Bakı. 23 yanvar. REPORT.AZ/ “Antalya Cup” turnirində iştirak edən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununu keçirib.
"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, komandamız Ukraynanın müvafiq yaş qrupuna aid yığması ilə qarşılaşıb.
2:1 hesabı ilə qələbə qazanan yığmamızın hər iki qolunu Namiq Ələsgərov vurub.
U-21 turnir çərçivəsində növbəti oyununu yanvarın 24-də, Bakı vaxtı ilə saat 17.00-da Səudiyyə Ərəbistanının U-20 yığmasına qarşı keçirəcək.
Yığmanın baş məşqçisi Yaşar Vahabzadə görüş haqqında fikirlərini bildirib:
“Oyuna yaxşı hazırlaşmaq üçün elə də çox vaxtımız olmadı. İlk dəfə Ruslan Nəsirli və Kamal Mirzəyevə şans verdik. Təbii ki, ilk oyunun gərginliyi hiss olunurdu. Bəzi futbolçularda yorğunluq olsa da, komandanın oyunundan razı qaldım. Ukrayna cəld və topla oynamağı sevən komandadır. Belə bir rəqibə qarşı nümayiş etdirdiyimiz futbol məni qane etdi. İlk hissədə oyunumuz istədiyimiz kimi alınmasa da, fasilədən sonra futbolçular toparlandılar”.
Oyunu izləyənlər arasında Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki də olub. Baş məşqçi matç haqqında bunları deyib:
“Maraqlı oyun izlədik. Komandanın çıxışından razı qaldım. Futbolçularımız yaxşı mübarizə apardılar. Sevindirici məqamlardan biri də Namiq Ələsgərovun uzun fasilədən sonra yaşıl meydanlara dönüşü və 2 qol vurmasıdır. Unutmayaq ki, rəqibimiz də güclü komandadır. Onları yaxşı tanıyıram”.