Frits Ştuxlik: "Hakimi səhvinə görə cəzalandırmaq axmaqlıqdır" - MÜSAHİBƏ

Frits Ştuxlik: "Hakimi səhvinə görə cəzalandırmaq axmaqlıqdır" - MÜSAHİBƏ AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Ştuxlikin “Report”a müsahibəsi
Futbol
244
4 Mart , 2020 16:50
Frits Ştuxlik: Hakimi səhvinə görə cəzalandırmaq axmaqlıqdır - MÜSAHİBƏ
Frits Ştuxlik / Report / Sultana Ahmadbayli

AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Ştuxlikin “Report”a müsahibəsi

- Azərbaycanda hakimlərin qış təlim-məşq toplanışı adətən ölkə xaricində təşkil olunurdu. Bu dəfə isə toplanış ölkə daxilində baş tutdu. Bu amil referilərin hazırlıq səviyyəsinə necə təsir etdi?

- Bilirsiniz, birincisi, Azərbaycan çempionatında qış fasiləsi cəmi 6 həftə davam edir. Referilər bu müddət ərzində oyunlar idarə etməsələr də, heç vaxt hakimliyi unuda bilməzlər. Üzgüçülərdən misal gətirə bilərəm. İstənilən üzgüçü 6-7 həftədən sonra da suya girsə, üzə bilər. Hətta 2 il keçsə belə, onlar öz vərdişlərini unutmazlar. İkincisi, biz ölkə daxilində keçdiyimiz toplanış çərçivəsində onlara hər gün mimimum bir yoxlama oyunu idarə etmək imkanı yaratdıq. Düşünürəm ki, bu, kifayət edir. İnanın, Almaniya, Avstriya kimi ölkələrdə hakimlər qış fasiləsi zamanı oyun idarə etmirlər. Daha çox nəzəriyyə və praktiki çalışmalara vaxt ayrılır.

- Bir neçə gün öncə Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) ən intizamsız çempionatların siyahısını açıqladı. Azərbaycan Premyer Liqası bu göstərici üzrə dünyada 12-ci, Avropada isə 3-cü sırada yer alır. Bu isə o deməkdir ki, yerli hakimlər çempionat oyunlarında sarı və qırmızı vərəqələrdən tez-tez istifadə edirlər. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı...

- Açığı, mənim bu statistitika haqqında məlumatım yoxdur. Bunun doğru və ya yalan olduğunu deyə bilmərəm. Ona görə də indiki məqamda sözlərinizə inanmalıyam. Amma gəlin, razılaşaq ki, məsələn, Türkiyə çempionatının oyunlarında sarı və qırmızı vərəqələrin sayı daha çox olur. İspaniya futbolunda da eyni vəziyyətdir. Hər bir ölkənin öz futbolçu mentaliteti var. Hakimlər oyunun çox hissəsində futbolçuları cəzalandırır. Bu isə o deməkdir ki, hakim hərəkət edirsə, referi buna reaksiya verməlidir. Əgər cəza vermək lazımdırsa, hakim bunu etməlidir. Müxtəlif vaxtlarda Premyer Liqa komandalarının oyunçuları ilə görüşürəm. Əvvəlki illərlə müqayisədə onlar indi hakimləri daha yaxşı başa düşürlər. Oyun vaxtı ab-hava, münasibət də müsbətə doğru xeyli dəyişib. Ola bilər, intizamsızlığa görə vərəqələrin sayı çoxdur. Amma bayaq da qeyd etdiyim kimi, futbolçularla hakimlər arasında münasibət indi çox yaxşıdır.

- Hakimlər və Hakim-İnspektorlar Komitəsinə sədr təyin olunduqdan sonra daha çox gənc hakimlərə şans verirsiniz. İctimaiyyətdə belə bir fikir formalaşıb ki, Əliyar Ağayev, Rəhim Həsənov kimi hakimləri sıxışdırırsınız. Bu cür fikirlərə münasibətiniz necədir?

