Bakıda İspaniyanın Antiguoko Futbol Akademiyasının filialının açılışı olub

Bakıda İspaniyanın Antiguoko Futbol Akademiyasının filialının açılışı olub Bakıda İspaniyanın Antiguoko Futbol Akademiyasının filialının açılış mərasimi keçirilib.
Futbol
24 May , 2022 19:54
Bakıda İspaniyanın Antiguoko Futbol Akademiyasının filialının açılışı olub

Bakıda İspaniyanın Antiguoko Futbol Akademiyasının filialının açılış mərasimi keçirilib.

"Report"un məlumatına görə, tədbirdə akademiyanın prezidenti Edorto Salegi, İspaniyanın "Barselona" klubunun sabiq vitse-prezidenti Emili Rouso Pares, Azərbaycan-İspaniya Ticarət Assosiasiyasının prezidenti Fərid Mustafayev, Milli Məclisin deputatı Tahir Kərimli, əməkdar məşqçi, UEFA-nın A lisenziyalı mütəxəssisi Zamin Əsədullayev, futbol ictimaiyyətinin nümayəndələri, azyaşlı futbolçular və digər qonaqlar iştirak ediblər.

Akademiyanın Azərbaycan filialında məşqlərə Əsədullayev rəhbərlik edəcək. O, bildirib ki, akademiyanın açılmasında əsas məqsəd burada yetişəcək istedadlı futbolçuların gələcəkdə İspaniya La Liqasında iştirak etməsidir.

Daha sonra çıxış edən E.Salegi əvvəlcə akademiya barədə məlumat verib. O, Azərbaycanı seçmələrinin səbəbini də açıqlayıb: "Layihənin bünövrəsini qoyanda futbolun inkişaf edəcəyinə inanırdıq. Zamanla istedadlı futbolçuları İspaniyadakı akademiyamıza aparacağıq. İşə həvəslə və ciddi yanaşsaq, uğur qazanacağıq".

2019-cu ilədək "Barselona"nın vitse-prezidenti vəzifəsində çalışan Emili Rouso Pares isə deyib ki, burada belə bir akademiyanın açılması Azərbaycan üçün böyük xoşbəxtlikdir.

Daha sonra F.Mustafayev çıxış üçün kürsüyə dəvət olunub. İş adamı bildirib ki, bu ideya Azərbaycan futbolunu inkişaf etdirməyin yollarını müzakirə edərkən ortaya çıxıb: "Bu, tamam fərqli yanaşmadır. Ümid edirəm ki, müsbət nəticələrini görə biləcəyik. Əsas odur ki, davamlı olsun".

Tahir Kərimli isə öz çıxışında layihənin uğurlu olacağına inandığını söyləyib: "Biz ispanlarla oxşar millətik. İnanıram ki, bu akademiyanın filialının Bakıda açılması ölkə futbolunun inkişafına töhfə verəcək. Bu gün ispan futboluna bütün dünya pərəstiş edir".

Tədbirin sonunda üzərində Antiguoko Futbol Akademiyasının loqosu olan tort kəsilib.

Qeyd edək ki, akademiyanın Bakıdakı filialı Binəqədi rayonu ərazisində fəaliyyət göstərəcək.

Son xəbərlər

Orphus sistemi