Kimdir günahkar: AFFA, yoxsa klublar?

Kimdir günahkar: AFFA, yoxsa klublar? "Prezident İlham Əliyevin dediyi kimi, işğaldan azad etdiyimiz ərazilər dörd Lüksemburq ərazisinə bərabərdir. Amma nəinki indi, tarixdə yeddi dəfə üz-üzə gəldiyimiz komandanı cəmi bir dəfə udmuşuq. O da 2010-cu ildəki yoldaşlıq görüşüdür"
Futbol
1154
12 Noyabr , 2021 16:51
Kimdir günahkar: AFFA, yoxsa klublar?

Azərbaycan millisi ardıcıl ikinci dəfə seçmə mərhələni bir xalla başa vurub.

"Report" xatırladır ki, AVRO-2020 tsiklində təcrübəsiz xorvatiyalı baş məşqçi Nikola Yurçeviç, DÇ-2022-nin seçmə mərhələsində isə Albaniya yığmasında uğurları ilə tanınan italiyalı Canni De Byazi komandanın sükanı arxasında olub.

Milli son olaraq Bakı Olimpiya Stadionunda hamının "cırtdan" ölkə kimi tanıdığı Lüksemburqa 1:3 hesabı ilə uduzub. Bu, o ölkənin komandasıdır ki, əhalisi 600 min, ərazisi isə 2 586 kvadrat kilometrdir. Misal üçün onu deyə bilərik ki, Naxçıvan Muxtar Respublikası bu ölkədən iki dəfə böyükdür. Yaxud Prezident İlham Əliyevin dediyi kimi, işğaldan azad etdiyimiz ərazilər dörd Lüksemburq ərazisinə bərabərdir. Amma nəinki indi, tarixdə yeddi dəfə üz-üzə gəldiyimiz komandanı cəmi bir dəfə udmuşuq. O da 2010-cu ildəki yoldaşlıq görüşüdür.

Ümumiyyətlə, Azərbaycan millisi Bakıda son qələbəsini 2018-ci ildə Qurban Qurbanov yığmanın baş məşqçisi olarkən əldə edib. Həmin vaxt noyabrın 17-də UEFA Millətlər Liqasında Farer adalarını 2:0 hesabı ilə üstələmişdik. 3 il doğma meydanda qələbə qazanmayan komanda bu müddət ərzində rəsmi qarşılaşmalarda yalnız Nikosiyada Kipri yenə bilib - 1:0.

Hazırda millinin heyətində yetərincə istedadlı və legioner həyatı yaşayan oyunçular var. Üstəlik, yığmanın demək olar ki, bazasını təşkil edən "Qarabağ" UEFA Konfrans Liqasında tarixdə ilk dəfə qrupdan növbəti mərhələyə vəsiqəni təmin edib.

Bütün bunlara baxmayaraq, Canni De Byazinin yalnış oyunçu seçimi də az deyil. Kiprin "Etnikos" klubunda özünü göstərə bilməyən Araz Abdullayevin hansı səbəbdən son oyunlar üçün heyətə cəlb olunması, "Sumqayıt"dakı iranlı Höccət Haqverdinin cəzalı ola-ola yığmaya dəvət alması da italiyalı baş məşqçinin qabiliyyətini şübhə altına alır.

Lakin uğursuzluqlar sıralandıqca belə qənaətə gəlmək olur ki, bütün bu uğursuzluqların əsas səbəbi baş məşqçilər və futbolçular deyil. Hər il baş məşqçi dəyişməklə nəticə gözləmək absurddur. Əsas məsələ milli assosiasiyanın işi düzgün qurmamasıdır. Azərbaycanın təkcə əsas yığması deyil, müxtəlif yaş qrupları üzrə komandaları da uğursuz çıxışları ilə "seçilir".

Bu gün Avstriyanı Avropa çempionatının seçmə oyununda qəbul edəcək U-21 yığmasının 4 oyundan 1 xalı var. Noyabrın 10-da U-19 Belçikaya 1:5 hesabı ilə uduzub. Daha əvvəl isə qadınlardan ibarət əsas və U-19 komandaları böyük hesablı məğlubiyyətlərə düçar olub.

Bəs görəsən, bütün bu uğursuzluqların kökündə nə durur?

