Bakı. 25 fevral. REPORT.AZ/ Futbol üzrə Türkiyə Super Liqasının XXIII turunun mərkəzi görüşü "Beşiktaş" və "Fənərbağça" arasında keçirilib.
"Report"un məlumatına görə, İstanbuldakı "Wodafone Park"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.
Hesabı 8-ci dəqiqədə qonaq komandadan Fernandao açıb. Bu epizodda ofsayd etirazları olsa da, baş hakim Cüneyt Çakırın qərarı dəyişməyib. "Qartallar" hesabı fasilədən sonra öz xeyirlərinə dəyişməyə müvəffəq olublar. 49-cu dəqiqədə Domaqoy Vida, 77-ci və 90+4-cü dəqiqədə Rikardu Kuarejma fərqlənib.
Beləliklə, "Beşiktaş" "Fənərbağça"nın 15 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub və 44 xalla 3-cü pilləyə yüksəlib.
Qeyd edək ki, turnir cədvəlinə 23 oyundan 47 xalla "Qalatasaray" başçılıq edir. 2-ci yerdə ehtiyatda bir oyunu olan və 46 xala malik "Başakşehir" qərarlaşıb.