Azərbaycanlı futbolçulara güvənməyən Qriqorçuk - "Qəbələ"nin gerçəkləşməyən çempionluq arzusu - TƏHLİL

Azərbaycanlı futbolçulara güvənməyən Qriqorçuk - "Qəbələ"nin gerçəkləşməyən çempionluq arzusu - TƏHLİL Ukraynalı mütəxəssis hazırda yalnız 7 azərbaycanlı oyunçunu heyətdə saxlayıb
Futbol
7 Aprel , 2018 13:27

Bakı. 7 aprel. REPORT.AZ/ “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk cari mövsümün qış fasiləsinədək Azərbaycan Premyer Liqasında 33 yerli futbolçunun xidmətindən yararlanıb.

“Report”un araşdırmalarına görə, 2014-cü il dekabrın 18-də “qırmızı-qaralar”ın sükanı arxasına keçən ukraynalı mütəxəssis mövsümün ikinci yarısı üçün yalnız 7 azərbaycanlı oyunçunu heyətdə saxlayıb. 

Bunlar Cavid Hüseynov, Elvin Camalov, Ürfan Abbasov, Qismət Alıyev, Ruslan Qurbanov, Asif Məmmədov və Rasim Ramaldanovdur.

53 yaşlı mütəxəssisin 3 təqvim ili ərzində imtina etdiyi 26 yerli futbolçudan 24-ü hazırda peşəkar karyeralarını davam etdirməkdədirlər. Onlardan 16 nəfəri - Rəşad Sadiqov, Ruslan Abışov, Məhəmməd Mirzəbəyov (hamısı “Neftçi”), Anar Nəzirov, Sadiq Quliyev, Tellur Mütəllimov (hamısı “Zirə”), Rəşad Eyyubov, Ehtiram Şahverdiyev (hər ikisi “Sumqayıt”), Kamran Ağayev, Vaqif Cavadov (hər ikisi “Keşlə”), Ruslan Əmircanov (“Səbail”), Samir Zərgərov (“Kəpəz”), Roman Hüseynov (“Kəpəz”, icarə), Arif Daşdəmirov (“Qarabağ”), Araz Abdullayev (“Anortosis”, Kipr/icarə), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna) elita təmsilçilərinin formasını geyinirlər.

Hazırda I Divizion klublarında çıxış edənlərin sayı 8 nəfərdir. Söhbət Bəxtiyar Soltanov, Müşfiq Teymurov, Vadim Abdullayev (hamısı “Xəzər”), Ramil Hasanov, Ülvi İbazadə (hər ikisi “Xəzər”, icarə), Ruslan Tağızadə (“Qaradağ Lökbatan”), Murad Musayev (“Şüvəlan”) və Fərid Nəbiyevdən (“Şevardani” Gürcüstan, icarə) gedir. Milliləşdirilmiş ukraynalı legionerlər – müdafiəçi Vladimir Levin karyerasını bitirdiyi halda, qapıçı Andrey Popoviç tarixi vətənində həvəskarlar liqasında mübarizə aparan “Minay”ın formasını geyinir.

Hazırda isə Qriqorçuk qış fasiləsində komandanı tərk edən Tellur Mütəllimov istisna olmaqla, 12 yerli oyunçuya güvənməkdədir. Yuxarıda adlarını qeyd etdiyimiz 7 futbolçuya daha 5 nəfər – Elvin Məmmədov, Təmkin Xəlilzadə, İlqar Qurbanov, Hacıağa Hacılı və Yusif Nəbiyev qoşulublar. Lakin onlar hələ də əsas heyət üzvünə çevrilə bilməyiblər. Geridə qalan 21 tur ərzində 9 matçda forma geyinən Məmmədov 2 qola imza atıb. Qış fasiləsində “Zirə”dən transfer olunan Xəlilzadə 6, Qurbanov 5, Hacılı ilə Nəbiyev isə hərəyə 2 görüşdə iştirak ediblər. Qapıçılar Aqil Məmmədov və Murad Popov, eləcə də yarımmüdafiəçi Alen Askerov hazırda sifariş ərizəsində yer alsalar da, çempionat qarşılaşmalarında meydana çıxmayıblar. Ukraynalı mütəxəssisin ən çox bel bağladığı isim Ürfan Abbasovdur. Onun hesabında 20 qarşılaşma var. 19 oyunda meydana çıxan Asif Məmmədov 2 qola imza atıb. Eyni sayda qol vuran Ruslan Qurbanov və Qismət Alıyev 17 matçda forma geyinib. Elvin Camalov 14, Cavid Hüseynov 12, Rasim Ramaldanov isə 3 görüşdə iştirak edib. Hüseynovun balansında 1 qol da var. 

