Azərbaycan millisinin kapitanı: "Rəqabət artıb, işimiz çətin olacaq"

Azərbaycan millisinin kapitanı: "Rəqabət artıb, işimiz çətin olacaq" “Hər 3 komanda tanışdır. Hamısı ilə istər rəsmi, istərsə də yoldaşlıq oyunlarında qarşılaşmışıq. Güclü komandalarla bir qrupda yer aldığımızı düşünürəm".
Futbol
20 Oktyabr , 2021 11:07
Azərbaycan millisinin kapitanı: Rəqabət artıb, işimiz çətin olacaq

“Hər 3 komanda tanışdır. Hamısı ilə istər rəsmi, istərsə də yoldaşlıq oyunlarında qarşılaşmışıq. Güclü komandalarla bir qrupda yer aldığımızı düşünürəm".

"Report" xəbər verir ki, bu fikirləri futzal üzrə Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev Avropa çempionatının final mərhələsinin püşkatması barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.

42 yaşlı oyunçu rəqiblərdən Gürcüstan millisini xüsusi qeyd etmək istədiyini söyləyib: "Bu komanda son illərdə yüksəlişdədir. Hələ 2018-ci ildə pley-offlarda uduzmaqla final mərhələsində debüt etmək imkanını qaçırdılar. Heyətlərində braziliyalı futzalçılar çoxluq təşkil edir. Bu cür hazırlıq onların hədəflərinin daha yüksək yerlər olduğunu göstərir".

Fərzəliyevin sözlərinə görə, İspaniya yığmasənın gücü, məqsədi və hədəfi hamıya bəllidir: "Bizim üçün hələ ki, ram edilməyən rəqiblərdəndir. Son dünya çempionatında əsasən gənc futzalçılara üstünlük verdilər. Yeni nəsil gəlir. Təbii ki, onlar da sələflərinin iddiasını davam etdirməyə, uğurlarını təkrarlamağa çalışacaqlar. Mundialda da pis təsir bağışlamadılar. Qrupda son oyunumuzu Bosniya və Herseqovina millisinə qarşı keçirəcəyik. Əgər onlar qitə birinciliyinin final mərhələsinə yüksəliblərsə, deməli, güclü komandadır. Çalışacağıq ki, yaxşı nəticə qazanaq, ən azı qrup mərhələsindən ¼ finala yüksələk".

Kapitan final mərhələsində 6-cı dəfə iştirak edəcəklərini xatırladıb: "Qrupumuzda yer alan komandalardan İspaniyadan sonra bu göstəricidə ən təcrübəlisi biz hesab olunuruq. Gürcüstan və Bosniya və Herseqovina debütantdır. Amma bu, işimizi asanlaşdırmayacaq. Üstəlik, bu qitə birinciliyi yeni formatda keçiriləcək. Bu dəfə qruplarda 4 komanda yer alır. Hər oyunun nəticəsi əhəmiyyətli olacaq. Məqsədə çatmaq üçün qələbə ilə başlamalıyıq. Əvvəl qrupda 3 komanda yer alırdı. Onda əsasən bir komanda ilə mübarizə aparırdıq. Hətta 1 xalla belə mərhələ adlamaq mümkün idi. İndi belə olmayacaq. Rəqabət artıb. İşimiz çətin olacaq, amma təcrübəmizdən yararlanacağıq. Qrup mərhələsini adlamaq üçün gücümüzü səfərbər edəcəyik”.

Qeyd edək ki, Azərbaycan millisi final mərhələsində Gürcüstan, İspaniya, Bosniya və Herseqovina yığmaları ilə birlikdə D qrupunda mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi