Belfastın işğalı: İkiyə ayrılmış ölkədə çətin görüş - REPORTAJ

Belfastın işğalı: İkiyə ayrılmış ölkədə çətin görüş - REPORTAJ “Report”un əməkdaşı Belfast şəhərindən yazır
Futbol
11 Noyabr , 2016 17:00
Belfastın işğalı: İkiyə ayrılmış ölkədə çətin görüş - REPORTAJ

“Report”un əməkdaşı Belfast şəhərindən yazır

Şimali İrlandiya, Belfast. 11 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan milli komandası ilin son sınağına çıxacaq. İki milyonluq əhaliyə və Azərbaycanın işğal olunmuş torpaqlarından da az əraziyə malik Şimali İrlandiyanın yığmasına qarşı vacib oyun olacaq. Yığma ilə birgə Belfasta yollanan 8 jurnalist olaraq komandamızın bəlkə də ən məsul imtahanından üzüağ çıxacağına inam hissinə sarılıb, şəhərin dumanlı səmasına hamımızın qələbə sədalarının yüksələcəyi anları səbirsizliklə gözləyirik.

Dörd gündür buradayıq. Noyabrın 8-də AZAL-ın ayırdığı "Boeing-787 Dreamliner" təyyarəsi ilə yola çıxdıq. Bu təyyarə komandamızı Çexiyaya Bakı üzərində bir neçə dövrə vurduqdan sonra aparan, sərnişinlərini o dünyaya aparıb-gətirən "hava gəmisi"ndən deyildi. Təyyarənin içərisi genişliyinə görə gəmini xatırladırdı. Futbolçular üçün belə rahat nəqliyyat vasitəsi bəlkə də heç vaxt olmamışdı. Ekipaj üzvlərinin dediklərinə görə, indiyədək bu təyyarə ABŞ-a və sərnişinlərinin sayı çox olduqda İstanbul və Dubaya uçub.

Futbolçuların Heydər Əliyev Beynəlxalq Hava Limanı qarşısında avtobusdan düşüb təyyarəyə minənədək hər yerdə qarşılarında yaşıl işıq idi. İçəri daxil olduqda artıq sənədləri qeydiyyatdan keçirilmişdi. Sənədlərini götürüb yola düzələndə onlarla söhbətləşmək imkanımız yarandı. Çox nikbin idilər, əhval-ruhiyyələri də yüksək səviyyədə! Əvvəllər gördüyümüz inamsız, candərdi səfərə çıxan komandaya bənzəmirdilər. Amma xarici klublardan çağırılan futbolçular sanki ümumi ansambldan geri qalırdılar. Eddi İsrafilov, Dmitri Nazarov, Emin Mahmudov, Ramil Şeydayev və Pavel Paşayev jurnalislərlə ünsiyyətdən boyun qaçırırdılar. Səbəbini də izah etmirdilər. Sadəcə, "danışmaq istəmirik" deyə kifayətlənirdilər. Dəniz Yılmaz isə Belfasta birbaşa gələcəkdi. Legionerlərdən yalnız Kamran Ağayev çox səmimi, gülərüz, şən əhval-ruhiyyədə idi. O, təyyarədə yenə zarafatından qalmırdı. Təyyarə havaya qalxdıqdan bir saat sonra mikrofonu əlinə alaraq uçuşun gedişi barədə ətraflı məlumat verdi və sonda "Hamıdan öz yerlərində əyləşmələrini xahiş etdi. Bircə Arif Mirzəbəyovdan başqa. Çünki onun boyu o qədər balacadır ki, oturmasına ehtiyac yoxdur" deməsi salondakıların gülüşünə səbəb oldu. Bu sözlərinədək bəlkə də heç kim danışanın elə Kamran olduğuna inanmırdı...

7 saatlıq uçuşu yola vermək elə də asan deyildi. Nə qədər deyib-gülsən də vaxt getmirdi. Çıxış yolu futbolçulara yaxınlaşıb uzun-uzadı söhbətlər etmək idi. Bu baxımdan elə Kamran Ağayevin özünün bizimlə söhbəti, hətta yeməyi də jurnalistlərlə birgə yeməsi diqətçəkən idi. Digər tərəfdən, Rəşad Sadıqovla müsahibə də uzun yolu qısaltmaqda böyük kömək oldu. Söhbət zamanı baba yurdu Kəlbəcərin işğalı zamanı öz ailəsinin yaşadığı çətinliklər, futbolçu karyerasının enişli-yoxuşlu illəri, ünvanına vaxtilə səsləndirilmiş müxtəlif ittihamlardan da danışdıq.

Belfastda bizi yağışlı hava qarşıladı. Leysana görə özümüzü mikroavtobusa çətinliklə çatdırdıq. Belə hava şəraiti əhval-ruhiyyəmizi xeyli pozmuşdu. Üstəlik də yol yorğunluğu...

