Bakı. 8 yanvar. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərində FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə iştirak edən 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirib. "Report"un məlumatına görə, ikinci qrup mərhələsinin H qrupunda rəqib Cənubi Koreya yığması olub.
Peterburqski İdman-Konsert Kompleksində baş tutmuş görüş asiyalıların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Ötən gün Sankt-Peterburq komandasına da 2:4 hesabı ilə uduzan Azərbaycan millisi qrupda sonuncu olub. Baş məşqçi Nikolay Adamın komandası turnirdə 5-ci yer uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, matçın 85-ci dəqiqəsində insident baş verib. Baş hakimin qərarına etiraz edən Nikolay Adam topu təpiklə göyə vurub. Nəticədə o, meydandan kənarlaşdırılıb. Bundan sonra tribunadakı azsaylı azərbaycanlı azarkeşlər hakimin ünvanına nalayiq ifadələr işlədiblər.