- Azərbaycana gələndə qarşıma qoyulan əsas hədəflərdən biri növbəti beşilliklərdə ölkədə və beynəlxalq arenada idarəçilik edə biləcək gənc nəsil yetişdirmək və onları inkişaf etdirmək idi. Aydın məsələdir ki, bunun üçün mən gənclərin potensialını analiz etməliyəm. Çünki Əliyar Ağayev və Rəhim Həsənov kimi referilər karyeralarını başa vurduqdan sonra onların yerlərinə kimlərsə gəlməlidir. Bu sistem UEFA-ya üzv olan hər bir ölkəyə aiddir. Burada 2 qrup var: elit və ümidverici hakimlər qrupu. İkinci kateqoriyaya aid olan referilərin inkişafı üçün onlara təyinat vermək lazımdır ki, təcrübə qazansınlar.

- Artıq 2 ilə yaxındır Azərbaycandasınız. Bu müddət ərzində hansı uğurlara nail olmusunuz?

- Biz burada stabillik, sağlam rəqabət mühiti yaratdıq, oyun qaydalarını daha yaxşı başa düşmək üçün yeni təlim-məşq toplanışları, hakimlər, laynsmanlarla həftəlik görüşlər təşkil etdik. Bundan başqa, FIFA hakimlərinin siyahısında bəzi dəyişikliklər etdik. Kimlər daha hazır idisə, onların adlarını FİFA-ya təqdim etdik.

- Sizin komitəyə sədr təyin olunmağınıza qədər FİFA dərəcəli hakimlər daha çox təyinat alırdılar. Sizdən sonra isə referilərin idarə etdikləri avrokubok oyunlarının sayı artmayıb. Bu, nə ilə bağlıdır?

- Ümumi rəqəmlərdən danışırıqsa, burada təkcə futbol yox, futzal, çimərlik futbolunda olan FİFA referilərini də yaddan çıxarmamalıyıq. Faktdır ki, mənim təyinatımdan sonra Əliyar Ağayev iki dəfə Misir, bir neçə dəfə Yunanıstan çempionatının oyunlarını idarə edib. Həmçinin, Fransada keçirilmiş beynəlxalq turnirə təyinat alıb. Bu baxımdan beynəlxalq arenada idarə olunan oyun sayının azaldığını düşünmürəm. Əksinə, mənim gəlişimdən sonra FİFA hakimlərinin daha çox təyinat aldığını hesab edirəm. Əvvəllər heç vaxt təyinat almadıqları turnirlərdə iştirak ediblər. Məsələn, Elçin Məsiyev, Elşad Abdullayev və Qəzənfər Məmmədov UEFA tərəfindən hakimlər üçün təşkil olunmuş “Core Development” kurslarını uğurla başa vurduqdan sonra ötən yay ABŞ-ın Florida ştatında 15 yaşadək futbolçular arasında keçirilmiş CONCACAF turnirinin oyunlarını idarə ediblər.

- Bu mövsüm Əliyar Ağayevin Çempionlar Liqasının qrup mərhələsinə təyinat alacağı gözlənilsə də, bu, baş vermədi. Niyə Ağayevi qitənin bir nömrəli klub turnirində görə bilmədik?

- Səbəbi çox sadədir. Əvvəlcə onu deyim ki, bu, nə bizim, nə də Azərbaycanın qərarıdır. Təyinatı UEFA verir. UEFA Hakimlər Komitəsi 17 yaşlıların turnirindən tutmuş Çempionlar Liqasına kimi bütün oyunları diqqətlə izləyir və onlar üçün maraqlı olan hakimləri özlərində qeyd edib nəzarətdə saxlayırlar. UEFA-ya üzv 55 ölkə var, bu qurumda beynəlxaq dərəcəli hakimlərin sayı 2005 nəfərdir. Onlardan cəmi 26-27 nəfəri elit-kateqoriyaya daxildir. Təsəvvür edin ki, ora düşmək nə qədər çətindir. Sən o qədər yaxşı olmalısan ki, dərhal elit-kateqoriyaya düşəsən. Bu, ən yaxşı variantdır. Ya da gözləməlisən ki, kimsə elit-qrupdan çıxsın, sən də rəqabətdə digərlərinə qalib gəlib, ora düşəsən. Bu, Əliyara da aiddir. Məsələ təkcə potensiallı olmaqdan ibarət deyil. Bütün oyunlarda yaxşı idarəçilik etməlisən ki, elit-kateqoriyaya düşəsən.

