcəyini deyir".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiç Premyer Liqanın IX turunda baş tutacaq "Qarabağ" - "Neftçi" matçı barədə danışarkən deyib.

Vaxtilə hər iki klubun formasını geyinmiş serbiyalı veteran hücumçu "ağ-qaralar"a azarkeşlik edəcəyini gizlətməyib: "Neftçi"nin qələbəsini daha çox arzulayıram. Çünki bu klubun qəlbimdəki yeri başqadır, mənim üçün tam fərqli məna ifadə edir".

Subaşiçin sözlərinə görə, derbilərdə favorit olmur: "İki güclü komanda oynayırsa, proqnoz vermək çox çətindir. Məsələn, bizdə "Srvena Zvezda" - "Partizan", İngiltərədə "Liverpul" - "Mançester Yunayted", İspaniyada "Barselona" - "Real Madrid" matçlarında kimin qalib gələcəyini və hesabın necə olacağını əvvəlcədən demək mümkün deyil".

"Qarabağ"ın cari mövsüm çox güclü olduğunu etiraf edən keçmiş forvard bunun "Neftçi"yə problem yarada biləcəyini istisna etməyib: "Düzdür, Ağdam təmsilçisi əla formadadır. Amma qorxulu heç nə yoxdur. Bakı klubu bunun da öhdəsindən gələcək. Kimin bir addım öndə olduğunu demək isə mənim üçün çox çətindir. Hər şey meydanda bilinəcək".

Subaşiç "Neftçi"nin cari mövsümdəki çempionluq şanslarını da dəyərləndirib: "Bilirsiniz ki, Serbiyada öz biznesim var. Ona görə keçmiş komandalarımın oyunlarını imkan tapdıqca izləyirəm. "Neftçi"dəki insanlarla sıx əlaqəm olmasa da, demək olar ki, hamısını tanıyıram. O ki qaldı çempionluq məsələsinə, ötən mövsüm bunu bacarıblarsa, yenə edə bilərlər".

Oktyabrın 30-da keçiriləcək "Qarabağ" - "Neftçi" görüşü saat 18:30-da başlayacaq.

Qeyd edək ki, 2007 - 2013-cü illərdə Azərbaycan millisində çıxış etmiş Branimir Subaşiç yığmada keçirdiyi 39 oyunda 7 qol vurub. O, "Neftçi", "Qəbələ", "Xəzər Lənkəran" və "Qarabağ" komandalarının da şərəfini qoruyub.

Son xəbərlər

Orphus sistemi