Azərbaycan millisinin mart toplanışına “Qəbələ”dən 3 futbolçu dəvət alıb. Bunlar Asif Məmmədov, Ürfan Abbasov və Ruslan Qurbanovdur. Həmin vaxt zədə səbəbindən dəvət almayan kapitan Cavid Hüseynovu da bu kateqoriyaya aid etsək, əyalət təmsilçisinin heyətində cəmi 4 yığma üzvünün olduğunu görürük. Bu isə birinci yerə oynayan komanda üçün çox aşağı göstəricidir. Qriqorçukun ölkəmizdə çempionluq arzusunu gerçəkləşdirə bilməməsinin əsas səbəblərindən biri də məhz budur. Qızıl medalları əldə etmək istəyən kollektiv mütləq səviyyəli yerli oyunçulara malik olmalıdır. Gəl ki, əcnəbi baş məşqçinin azərbaycanlılara isti yanaşmaması çempionluğa oynayan “qırmızı-qaralar”ın işinə əngəl törədib. Obrazlı şəkildə ifadə etsək, “Qəbələ” Qriqorçukun oturduğu budağı kəsməsinin qurbanı olub.

Çünki ukraynalının xidmətinə ehtiyac duymadığı futbolçulardan Rəşad Sadiqov, Tellur Mütəllimov, Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, Kamran Ağayev, Rəşad Eyubov, Pavel Paşayev və Araz Abdullayev hazırda çıxış etdikləri klublarda əsas heyət üzvü hesab olunurlar. Üstəlik, Rəşad Sadiqov istisna olmaqla, qalanlarına Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov builki toplanışların ən azı biri üçün dəvət göndərib. 

Əlbəttə, bu futbolçuların hamısının “Qəbələ”dən ayrılmalarını təkcə Qriqorçukun ayağına yazmaq düzgün olmaz. Onların sırasında öz istəkləri ilə klublarını dəyişənlər də olub. Ancaq bu könüllü gedişlərin də səbəbkarı elə ukraynalı mütəxəssisdir. O, aşılamaq istədiyi futbol konsepsiyasını lazımı şəkildə qavramayan futbolçuları qazanmağın bir yolunu tapmalı idi. Təəssüf ki, Roman İosivovuç əsasən daha çox bel bağladığı əcnəbilərə arxayın olub, yerliləri gözardı etməklə, onların “Qəbələ”dən gedişinə yol açıb. Əksər hallarda isə o, azərbaycanlıların göndərilməsində birbaşa qərar verən şəxs olub.

Aşağıdakı cədvəldə hazırda elita klublarının formasını geyinən “Qəbələ”nin sabiq futbolçularının siyahısı əksini tapıb. Cədvəldə onların əyalət təmsilçisi ilə yollarını ayırdıqları tarix və cari çempionatdakı göstəriciləri qeyd olunub.

Ad və soyad “Qəbələ”dən getdiyi tarix Hazırkı klubu Cari çempionatda oyun sayı Cari çempionatda qol sayı
Rəşad Sadiqov 01.07.2017 “Neftçi” 14 0
Ruslan Abışov 01.01.2016 “Neftçi” 21 3
Məhəmməd Mirzəbəyov 01.07.2017 “Neftçi” 15 0
Kamran Ağayev 02.02.2015 “Keşlə” 6 -8
Vaqif Cavadov 31.12.2015 “Keşlə” 3 0
Anar Nəzirov 23.07.2015 “Zirə” 9 -6
Sadiq Quliyev 01.01.2017 “Zirə” 8 0
Tellur Mütəllimov 01.01.2018 “Qəbələ”/“Zirə” 7/6 1/0
Ruslan Əmircanov 30.06.2015 “Səbail” 0 0
Samir Zərgərov 01.01.2018 “Keşlə”/“Kəpəz” 11/5 0/0
Roman Hüseynov 01.01.2018 “Qəbələ”/“Kəpəz” 4/4 0/0
Rəşad Eyubov 01.07.2017 “Sumqayıt” 20 2
Ehtiram Şahverdiyev 30.01.2017 “Sumqayıt” 17 0
Araz Abdullayev 12.08.2017 “Anortosis”, Kipr 26 3
Pavel Paşayev 01.07.2016 “Aleksandriya”, Ukrayna 20 0
Arif Daşdəmirov 01.07.2016 “Qarabağ” 4 0

Qeyd edək ki, cədvəldə “Qəbələ” Futbol Akademiyasının yetirmələri, hazırda “Sumqayıt”da icarə əsasında forma geyinən Ülvü İsgəndərovla Bəhlul Mustafazadə yer almayıb. Bu, onların “qırmızı-qaralar”ın əsas komandasında heç vaxt meydana çıxmamaları ilə əlaqədardır. Roman Qriqorçukun akademiya yetirmələrinin əksəriyyətinə güvənməməsi isə bir ayrı söhbətin mövzusudur. 

Son xəbərlər

Orphus sistemi