Azərbaycan millisinin futbolçusu "Lokomotiv"ə keçmə variantına münasibət bildirib

Azərbaycan millisinin futbolçusu "Lokomotiv"ə keçmə variantına münasibət bildirib Qara Qarayev: "Rəsmi təklif gəlsə, imza atmağı çox istəyirəm"
Futbol
5 Aprel , 2017 23:38
Azərbaycan millisinin futbolçusu Lokomotivə keçmə variantına münasibət bildirib

Bakı. 5 aprel. REPORT.AZ/ "Qarabağ"ın və Azərbaycan milli komandasının futbolçusu Qara Qarayev Rusiyanın "Lokomotiv" klubundan təklif almasına dair xəbərlərə münasibət bildirib.

"Report"un məlumatına görə, 25 yaşlı müdafiəçi jurnalistlərə açıqlamasında Moskva təmsilçisinin baş məşqçisi Yuri Syominin onun barəsindəki fikirləri haqda eşitdiyini söyləyib.

Lakin o hələ "dəmiryolçular"dan rəsmi təklif almadığını diqqətə çatdırıb. Qarayev təklif gəlsə belə, hazırkı klubu ilə danışacağını vurğulayıb: "Mənim yanımda klubumuzun nümayəndəsi və ya məşqçimiz oturacaq. Düzdür, bu işlə məşğul olacaq menecerim var. Lakin klubum olan yerdə menecerim heç bir müdaxilə edə bilməz. Klubum nə desə, mən də, menecerim də ona uyğun addım atacağıq".

Yayda "Qarabağ"la müqaviləsi başa çatacaq futbolçu legioner həyatı yaşamağı çox istədiyini söyləyib: "Rəsmi təklif gəlsə, imza atmağı çox istəyirəm. Özüm də xaricə getmək üzərində düşünmüşəm, bəzi planlarım var. Hazırda ailəmdəki bəzi problemləri qaydasına salmaq istəyirəm. Rəsmi təklif gəldiyi halda, məni qane edəcək müqavilə şərtləri mütləq olmalıdır. Maddiyyatı yox, oynamağım, qalmağımı nəzərdə tuturam. Bunlar məni razı salacağı təqdirdə, mütləq gedəcəyəm. Gedib ehtiyatda oturmağa da razı olmaram".

Qarayevin fikrincə, "Lokomotiv" hazırda Rusiya Premyer Liqasında 21 oyundan sonra 9-cu pillədə olsa da, böyük klubdur. O, təklif gələcəyi halda, "Lokomotiv"i məmnuniyyətlə oynaya biləcəyi komanda adlandırıb: "Başqa variantlar da var, amma hələ rəsmi olmadığı üçün o barədə danışmaq istəmirəm. Hazırda ən ciddi variant "Lokomotiv"dir. Çünki baş məşqçi Yuri Syominin özü də mənim barəmdə danışıb".

Son xəbərlər

Orphus sistemi