Bakı. 1 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün yeni azarkeş rekordu müəyyənləşdirilib.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, VI turun “Sabah” – “Qarabağ” qarşılaşmasında 4500 tamaşaçı qeydə alınıb. “Əlincə Arena”dakı göstərici cari mövsümün arxada qalan 6 turu üçün mütləq rekorddur. Bunadək ən çox tamaşaçı III turun “Qarabağ” – “Neftçi” matçında qeydə alınıb. “Azərsun Arena”dakı görüşü 3000 azarkeş izləyib.
VI turun ümumi tamaşaçı sayı da rekordla diqqət çəkib. Dörd qarşılaşmanı ümumilikdə 6900 tamaşaçı izləyib. Bu da əvvəlki 5 turla müqayisədə ən yüksək göstəricidir.
Qeyd edək ki, "Neftçi" ilə matçda 1:1 hesablı heç-heçə edən "Qarabağ" "Sabah"la görüşdə qələbə qazanıb - 2:0.