- Keçmiş FİFA referi köməkçisi Rza Məmmədov 2018-ci ildə İngiltərədə 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinə təyinat almışdı. Sizin komitəyə sədr təyin olunmağınızdan sonra Məmmədovun adı FİFA referilərinin siyahısından çıxarıldı. Niyə ona etimad göstərilmədi?

- Bu sualın cavabı da çox sadədir. Rzanın 2 əsas problemi var. Birincisi, ingilis dili biliyidir. Bu, UEFA-nın ən əsas tələblərindən biridir. İkincisi, fiziki göstəriciləri çox aşağıdır. Bir neçə dəfə fitnes-testdən kəsilib. Bunlar nələrisə dəyişmək üçün yetərli səbəblərdir.

- Azərbaycan Premyer Liqasında XIX turun “Qarabağ” – “Sabah” oyununun baş hakimi Elçin Məsiyev kobud səhvlə yadda qaldı. Referi Ağdam klubunun matçın sonlarında vurduğu təmiz qolu qeydə almadı. Buna görə Məsiyevə hər hansı cəza verildimi?

- Təəssüf ki, Məsiyev həmin epizodda topa qapıçının toxunduğunu görmədi. Səhvlərdən biri bu, digəri isə yan xətt hakiminin ofsayd qərarı idi. Həmin epizodda Məsiyevin bütün fikri cərimə meydançasındakı oyunçularda idi. Çünki onlar bir-birilərini itələyir, mübarizə aparırdılar. Belədə referi əsas məqamı diqqətdən qaçırdı. Təəssüf ki, baş hakim həmin oyunda haqlı penaltini də təyin etmədi. Orada futbolçuya qarşı qayda pozulmuşdu. Amma səhvlər də oyunun bir parçasıdır. Burada qeyri-adi bir şey yoxdur. Hər ölkədə, hər çempionatda belə səhvlər olur. Təbii ki, Elçin Məsiyevin idarəçiliyindən razı qalmadım. Lakin nəzərə almalıyıq ki, böyük turnirlərdə kifayət qədər tanınmış hakimlər də səhv edirlər.

- Məsiyev bu səhvlərinə görə cəzalandırılıb və ya cəzalandırılacaqmı?

- Maraqlı sualdır. Tez-tez “cəza”, “cəzalandırmaq” suallarını eşidirəm. Müasir hakimlikdə artıq bu anlayış yoxdur. Hakimi səhv etdiyinə görə cəzalandırmırıq. Bu, axmaqlıq olar. Hamı səhv edə bilər. Bununla bağlı hazırkı vəziyyət belədir: səhv edən hakimə dərhal təyinat vermirik. Bu isə cəza deyil. Həmçinin, onu diqqətdən kənarda da saxlamırıq. Bu, onları qorumağın, müdafiə etməyin bir yoludur. Səhv edəni cəzalandırıb dərslərə, imtahanlara buraxmasaq, uzun müddət təyinat verməsək, o, heç vaxt yaxşı hakim olmayacaq. Çünki hər bir hakimə təcrübə lazımdır.

- Rəhim Həsənov bir müddət öncə mətbuata açıqlamasında demişdi ki, sizinlə münasibətləri qaydasında deyil. Aranızda hər hansı problem var?

- Bu sözləri Rəhim Həsənov deyibsə, özü də cavab verməlidir. Çünki onun mənimlə münasibətləri yaxşı deyil. Ona görə də özü izah etməlidir. Nəyi nəzərdə tutduğunu bilmirəm. Qeyri-dəqiq detal barədə danışmaq çox çətindir.

