Azərbaycan - Makedoniya matçındakı penalti epizodu zamanı hakimlər arasındakı dialoq üzə çıxıb

Azərbaycan - Makedoniya matçındakı penalti epizodu zamanı hakimlər arasındakı dialoq üzə çıxıb Bu barədə Hakimlər Komitəsinin rəhbəri Yusuf Namoğlu açıqlama verib
Futbol
29 Mart , 2018 17:35
Azərbaycan - Makedoniya matçındakı penalti epizodu zamanı hakimlər arasındakı dialoq üzə çıxıb

Bakı. 29 mart. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində Azərbaycan və Makedoniya yığmaları arasında keçirilmiş yoldaşlıq görüşündəki ikinci penalti epizodu zamanı referi Halis Özkahya ilə videotəkrar (VAR) hakimi Cüneyt Çakırın dialoqu üzə çıxıb.

“Report” "Doğan" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin rəhbəri Yusuf Namoğlu açıqlama verib.

O, qarşılaşmanın 20-ci dəqiqəsində Azərbaycan yığmasının qapısına təyin olunan penalti epizodunda ədalət təmsilçiləri arasında belə bir söhbətin baş tutduğunu deyib:

ÇÜNEYT ÇAKIR: Halis, gözlə, epizodu incələyirik. Halis, nəyə qayda pozuntusu dedin?

HALİS ÖZKAHYA: Təmasa. Ayaqla təmasa.

CÜNEYT ÇAKIR: Epizodu incələdik. Qayda pozuntusu cərimə meydançası daxilindədir. Penaltı verə bilərsən. İzləməyinə gərək yoxdur. İşarəni göstər və penalti təyin et.

Bundan sonra qərar dəyişib və Makedoniya yığması penalti qazanıb. Azərbaycan yığmasının futbolçularından heç biri buna etiraz etməyib.

Namoğlu bildirib ki, qarşılaşmada təyin olunan hər iki penalti epizodunda VAR sistemi öz töhfəsini verib: “Əvvəlcə Azərbaycanın lehinə penalti verildi. Bu zaman futbolçunun rəqibini itələdiyi referiyə bildirildi. İkinci epizodda isə Halis qayda pozuntusu qərarı vermişdi. İçəridə, yoxsa kənarda – tərəddüdü olduğu bir vaxtda VAR müdaxilə etdi. Çüneyt, təxminən, 10 saniyə içində vəziyyəti soruşdu və penalti təyin etməyin gərəkliyini söylədi. Bu penalti olmasaydı, Azərbaycan 1:0 hesabı ilə qalib gələcəkdi. Amma 1:1 bitdi. Yəni VAR sistemi sayəsində hər kəsin doğru saydığı qərar ortaya çıxdı”.

Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan matçın 6-cı dəqiqəsində hesabı Azərbaycan millisi açıb. Riçard Almeyda penaltidən fərqlənib. Makedoniya yığmasının qoluna isə Aleksandar Traykovski imza atıb.

Son xəbərlər

Orphus sistemi