Kənan Məstəliyev: "Qarabağ"dan öyrənmək lazımdır"

Jurnalist Kənan Məstəliyev "Report"a açıqlamasında Lüksemburqla görüşün nəticəsinin ədalətli olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan millisi meydana qələbə üçün yox, məcburiyyətdən çıxıb: "Bu, ab-havadan da aydın görünürdü. Məni təəccübləndirən bir neçə məqam var. Dəfələrlə bu barədə tənqidi fikir də səsləndirmişik. Lüksemburq kimi komandalara qarşı da 5-li müdafiə sistemi ilə oynayırıq. Belə müdafiəçi sistemi 3 mərkəz, 2 cinah oyunçusu deməkdir. Bu sistemlə qol vursaydıq və ya sürətli əks hücumlar edə bilsəydik, normal yanaşmaq olardı. Lakin bütün bunları görmürük. Bəzən 7 və ya 8 futbolçu ilə müdafiədən oynamağa başlayırıq. Rəqib Serbiya və ya Portuqaliya deyil ki, səfərdə, yaxud evdə onlara qarşı 5 müdafiəçi ilə meydana çıxaq. Düzdür, Lüksemburq son vaxtlar inkişafdadır, oyunçuları isə Avropanın aparıcı çempionatlarında çıxış edir. Amma bu elə rəqib deyil ki, onlardan qorxaq və müdafiədən oynayaq. Müdafiədən oynamaq bir tərəfə, qorxaq futbol sərgiləmək qəbuledilməzdir".

Həmkarımızın fikrincə, yığmanın oyununda tərif üçün hansısa xırda səbəb belə yoxdur: "Əvvəlki matçlarda da hiss olunurdu ki, Canni De Byazi Azərbaycan millisinə rəhbərlik edəcək mütəxəssis deyil. Bir çox qarşılaşmalarda səhvlərə yol verdiyini görürük. Müasir futbolla əlaqəsi olmayan və anlaşılmayan qərarlar verir. Oyunlardan sonrakı açıqlamaları isə odun üstünə benzin tökmək effekti yaradır. De Byazi nəinki Azərbaycan yığmasından, ümumiyyətlə futboldan getmək vaxtıdır".

Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindən sonra ikinci tsikli də 1 xalla başa vurduğunu xatırladan Məstəliyev bütün günahı De Byazidə görməyib: "Ondan əvvəl burada əcnəbilərdən Nikola Yurçeviç, Robert Prosineçki və Berti Foqts olub. Burada günah tək baş məşqçidə deyil. De Byazinin də səhvləri var. Onun yığmada baş məşqçi kimi davam etməsi belə, idarəetmənin yanlış olması deməkdir. Niyə qrup sonuncusu olduğumuz bilinəndən sonra bu adam hələ də postundadır? Onun əvəzinə yerli və digər mütəxəssis gətirib, uyğunlaşması üçün vaxt vermək olardı. Beləliklə, növbəti Millətlər Liqasında daha yaxşı hazırlaşmaq olardı. İdarəetmə səhvi var".

Bütün aşağı yaş qruplarından ibarət yığmaların acınacaqlı durumda olduğunu söyləyən idman jurnalistinin fikrincə, problemlərin həlli üçün mütləq AFFA rəhbərliyində köklü dəyişiklik olmalıdır: "Bunun başqa yolu yoxdur. Hansısa qurumun işinə qiymət vermək üçün onun əldə etdiyi nəticələrə baxmaq lazımdır. Bütün saydığımız problemlər varsa və uzun illərdir ki, belədirsə, tənqidlərə rəğmən, həll edilmirsə, deməli, nə isə çatmır. Burada De Byazini yox, Antonio Konteni gətirsək, 1 xal yox, maksimum 5 xal qazanacaq. Bu da problemi həll etmir. Sistematik olaraq hansısa uğurlar qazanmaq istəyiriksə, bünövrəsi düzgün qurulmalıdır. Məsələn, "Qarabağ" klubu kimi. Bu klub 8 ildir avrokuboklarda iştirak edir. Bu mövsüm isə Konfrans Liqasının qrupundan çıxaraq uzun illər aparılan siyasətin və görülən işin məntiqli nəticəsini ortaya qoydu. "Qarabağ" ölkə futbolunun bu qədər bərbad durumda olmasına baxmaraq, belə uğurlar qazanır. Onlardan öyrənmək lazımdır. Bu, qəbahət deyil, hamımız eyni ölkədə yaşayırıq".

