Azərbaycan Premyer Liqasında IX tura yekun vurulacaq

Azərbaycan Premyer Liqasında IX tura yekun vurulacaq "Neftçi" "Qarabağ"ı qəbul edəcək
Futbol
25 oktyabr 2016 03:00
Azərbaycan Premyer Liqasında IX tura yekun vurulacaq

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulacaq. 

"Report"un məlumatına görə, turun son oyun günündə iki qarşılaşma keçiriləcək.

İlk oyunda "Sumqayıt" evdə turnir cədvəlinin hazırkı lideri "Qəbələ"ni sınağa çəkəcək. Qonaqlar qələbə sayəsində birincilik mövqeyini qoruyacaqsa, "Gənclik şəhəri" təmsilçisi xal ehtiyatını 11-ə çatdıracaq. Bu isə "Sumqayıt"ın "Kəpəz" və "Zirə" ilə xallarını eyniləşdirməsi deməkdir. Komandalar bununla da 4, 5 və 6-cı pillələri bölüşəcək. Komandalar bu günədək ölkə çempionatlarında 17 oyun keçirib. Bu görüşlərin 13-ü "Qəbələ", 1-ni isə "Sumqayıt" qalib qismində başa vurub. 3 oyunda isə heç-heçə qeydə alınıb. "Sumqayıt" 12 matçdır rəqibinə qalib gəlmir. "Qəbələ" isə son 2 səfər matçında heç-heçəylə kifayətlənib.

Turun son görüşündə isə "Neftçi" və "Qarabağ" komandaları üz-üzə gələcək. Bu görüş hər iki komanda üçün böyük əhəmiyyət kəsb edir. Cari mövsüm istədiyi nəticəni qazana bilməyən "Neftçi" ev oyununda qalib gəlməklə həm komanda ruh yüksəkliyini yaxşılaşdıracaq, həm də turnir cədvəlində mövqeyini az da olsa, düzəltmiş olacaq. "Qarabağ" isə hazırkı lider "Qəbələ" ilə xal fərqini azaltmaq üçün mütləq qələbə qazanmalıdır. Komandalar ölkə çempionatlarında 65 oyun keçirib. Qarşılaşmaların 23-də "Qarabağ", 18-də isə "Neftçi" qələbəyə sevinən tərəf olub. 24 oyunda isə qalib müəyyənləşməyib. Cütlüyün son 3 görüşündə "Qarabağ" qələbə qazanıb. "Neftçi" evdə son 2 oyundur meydanı qolsuz tərk etməyib. Bakılılar son 13 oyunda yalnız 1 dəfə 3 xal qazanıb.

Azərbaycan Premyer Liqası, IX tur

25 oktyabr

16:00. "Sumqayıt" - "Qəbələ"

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cavanşir Yusifov, Azər Əsgərov

Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Rövşən Əhmədov

Sumqayıt. "Kapital Bank Arena"

19:00. "Neftçi" - "Qarabağ"

Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Akif Əmirəli, Knyaz Əmiraslanov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Əli Hüseynov

Bakı. "Bakcell Arena"

Qeyd edək ki, turun ilk oyununda "Kəpəz" "İnter"lə (0:0), AZAL isə "Zirə" ilə (1:1) sülh bağlayıb.

Son xəbərlər

Orphus sistemi