Amma ertəsi gündən etibarən hava elə açıldı ki, sanki haradan gəldiyimizi nəzərə almışdı. Həm şəhəri gəzmək, həm də insanlarla ünsiyyət imkanlarımız oldu. Açığı, Belfastda futbol ab-havası hiss olunmurdu. Paytaxtın "Torqovı"sı adlandırılan Qələbə meydanında xeyli idman geyimləri mağazası gözə dəysə də, küçələrdə oyunla bağlı heç bir afişaya rast gəlmədik. Elə insanlardan da oyun barədə danışmağa həvəsli görünənlər çox az idi. İş günü olduğundan insanlar harasa tələsir, söhbətdən gülər üzlə yayınırdılar. Qaldığımız oteldən tutmuş şəhər küçələri və iaşə obyektlərində Donald Trampın ABŞ prezidenti seçilməsi qızğın müzakirə obyektinə çevrilmişdi.

Hə, bir də yaxalarında lalə gəzdirən sakinlərin sayı gündən-günə çoxalırdı. Bunu nəinki küçələrdə, hətta oyunun keçiriləcəyi "Windsor Park" stadionunda olarkən də gördük. Bu lalə I Dünya müharibəsində həlak olan əsgərlərin xatirəsini yad etmək üçün imiş. Hətta İngiltərə, Uels və Şotlandiya ilə yanaşı, Şimali İrlandiya yığmaları da oyuna laləli futbolkada çıxmaq istəyiblər. Amma FİFA onlara icazə verməyib. Əvəzində bugünkü matç məhz bu tarixi hadisənin ildönümü ilə əlaqədar birdəqiqəlik sükutla başlayacaq.

Belfast da Avropanın bir çox şəhərləri kimi çay kənarında yerləşir. Mənbəyini Sliv Krub dağından götürən və sonda İrlandiya dənizinə tökülən Laqan çayı şəhərin böyük hissəsini iki yerə ayırır. Şəhərin kənarında isə dağlıq ərazilər görmək mümkündür. Təsadüfi deyil ki, Şimali İrlandiyanın məhz dağlıq təbiəti heyvandarlığın da inkişafına imkan verir və ölkənin simvollarından biri ağ qoyundur. Daha bir maraqlı məqam ondadır ki, məşhur "Titanik" gəmisi 1912-ci ildə məhz Belfastda hazırlanaraq suya buraxılıb. Burada 2012-ci il aprelin 1-də "Titanik-Belfast" muzeyi açılıb.

Şəhər öz yerində, bir qədər də oyunun keçiriləcəyi stadiondan danışaq. "Windsor Park" qaldığımız oteldən elə də aralıda deyil. Arena 1905-ci ildə salınsa da, 20 il öncə əsaslı təmir olunub və oturacaqlarının sayı 25 minə çatdırılıb. Stadion əslində "Linfild" klubuna məxsusdur. Şimali İrlandiya milli komandası arenadan icarə əsasında yararlanır. Hətta belə danışırlar ki, Şimali İrlandiya Futbol Federasiyası "Windsor Park"a sahib çıxmaq üçün "Linfild"ə istənilən məbləği ödəməyə hazırdır. Amma klub stadionunu satmaqdan imtina edir.

Həm rəqib komandanın, həm də öz millimizin baş məşqçilərinin mətbuat konfransından sonra stadionla tanışlıq imkanımız oldu. Arenanın ot örtüyü aramsız yağışlar üzündən bir qədər korlanmışdı. Amma qazonun durumu payız ayları üçün münasib vəziyyətdə idi. Meydanla bağlı daha bir maraqlı məqam ondadır ki, yan xətlərindən kənara çıxışda maililik müşahidə olunur. Yəni oyun zamanı kimsə yan xətt yaxınlığında yıxılsa, kənara yumurlanıb düşəcək. Komandamızın mətbuat üçün ilk 15 dəqiqəsi açıq olan məşqində Avropada təhsil alan iki azərbaycanlı azarkeş də tribunada idi. Bunlardan biri Şamil Mustafayev idi. Mustafayev "Milli dəstə" fanklubunun üzvüdür, klublarımızın və yığmamızın əvvəlki oyunlarında da öz qrupu ilə birgə tribunalarda əlindən gələn dəstəyi verib. Digəri isə "Qarabağ" klubunun formasında idi. Məşq zamanı onların səsləndirdikləri şüarlar, oxuduqları mahnılar hamını ruhlandırırdı.

İndi bizi oyundan saatlar ayırır. Yazının əvvəlində Şimali İrlandiyanın ərazisini işğal olunmuş torpaqlarımızla əbəs yerə müqayisə etmədim. Bütün müqayisələr qüsurlu olsa da deməliyəm. Bura İrlandiya adasından qoparılaraq Birləşmiş Krallığa ilhaq edilmiş ərazidir. Adanın həm şimalında, həm də cənubunda yaşayanlar irlandlardır. Bizim də torpaqlarımız işğaldadır. Şimali İrlandiya dedikdə erməni işğalı altındakı torpaqlarımız yada düşür. Ona görə də bu zəfər bizim üçün az qala Lələtəpə, Talış yüksəkliklərinin azad olunması qədər sevindirici hadisəyə çevriləcək.

Bu gecənin zəfər gecəsi olması ümidi ilə...

Elşən Məmmədov

Son xəbərlər

Orphus sistemi