Azərbaycan Premyer Liqasında II dövrənin son turuna start veriləcək

Azərbaycan Premyer Liqasında II dövrənin son turuna start veriləcək "Qəbələ" "Qarabağ"ı yensə, fasiləyə 2-ci, uduzsa, 5-ci pillədə yollana bilər
Futbol
19 Dekabr , 2015 10:03
Azərbaycan Premyer Liqasında II dövrənin son turuna start veriləcək

Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun ilk oyunları keçiriləcək. "Report"un məlumatına görə, ikinci dövrənin son turuna Sumqayıtda start veriləcək.

Eyniadlı komanda "Kapital Bank Arena"da autsayder "Rəvan"ı qəbul edəcək. Bu görüş qonaqlar üçün fasiləyə sonuncu pillədə yollanmamaq baxımından önəm kəsb edir. Qələbə təqdirində baş məşqçi Bəhmən Həsənovun komandası xallarını 14-ə çatdıracaq və ən azı bir gün müddətinə sonuncu pillədə qurtulacaq. Hazırda 17 xala malik meydan sahiblərinə də 3 xal 7-ci pilləyə yüksəlmək imkanı verəcək.

Bu komandalar indiyədək 13 dəfə üz-üzə gəliblər. "Sumqayıt" cəmi 2 qələbə qazandığı halda, qonaqlar 6 dəfə üstün tərəf olublar. 5 görüşdə isə heç-heçə qeydə alınıb. Topların nisbəti də paytaxt təmsilçisinin xeyrinədir - 16:12. Digər tərəfdən, son 5 görüşdə sumqayıtlılar qalib gələ bilməyib. Ardıcıl 4 oyunda komandalar hərəyə 1 xal qazanıb. Bütün səfər oyunlarında 1 qol vuran “Rəvan” 6 oyundan 4-də 1:0 hesabı ilə qalib gəlib.

Günün və turun mərkəzi matçında "Qarabağ"la "Qəbələ" qarşılaşacaq. Hər iki komanda son zamanlar qeyri-sabit çıxışı ilə seçilir. "Qarabağ" son 2 görüşdə qələbə qazana bilməyib, "Qəbələ" isə ikinci dövrədə cəmi 1 oyundan qalib ayrılıb. Hazırda 37 xala malik Ağdam komandası fasiləyə qış çempionu kimi yollanır. Baş məşqçi Roman Qriqorçukun komandası isə uğursuz nəticələri ilə əlaqədar 27 xalla 4-cü pilləyə enib. Qonaqlar yalnız qələbə təqdirində ən azı bir günlük 2-ci pilləyə qayıda bilərlər. Məğlubiyyət isə "Qəbələ"ni 5-ci pilləyə endirə bilər. Bu, sabah "Kəpəz"in "Neftçi"ni yenəcəyi təqdirdə baş verəcək. 

İki komanda indiyədək 29 dəfə üz-üzə gəlib ki, bunların 13-də "Qarabağ", 7-də "Qəbələ" qalib gəlib, 9 matçda heç-heçə qeydə alınıb. Vurulan topların nisbətində də Ağdam komandası öndədir: 39:27. Beləliklə, bu gün komandalar hərəyə 1 dəfə fərqlənsə, 30-cu matçda 10-cu heç-heçə və baş məşqçi Qurban Qurbanovun komandasının "qırmızı-qaralar"ın qapısından keçirdiyi 40-cı qol olacaq. Maraqlıdır ki, “Qarabağ” son 4 matçda qələbə qazana bilməyib. Ardıcıl 2 oyunda isə qalib müəyyənləşməyib.

Azərbaycan Premyer Liqası, XVIII tur

19 dekabr (şənbə)

15:30. “Sumqayıt” – “Rəvan” (Bakı)

Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Rahil Ramazanov, İsgəndər Əliyev

Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Xəlil Xəlilov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Məhəmməd Məmmədov

Sumqayıt, “Kapital Bank Arena”

18:00. “Qarabağ” – “Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Munis Abdullayev

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Xaqani Məmmədov

Bakı, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

Son xəbərlər

Orphus sistemi