Azərbaycan Premyer Liqasındakı futbolçuların qiymətləri azalıb - SİYAHI

Azərbaycan Premyer Liqasındakı futbolçuların qiymətləri azalıb - SİYAHI Azərbaycan Premyer Liqasında çıxış edən ən bahalı futbolçuların qiymətləri açıqlanıb.
Futbol
30 İyun , 2020 09:00
Azərbaycan Premyer Liqasındakı futbolçuların qiymətləri azalıb - SİYAHI

Azərbaycan Premyer Liqasında çıxış edən ən bahalı futbolçuların qiymətləri açıqlanıb. 

"Report" xəbər verir ki, bu barədə "Transfermarkt" nəşri araşdırma aparıb. 

Koronavirus pandemiyası ilə əlaqədar yaranmış vəziyyətə görə, həmçinin Premyer Liqanın XX turdan sonra yekunlaşdırılması ilə əlaqədar oyunçuların qiymətlərində çoxsaylı dəyişikliklər olub. Çempionatdakı futbolçuların dəyəri ümumi müqayisədə 5 faiz azalıb. 

"Qarabağ"ın futbolçusu Maksim Medvedevin qiyməti 100 min avro aşağı düşərək 900 min avro olub. Ağdam təmsilçisi ilə vidalaşan braziliyalı Ailton Silva eyni məbləğdə qiymətləndirilir. Medvedev və Silva ən dəyərli oyunçular siyahısında 4-5-ci yerləri bölüşdürür. 

Uzun müddət zədəli olduqdan sonra yaşıl meydanlara qayıdan "Qarabağ"ın digər futbolçusu Filip Ozobiç 200 min avro itirib və hazırda onun transfer qiyməti 800 min avrodur. 

Azərbaycan Premyer Liqasının ən dəyərli futbolçuları da son çempion "Qarabağ" komandasındadır. Abdullah Zubir (1.3 milyon avro), Mahir Emreli (1 milyon avro), Qara Qarayev (1 milyon avro) və Bədavi Hüseynov (1 milyon avro) ilk pillələrdə qərarlaşıblar. 

Yeni siyahıda "Neftçi"nin bir neçə legionerinin qiyməti enib. İntizamsızlığa görə flaqmandan göndərilən Baqali Dabonun dəyəri 150 min avro düşüb, fransalı hücumçunun qiyməti 500 min avrodur. Onun həmyerlisi Stiven Monroz (650 min avro) da eyni məbləğdə enişə məruz qalıb. "Neftçi" ilə yollarını ayıran digər futbolçu Donald Gerye transfer dəyərindən 100 min avro itib və hazırda onun qiyməti 550 min avro hesab edilir. "Neftçi"nin formasını geyinən Azərbaycan millisinin üzvü Anton Krivotsyukun transfer dəyəri 125 min avro qalxaraq 800 min avroya yüksəlib. 

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Keşlə"nin iki üzvünün də transfer dəyərində artım qeydə alınıb. Azərbaycan millisinin üzvü Vüsal İsgəndərli və Sezar Meza Kollinin qiymətləri 75 min avro artıb. Onlarınn transfer qiymətləri müvafiq olaraq 450 və 400 min avro olaraq qiymətləndirilir. 

Son olaraq "Sabah"ın formasını geyinən millinin hücumçusu Ramil Şeydayevin qiyməti 175 min avro aşağı düşüb və hazırda 550 min avro olaraq qiymətləndirilir. Onun komanda yoldaşı Bəhlul Mustafazadənin qiyməti 75 min avro qalxıb və transfer dəyərində Şeydayevə çatıb.

Son xəbərlər

Orphus sistemi