Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start veriləcək.
"Report"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq. Turun açılış matçı Sumqayıtda olacaq. Şəhərin eyniadlı komandası çempionatın autsayderi "Sabah"ı qəbul edəcək. "Gənclik şəhəri" təmsilçisi 3 xalla 6-cı, paytaxt klubu isə 2 xalla sonuncudur. Bu komandalar Premyer Liqada yalnız ötən mövsüm üz-üzə gəliblər. 4 oyunun 2-də "Sumqayıt", 1-də isə "Sabah" qələbə qazanıb. Bir qarşılaşmada qalib müəyyənləşməyib. Topların fərqində də meydan sahiblərinin aşkar üstünlüyü var - 6:3.
Günün ikinci görüşündə isə "Səbail" doğma meydanda "Qəbələ" ilə üz-üzə gələcək. Əyalət təmsilçisi 3 xalla 7-ci, paytaxt klubu isə 9 xalla ikinci yerdədir. Komandalar çempionatda 8 dəfə qarşılaşıblar. 4 oyunda "Qəbələ", 2-də isə meydan sahibləri 3 xal qazanıb. 2 qarşılaşma heç-heçə yekunlaşıb. Topların fərqində də "Qəbələ" öndədir - 14:8. Rəqiblər arasında Premyer Liqanın son 7 oyununda meydan sahibi olan komanda uduzmayıb. “Qəbələ” həmçiinn son üç səfərdə qalib gələ bilməyib.
Qeyd edək ki, V turun "Neftçi" - "Keşlə" matçı senytabrın 22-də, "Zirə" - "Qarabağ" dueli isə sentyabrın 23-də olacaq.
Azərbaycan Premyer Liqası, V tur
21 sentyabr (şənbə)
17:30. “Sumqayıt” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Elçin Məsiyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Kapital Bank Arena”
19:45. “Səbail” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamal Umudlu
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”, 19:45