"Yuxarıdan-aşağı ciddi dəyişikliklər lazımdır. Bizim hansısa qərəzimiz yoxdur. Uzun müddətdir ki, bütün yığmalar nəticə qazanmırsa, deməli, kimsə bu işin öhdəsindən gələ bilmir. Futbolçular yoxdursa, bu, kimin problemidir? Deyirlər ki, klublarda oyunçu yetişmir. Harada klub var? Niyə "Keşlə"yə ayrılan milyonlar bölgə təmsilçilərinə sərf olunmur. "Səbail", "Zirə" və "Sabah"a ayrılan vəsaitlər bölgə komandalarına sərf olunsaydı, daha düzgün olmazdımı? "Keşlə"nin büdcəsi ilə regionda 5 komanda saxlamaq olar. 5 klub isə 5 şəhər deməkdir. Beləliklə, çox sayda yeniyetmə və gənc futbolçular üzə çıxardı. Federasiyaya gələn maliyyədən doğru istifadə olunmalıdır. Bu işi bacarmırsansa, sən çıxıb getməlisən. Bunun başqa çıxış yolu yoxdur. İnfrastrukturumuz var, nəticə yoxdursa, deməli idarəetmədə problem var. Klublarla bağlı siyasət dəyişilməlidir. Bu siyasəti yeridənlər isə öz işlərini başqalarına təhvil verməlidir", - deyə o qeyd edib.

Zaur Ramazanov: "Təklif edirəm ki, baş katibi də legioner edək"

Azərbaycan millisinin sabiq futbolçusu Zaur Ramazanov isə Lüksemburqla oyunda müdafiə futbolu sərgiləməyin düzgün olmadığını deyib: "7-8 oyunçu ilə müdafiə olunurduq. Komandanın artıq bir xalı var. Bundan sonra uduzsanız nə olacaq? Elə etmək lazım idi ki, camaat oyundan həzz alsın. Niyə biz gözləməliyik ki, rəqib topu nə vaxtsa itirəcək və gedib qol vuracağıq. Meydandakı oyun çox gülməli idi. Belə oyun olmur. Mahir Emrelinin səhvindən qol buraxdıq, Tellur Mütəllimov isə komandasını azlıqda qoydu. Bu, oyun deyil. Belə qarşılaşmaya baxmaq üçün maraq da olmur. Milli komandada o qədər çatışmazlıq var ki, onun haqqında səhərədək danışmalısan. Futbolçularımız 3-4 ardıcıl ötürmə verə bilmirdilər. 67-ci dəqiqə idi, biz hələ çərçivəyə düşə bilməmişdik. Biz Lüksemburq kimi komandaya qarşı çərçivəyə düşməkdə çətinlik çəkirik. Bu, Portuqaliya və ya Serbiya deyil. Həqiqətən çox gülməlidir. Bizim futbolu bu günə salanlar var. Azərbaycan yığması Fransaya 0:10 hesabı ilə uduzanda 10 dəfə hücum etmişdi. Amma onu indi görmürük".

45 yaşlı keçmiş hücumçunun sözlərinə görə, baş məşqçinin dəyişilməsi ilə nəticələr dəyişməyəcək: "Sabah yeni baş məşqçi gələcək və eyni nəticə qeydə alınacaq. AFFA rəhbərliyi kökündən dəyişməlidir və iş getməlidir. 8 komandalı çempionat bizə nə verəcək? Əlbəttə, heç nə. Gedib İvanı, Andreyi gətirib milliləşdirməklə elə bilirlər ki, hər şey düzəldi. Yerli futbolçular yetişdirmək lazımdır. Milli komandada futbolçu legioner, həkim legioner, Hakimlər Komitəsinin sədri də legionerdir. Təklif edirəm ki, baş katibi də legioner edək. Bəlkə onda işimiz düzələr. Dünənki oyun hər şeyi göstərdi. Lüksemburqun gəlib Bakıda bizi 3:1 hesabı ilə udması biabrçılıqdır. Lixtenşteyn və bizim milli komandanın bir xalı var".

