Bakı. 20 iyul. REPORT.AZ/ Azərbaycanın daha bir klubu Avropa Liqasında mübarizəni dayandırıb.
"Report"un məlumatına görə, bu, Bakı "İnter"idir.
Zaur Svanadzenin baş məşqçisi olduğu kollektivi Lüksemburqun "Fola Eş" komandası iki oyunun yekununda üstələyib. Səfər matçında "İnter" 1:4 hesabı ilə uduzub. Komandanın yeganə qolunu 70-ci dəqiqədə Pərdis Fərcad-Azad vurub. Bunadək meydan sahibləri 3 dəfə fərqləndiklərindən, qonaqlara daha bir qol vurmaq lazım gəlib. Lakin bunu gerçəkləşdirmək mümkün olmayıb. Əvəzində meydan sahibləri 4-cü qolu vuraraq, böyükhesablı qələbəyə nail olublar.
"İnter" ilk görüşdə 1:0 hesabı ilə qalib gəlsə də, cavab oyununda 3 top fərqi ilə yenildiyi üçün Avroliqa ilə vidalaşıb.
Daha əvvəl "Zirə" də Rumıniya "Astra"sına iki oyunun cəmində uduzaraq (1:3, 0:0), mübarizəni dayandırıb.
Avropa Liqası,
II təsnifat mərhələsi, cavab oyunu
21:30. "Fola Eş" (Lüksemburq) - "İnter" (Bakı, Azərbaycan) - 4:1
Qollar: Samir Haci, 21. Enis Saiti, 32. Tom Laterza, 59. Sedrik Sakras, 90+4 - Pərdis Fərcad-Azad, 70
Baş hakim: Donatas Rumsas
Yan xətt hakimləri: Aleksandr Radius, Vladimir Gerasimov
Dördüncü hakim: Robertas Smitas (hamısı Litva)
UEFA nümayəndəsi: Alvaro Albino (Portuqaliya)
Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)
Eş sür-alzett, "Emil Mayriş" stadionu
İlk oyun - 0:1