Prezident İlham Əliyev 17 yaşınadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin keçirilməsiylə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev 17 yaşınadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin keçirilməsiylə bağlı sərəncam imzalayıb Bu tədbirlə əlaqədar Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları sadələşdiriləcək
Futbol
15 Fevral , 2016 19:14
Prezident İlham Əliyev 17 yaşınadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin keçirilməsiylə bağlı sərəncam imzalayıb

Bakı. 15 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycan Respublikasında keçirilməsinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında idmanın inkişafı daim dövlətin diqqət mərkəzindədir. Azərbaycanda beynəlxalq səviyyəli mötəbər idman yarışları, o cümlədən dünya və Avropa çempionatları keçirilir, həmin yarışlarda Azərbaycan idmançıları uğurla iştirak edirlər.

17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycan Respublikasında keçirilməsi ölkədə idmanın bu növünə marağın daha da artmasına səbəb olacaq və Azərbaycanın nüfuzlu beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsini daha da zənginləşdirəcək.

Sərəncamla Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Fövqəladə Hallar Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq çempionatın final mərhələsinin keçirilməsi ilə bağlı təhlükəsizliyin təmin olunması, mühafizənin təşkili, çempionat zamanı baş verə biləcək fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün zəruri tədbirlər görməli, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti, fəaliyyət istiqamətlərinə uyğun olaraq, çempionatın final mərhələsində iştirak üçün Azərbaycan Respublikasına gələcək Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) əməkdaşlarının, vəzifəli şəxslərinin, UEFA nümayəndə heyəti üzvlərinin, UEFA üzvü olan assosiasiyaların əməkdaşlarının və vəzifəli şəxslərinin ölkəyə gəlmə və ölkədən getmə zamanı dövlət sərhədindən keçməsi, gömrük nəzarətinin aparılması, habelə çempionatla və çempionat tədbirləri ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyatı, onlara Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilməsi kimi məsələlərin həllində operativliyi təmin etməlidirlər.

Səhiyyə Nazirliyi çempionatın final mərhələsində təcili tibbi yardım, sanitariya və epidemioloji təhlükəsizlik işlərinin təşkili üçün zəruri tədbirlər görməli, Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları üzrə Dövlət Agentliyi, öz səlahiyyətləri çərçivəsində çempionatın final mərhələsinin keçirilməsi ilə bağlı UEFA-nın media, marketinq və digər kommersiya hüquqlarının qorunmasını təmin etməlidirlər.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti çempionatın final mərhələsinin keçirilməsi üçün tələb olunan telekommunikasiya və informasiya texnologiyaları xidmətlərinin yüksək səviyyədə təşkili üçün zəruri tədbirlər görməli, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sosial Müdafiə Fondu çempionatın final mərhələsinin təşkili ilə əlaqədar ölkəyə gələn və çempionatın final mərhələsində iştirak edən şəxslərin müraciətlərinə operativ baxılmasını təmin etməli, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları üzrə Dövlət Agentliyi çempionatla və çempionat tədbirləri ilə bağlı UEFA-nın və (və ya) üçüncü şəxslərin əqli mülkiyyət hüquqlarının qeydiyyatı, qeydiyyatına etiraz və ya qeydiyyatından imtina prosedurlarının operativ həyata keçirilməsini təmin etməlidirlər.

Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Dövlət başçısı həmçinin 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında da sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla müəyyən edilib ki, 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının Azərbaycan Respublikasında keçiriləcək final mərhələsinin təşkili və keçirilməsi ilə əlaqədar Azərbaycana gələn xarici dövlətlərin vətəndaşları və həmin dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu;

Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd;

17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

Bu Sərəncamın birinci hissəsində göstərilən şəxslər viza almaq üçün aşağıdakı müddətlərdə müraciət edə bilərlər:

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu əsasında gələn şəxslər, habelə təşkilati məsələlərlə əlaqədar gələn və Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş şəxslər - 2016-cı il aprelin 1-dən iyunun 1-dək;

17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsində iştirak edən komandaların üzvləri və nümayəndə heyətləri - 2016-cı il aprelin 20-dən mayın 25-dək;

Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş jurnalistlər, habelə 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına bilet əldə etmiş şəxslər - 2016-cı il mayın 1-dən 25-dək.

4Maliyyə Nazirliyi və Xarici İşlər Nazirliyi 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi işinin təşkili ilə bağlı maddi-texniki təminat məsələlərini həll etməlidirlər.

Xarici İşlər Nazirliyi 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Avropa Futbol Assosiasiyaları Birliyinə (UEFA) və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməli, 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumatın nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir.

Dövlət Miqrasiya Xidməti 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə məlumat verməlidir.

Son xəbərlər

Orphus sistemi