Ramazanov baş məşqçinin və futbolçuların üstünə düşməyin çox lazımsız olduğunu vurğulayıb: "Niyə yerli baş məşqçi yığmada işləməməlidir? Mahmud Qurbanov və Rəşad Sadıqovu bu posta namizəd göstərə bilərəm. Amma yeni gələn baş məşqçiyə də ən azı 5 il vaxt lazımdır. Onsuz da hazırkı rəhbərlik vaxtımızı əlimizdən alıb, futbolumuz geriyə gedir. Bir azdan eşidəcəyik ki, Lixtenşteynin də bizi Bakıda udub. Halbuki U-21 yığması bunu bu yaxınlarda bacarıb. Aşağı yaş qruplarından ibarət yığmalar da vəziyyət pis gündədir. Bir dənə ürəkaçan nəticə yoxdur. Hamısını da izləyirəm. U-21-in baş məşqçisi də serbiyalı Milan Obradoviçdir. Bizə elə mütəxəssislə lazım deyil. Öz baş məşqçilərimiz olmalıdır. Belələri yalnız kimlərinsə xeyirlərini güdürlər".

Keçmiş forvard Azərbaycan futbolunun gələcəyinin yaxşı görünmədiyini deyib: "Belə davam edəcəyinə inanmıram. Bu rəhbərliyin bir sonu olmalıdır. İnanıram ki, nöqtəni də bu yaxınlarda qoyacaqlar. Federasiya rəhbərliyi dəyişməli və cavan kadrlar gəlməlidir".

Georgi Nikolov: "Yığmanın zəif inkişafında klublar günahkardır"

Gələn ildən "Şamaxı" adlanacaq Bakı "İnter"inin sabiq prezidenti Georgi Nikolov isə milli komandanın uğursuz nəticələrində klubları günahlandırıb. O, "Report"a açıqlamasında Lüksemburqa məğlubiyyətlərin tendensiya xarakteri almasına özünəməxsus reaksiya verib: "Məşhur sözümdən yenə yararlanmağa məcburam: Artıq bu Lüksemburqa abunəçi olmusunuz (gülür - red.). Onlara qalib gəlmək vaxtıdır. Sadəcə, acınacaqlıdır. Millətlər Liqasındakı məğlubiyyəti də nəzərə alsaq, Lüksemburqa üçüncü dəfədir yenilirsiniz. Çox güman ki, onlar sizdən güclüdürlər. Başqa cür aydınlıq gətirə bilmərəm".

Bolqarıstanlı keçmiş klub funksionerinin fikrincə, Azərbaycan Premyer Liqasında rəqabətin zəifliyi yığmaya da təsirsiz ötüşməyib: "Premyer Liqanızdakı cəmi 8 komanda qalıb. Bu isə belə bir qənaətə gəlməyə əsas verir ki, rəqabət zəifdir. Milli komanda futbolun inkişaf göstəricisidir. Bu, təkcə Azərbaycanda deyil, Bolqarıstan və Almaniyada da belədir. Futbol necə inkişaf edirsə, yığma da o cür çıxış edir. Haradasa axsama olsa, milli komanda da yaxşı çıxış edə bilməz. Sadə bir misala diqqət yetirin: Hazırda sizin yüksək liqada 8 klub var. Hər bir klubda 20-25 futbolçu varsa, bu, ümumilikdə maksimum 200 oyunçu deməkdir. Yəni, hazırda Azərbaycanda 200 yüksək səviyyəli futbolçu çıxış edir. Yəqin ki, onların yarısı legionerdir. Yəni, baş məşqçi Canni De Byazi cəmi 100 azərbaycanlı futbolçuya ümid edə bilər. Bu isə çox azdır. De Byazi isə ümumilikdə 40 futbolçu arasından seçim etdiyini bildirir. Görürsünüz, hətta daha azdır. Mən dediyimdən 2,5 dəfə az. De Byazi bu baxımdan çox məhdud seçim imkanına malikdir. Bundan isə yığma əziyyət çəkir".

Nikolovun fikrincə, futbol öz yerində addımlayırsa, yığmadan xüsusi nəticələr gözləməyə dəyməz: "Milli assosisasiya nədə günahkar ola bilər?! Klublar öz yolları ilə inkişaf etməli, öz kadrlarını yetişdirməlidir. Ola bilsin, AFFA-nın da hansısa düzgün olmayan addımları var. Amma klublar uşaq komandalarından əsas kollektivdəki futbolçularadək hamını ortaya çıxarmalıdır. Bu baxımdan, AFFA-nın hansısa günahının olduğunu deyə bilmərəm. Yığmanın zəif inkişafında klublar günahkardır".

Son xəbərlər

Orphus sistemi