- Sizə qədər Azərbaycanın FİFA dərəcəli qadın hakimlərinin sayı 6 nəfər idi. Sizdən sonra isə siyahıda cəmi 2 nəfər – Yuliya Qurbanova və Gülnurə Əkbərzadə qalıb. FİFA referilərinin sayının azalması nə ilə bağlıdır?

- FİFA qaydalarında qeyd olunub ki, beynəlxalq dərəcəli hakimlərin namizədliyi verilməzdən öncə onlar fitnes-testdən keçməlidirlər. Bundan keçə bilməyənlər FİFA hakimliyinə namizəd ola bilməzlər. Təəssüf ki, bu səbəbdən Səbayel Kuzutürkü itirdik. FİFA dərəcəli qadın referilərdən biri ingilis dili biliyinə görə siyahıdan kənarda qaldı. Bu, mənim səhvim deyildi. Sözügedən məsələyə görə onun adını siyahıdan çıxardım. 1 il ərzində ingilis dilini öyrənməli idi. Daha bir fitnes-testdən keçə bilmədi. Nəticədə FİFA hakimlərinin siyahısında cəmi 2 qadın hakim qaldı. Amma mən növbəti mövsüm üçün 21 qadın hakimin namizədliyini irəli sürmüşəm. Onlar fiziki durumlarını yaxşılaşdırmaq üçün həftədə 3 dəfə Bakı Olimpiya Stadionunda məşq keçirlər. Gələcəklə bağlı nikbinəm. İnanıram ki, yenidən FİFA dərəcəli qadın hakimlərin sayı artacaq. Mən heç bir FİFA qaydasını pozmuram. Kriteriyalara uyğun gələn hakimlərin namizədliyini verirəm.

- Növbəti ildə Azərbaycanın FİFA referilərinin sayında artım gözlənilirmi?

- Normalda UEFA FİFA hakimlərinin sayını artırmağa imkan vermir. Hər ölkəyə müəyyən sayda yer ayrılır. Amma bəzi hallarda, məsələn, oyun sayı olanda istisna hallar mövcuddur. Digər ölkələrlə müqayisədə, Azərbaycanın 3 FİFA referisinin olması normal göstəricidir. Almaniyada 79 min nəfər peşəkar futbol hakimi var. Onların cəmi 10 nəfəri beynəlxalq dərəcəlidir. Müqayisə aparsanız, bu suala özünüz də cavab verə bilərsiniz.

- FİFA referilərini çox vaxt I Divizion, gənc hakimləri isə Premyer Liqa matçlarına göndərirsiniz. Bu isə vacib oyunlarda kobud səhvlərlə nəticələnir...

- Əvvəlcə gənc hakimlərin hansı səhvlərə yol verdiklərinə baxmaq lazımdır. Ümumiyyətlə, bu cür səhvlər gözlənilən idi. Çünki ilk dəfə bu səviyyədə hakimlik edirlər. Məsələn, “Real Madrid” klubuna yenicə cəlb olunmuş hansısa futbolçunun mövsüm ərzində stabil oyun göstərməsi mümkün deyil. Gənc hakimin böyük oyunları idarə edəndə səhvə yol verməsi normaldır. Bu, oyunun bir hissəsidir. Onlara şans verməsək, heç vaxt təcrübələri artmayacaq. Yeni nəsi yetişirir. Kimlər hazırdırsa, onlar da oyunları idarə edirlər. O ki qaldı FİFA referilərinin I Diviziona göndərilməsinə, səbəb çox sadədədir. Həftə ərzində Premyer Liqada cəmi 4 oyun olur. Belədə hakimlərin yarıdan çoxu kənarda qalır. Hakim sayı az olsaydı, hər tur eyni referilər eyni komandaların matçlarına təyinat almalı idilər. Bu isə böyük problemə gətirib çıxarardı. Gənc hakimlərə şans vermək, təcrübəlilərin isə formada qalmaları üçün bu addımı atırıq. Sizcə, Əliyar Ağayevin təyinat almaması ona daha çox oyun təcrübə qazandırar, yoxsa I Diviziondakı matçları idarə etməsi?

Son xəbərlər

Orphus sistemi