Bakı. 17 noyabr. REPORT.AZ/ Xorvatiya milli komandasının və İspaniyanın "Real Madrid" klubunun futbolçusu Luka Modriç bir ay müddətinə sıradan çıxıb. "Report"un məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi yığmanın heyətində İtaliya millisi ilə AVRO-2016-nın seçmə qrup matçında zədələnib.
Tibbi müayinə nəticəsində onun qasıq əzələlərinin dartıldığı müəyyənləşib. Bu səbəbdən, Modriç İspaniya çempionatında 4, Çempionlar Liqasında növbəti 2 oyunu buraxacaq. Təcrübəli futbolçu dekabrın 16-da start götürəcək klublararası dünya çempionatını da buraxa bilər.
Qeyd edək ki, İtaliya - Xorvatiya matçında qalib müəyyənləşməyib - 1:1. Hər iki komanda Azərbaycan millisi ilə eyni qrupda yer alıb.