Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçuları martın 9-da Dohada Qətər yığmasına qarşı baş tutmuş yoldaşlıq görüşü ilə bağlı fikirlərini bölüşüblər.
"Report"un məlumatına görə, yığma üzvləri affa.az-a açıqlamalarında 2:1 hesablı səfər qələbəsini şərh ediblər.
"Qəbələ" komandasının yarımmüdafiəçisi Cavid Hüseynov bildirib ki, Qətər yığması texnikaya üstünlük verən kollektivdir. O, qarşıda Almaniya ilə çətin oyun olduğunu söyləyib: “Rəqibin oyunlarını izləmişdik. Nəyə qadir olduqlarını bilirdik. Texniki futbola üstünlük verən komanda idi. Səfərdəki qarşılaşmanın çətin keçəcəyini bilirdik. Elə də oldu. Yaratdığımız imkanlardan istifadə edib qələbə qazanmağı bacardıq. Öz oyunum haqda nəsə deməyim düzgün olmaz. Yaxşı olar ki, bu barədə mütəxəssislər fikir bildirsinlər. Komandaya yeni cəlb olunan gənc futbolçular da özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. İndi bizi Almaniya ilə çətin oyun gözləyir. Əlbəttə, əlimizi-qolumuzu sallamaq fikrimiz yoxdur. Rəqibin adından asılı olmayaraq, nəticə qazanmaq istəyirik”.
Hazırda yaxşı formada olduğunu bildirən Bakının "İnter" komandasının hücumçusu Rauf Əliyev də yığmanın çıxışından razı qalıb. 29 yaşlı futbolçu milli komandaya dəvət almaq üçün əlindən gələni edəcəyini söyləyib: “Hər iki komandanın qol vurmaq şansları var idi. Almaniya ilə vacib oyunöncəsi bizim üçün yaxşı hazırlıq matçı oldu. Qələbə qazandığımız üçün sevincliyik. Hər oyundan qalib ayrılmaq istəyirik. Uzun fasilədən sonra yenidən milliyə dəvət aldım, ikinci hissədə oynamaq imkanı qazandım. Hər oyunda olduğu kimi, Qətər yığması ilə matçda da əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Hazırda yaxşı formadayam. Çempionat oyunlarında var gücümlə çalışırıram ki, milli komandaya dəvət alım”.
Qətərlə görüşdə Azərbaycan milli komandasında debüt edən Mahir Mədətov da təəssüratlarını bölüşüb. "Qarabağ"da çıxış edən 20 yaşlı hücumçu bu görüşün onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini dilə gətirib: “Maraqlı oyun oldu. Hər iki komanda açıq futbola üstünlük verirdi. Məşqçimizin verdiyi tapşırıqları yerinə yetirib qələbə qazandıq. Bu oyun mənim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Çünki əsas millidə ilk dəfə debüt edəcəkdim. Həyəcan yox idi desəm, yalan olar. Baş məşqçi Robert Prosineçkiyə özümü göstərmək istəyirdim. Gənc oyunçu üçün bu, böyük bir məsuliyyətdir. Düşünürəm ki, bunu bacardım. Əlbəttə, bununla kifayətlənməməliyəm. Növbəti toplanışlara da dəvət alsam, komandaya faydalı olmaq üçün bacardığımın ən yaxşısını etməyə çalışacam”.
"İnter"in qapıçısı Səlahət Ağayev də Qətərə qarşı görüşün Almaniya milli komandası ilə oyun ərəfəsində əhəmiyyətindən danışıb. O, Dohada eyni səviyyəli iki komandanın qarşılaşdığını qeyd edib: “Rəqibimiz zəif komanda deyildi. Eyni səviyyəli iki komandanın qarşılaşması oldu. Oyuna yaxşı başlasaq da, fasiləyə qədər qol vura bilmədik. Hesabı ikinci hissədə açdıq, təəssüf ki, tez də qol buraxdıq. Amma qələbə topunu vurmağa nail olduq. İkinci hissədə daha əzmkar mübarizə apardıq. Almaniya ilə oyundan əvvəl bu nəticə bizim üçün vacib idi. Yenə deyirəm, Qətərin zəif rəqib olduğunu iddia etmək düzgün deyil. Baş məşqçimiz də qeyd edib ki, rəqib futbol oynamağı bacardığını meydanda göstərdi. Oyunun gedişi, axarı da bu qənaətə gəlməyə əsas verir".
Namik Ələskərov isə bildirib ki, oyun həm maraqlı, həm də çətin keçib. "Neftçi" komandasının 22 yaşlı hücumçusu bu qələbənin özünəinam hissini artıracağını deyib: "Almaniya ilə oyunöncəsi yaxşı təcrübə qazandıq. Meydanda bərabər səviyyədə mübarizə getdi. Hər iki komandanın real qol epizodları oldu. Bu matç bizdə özünəinamı artırdı. Almaniya ilə qarşılaşmada hansı taktiki sxemlə oynayacağımıza baş məşqçi qərar verəcək. Bizim işimiz həmin matça ciddi hazırlaşmaqdır”.
Qeyd edək ki, Azərbaycan milli komandası martın 26-da 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Almaniya yığması ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.