Azərbaycan Premyer Liqası bərpa olunur: XII tur Qəbələdə start götürəcək

Azərbaycan Premyer Liqası bərpa olunur: XII tur Qəbələdə start götürəcək Bu gün Azərbaycan Premyer Liqasında XII turun oyunları keçiriləcək.
Futbol
20 Dekabr , 2020 07:30
Azərbaycan Premyer Liqası bərpa olunur: XII tur Qəbələdə start götürəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun oyunları keçiriləcək.

"Report"un məlumatına görə, klubların heyətində koronavirusa kütləvi yoluxma ilə bağlı təxirə salınmış tur təqribən 3 həftəlik məcburi fasilədən sonra yenidən bərpa olunacaq.

"YAŞAT turu"nun ilk matçı Qəbələdə baş tutacaq. Şəhərin eyniadlı komandası doğma meydanda "Qarabağ"ı sınağa çəkəcək. Rəqibindən 1 oyun az keçirən Ağdam klubu 19 xalla turnir cədvəlinə başçılıq edir. Əyalət təmsilçisi isə 11 xalla 6-cıdır.

İndiyədək 47 dəfə üz-üzə gəlmiş komandaların duellərində meydan sahibləri 10, qonaqlar 24 qələbə qazanıblar, 13 görüş heç-heçə başa çatıb. Topların fərqi də də "köhlən atlar"ın xeyrinədir - 67:41. "Qarabağ" son 8 oyunda meydanı qolsuz tərk etməyib. "Qəbələ" 9 matçdır qalib gəlmir.

Eyni saatda başlayan matçlarda "Zirə" "Sumqayıt"ı, "Keşlə" "Səbail"i qəbul edəcək. Rəşad Sadıqovun başçılıq etdiyi komanda 19 xalla 2-ci sırada qərarlaşıb. 12 oyundan 15 xal toplayan "gənclik şəhəri" təmilçisi isə 4-cü pillədə qərarlaşıb. Bu, iki komanda arasında 21-ci görüş olacaq. Daha əvvəl keçirilən qarşılaşmalarda "Zirə" 10, "Sumqayıt" 6 qələbəyə sevinib. 4 matçda qalib müəyyənləşməyib. "Qartallar"ın 27 qoluna Ayxan Abbasovun rəhbərlik etdiyi komanda 19 topla cavab verib. “Zirə” ardıcıl 7 oyunda meydanı qolsuz tərk etməyib. “Sumqayıt” son 3 matçda 2 qol vurub və uduzmayıb.

İndiyədək ölkə çempionatında 12 dəfə qarşılaşmış "Keşlə" və "Səbail" komandaları bugünkü matça baş məşqçisiz çıxacaqlar. Meydan sahiblərindən Yunis Hüseynov, qonaqlardan isə Aftandil Hacıyev koronavirusa yoluxduqları üçün texniki zonada yer almayacaqlar. "Keşlə" 13 xalla beşinci, 3 xal az toplayan "Səbail" isə sonuncudur.

Komandalar arasında keçirilmiş çempionat oyunlarında qələbə sayı baxımından Bayıl təmsilçisinin üstünlüyü nəzərə çarpır - 6:3. Üç qarşılaşmada isə heç-heçə qeydə alınıb. Top fərqində də "dənizçilər" öndədir - 14:11. “Səbail” son 4 oyunda uduzmayıb. “Keşlə” ardıcıl 4 ev matçında uduzub.

Tura Masazırda yekun vurulacaq. "Sabah" "Bank Respublika Arena"da "Neftçi" ilə münasibətlərinə aydınlıq gətirəcək. 18 xalı olan "ağ-qaralar" 3-cü pillədə qərarlaşıb. Visente Qomesin rəhbərlik etdiyi komanda isə 10 xalla axırdan 2-cidir.

Bu komandalar arasında indiyədək keçirilmiş 8 oyunun heç birində "Sabah" qələbə qazana bilməyib. Yalnız 1 görüş heç-heçə başa çatıb. Digər 7-də isə flaqman 3 xal əldə edib. "Neftçi" bu matçlarda 17 qol vurubsa, Masazır təmsilçisi cəmi 2 dəfə fərqlənib. “Neftçi” son üç oyunda qol buraxmayıb.

Azərbaycan Premyer Liqası, XII tur

20 dekabr (şənbə)

15:00. “Qəbələ” – “Qarabağ”

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, İnqilab Məmmədov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Qəbələ şəhər stadionu

16:00. “Keşlə” –“ Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəhim Həsənov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

“ASK Arena”

16:00. “Zirə” – “Sumqayıt”

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Seymur Səlimli

Zirə İdman Kompleksinin stadionu

17:15. “Sabah” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Elşad Abdullayev, Elçin Məsiyev

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

“Bank Respublika Arena”.

Son xəbərlər

Orphus sistemi