Azərbaycan millisi ilə Makedoniya yığması arasında yoldaşlıq görüşü keçiriləcək

Azərbaycan millisi ilə Makedoniya yığması arasında yoldaşlıq görüşü keçiriləcək Oyunu Halis Özkahyanın başçılığı altında türkiyəli hakimlər briqadası idarə edəcək
Futbol
27 Mart , 2018 06:45
Azərbaycan millisi ilə Makedoniya yığması arasında yoldaşlıq görüşü keçiriləcək

Bakı. 27 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşünü keçirəcək.

"Report"un məlumatına görə, rəqib Makedoniya yığması olacaq.

Türkiyənin Antalya bölgəsindəki "Mardan" stadionunda gerçəkləşəcək oyunu Halis Özkahyanın başçılığı altında türkiyəli hakimlər briqadası idarə edəcək. Bu görüşdə Azərbaycan futbolu tarixində ilk dəfə VAR (video assistant referee) sistemi tətbiq olunacaq. Bununla əlaqədar Türkiyə Futbol Federasiyası AFFA-ya və Makedoniya Futbol Federasiyasına müraciət edib. Hər iki milli assosiasiya müraciəti müsbət cavablandırıb.

Digər tərəfdən, Azərbaycan millisi yeni baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında üçüncü matçına çıxacaq. 2018-ci ildə ilk sınaq yanvarın 30-da elə "Mardan"da Moldova ilə görüşə təsadüf edib. Oyun qolsuz tamamlanıb. İkinci görüş martın 23-də Bakı Olimpiya Stadionunda gerçəkləşib. Bu dəfə qonaqlar qələbə qazanıb - 1:0. Qolu Maksim Medvedev öz qapısına vurub.

Bugünkü rəqib isə daha səviyyəli və arzuolunmaz komandalardandır. Hazırda FİFA reytinqində 75-ci pillədə qərarlaşan Makedoniya ilə əvvəlki 6 qarşılaşmada 5 dəfə məğlub olan Azərbaycan yığması cəmi 1 heç-heçə ilə kifayətlənib. 2001-ci il sentyabrın 5-də keçirilmiş dünya çempionatının seçmə qrup matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Məğlubiyyətlərdən 4-ü yoldaşlıq görüşlərində qeydə alınıb:

27.07.2000 Makedoniya - Azərbaycan 2:1 (YO)

06.10.2000 Makedoniya – Azərbaycan 3:0 (DÇ-2002)

05.09.2001 Azərbaycan – Makedoniya 1:1 (DÇ-2002) (Fərrux İsmayılov, 90 - Vanço Trayanov, 12)

29.05.2010 Azərbaycan – Makedoniya 1:3 (YO) (İvan Triçkovski, 27. Rəşad Sadıqov 66-ö/q. Mario Curovski, 88 - Elvin Məmmədov, 89)

10.08.2011 Azərbaycan – Makedoniya 0:1 (YO) (Qoran Pandev, 57)

29.05.2016 Azərbaycan – Makedoniya 1:3 (YO) (Maryan Radeski, 19. Qoran Pandev, 33. İliya Nestorovski, 90 - Əfran İsmayılov 73-p)

Azərbaycanla matçdan əvvəl Makedoniya millisi Antalyada Finlandiya ilə yoldaşlıq görüşü keçirib. Oyun qolsuz yekunlaşıb - 0:0.

Qurban Qurbanovun rəhbərliyi altında Antalyaya 23 futbolçu yollanıb. Onlardan Pavel Paşayev zədə səbəbindən Makedoniya ilə matçı buraxmalı olacaq.

27 mart

Yoldaşlıq görüşü

20:00. Azərbaycan - Makedoniya

Baş hakim: Halis Özkahya

Hakimlər: Kerem Ersoy, Kemal Yılmaz, Ali Palabıyık

VAR hakimləri: Cüneyt Çakır, Hüseyin Göçek (hamısı Türkiyə)

Antalya, "Mardan" stadionu

Son xəbərlər

Orphus sistemi