Azərbaycan Kuboku: "Qəbələ" və "Səbail" 1/4 finala yüksəlib

Azərbaycan Kuboku: "Qəbələ" və "Səbail" 1/4 finala yüksəlib Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib.
Futbol
802
10 Dekabr , 2021 18:49
Azərbaycan Kuboku: Qəbələ və Səbail 1/4 finala yüksəlib

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, "Dalğa Arena"da I Divizion təmsilçisi MOİK və Premyer Liqada mübarizə aparan "Qəbələ" komandaları üz-üzə gəlib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 34-cü dəqiqədə meydan sahiblərinin hücumçusu İlham Allahverdiyev açıb. "Qəbələ" bərabərlik qolunu 55-ci dəqiqədə vurmağa müvəffəq olub. 75-ci dəqiqədə Elşən Veysov qırmızı vərəqə alaraq, "hərbçilər"i azlıqda qoyub. "Qırmızı-qaralar" say üstünlüyündən 88-ci dəqiqədə yararlanıb. Ülvi İsgəndərov qələbə topunu vuraraq, "Qəbələ"ni 1/4 finala çıxarıb.

Növbəti mərhələdə rəqib "Sumqayıt" olacaq.

Qeyd edək ki, günün ilk oyununda "Səbail" səfərdə "Zaqatala"ya 3:1 hesabı ilə qalib gələrək, 1/4 finalda "Zirə"yə rəqib olub. 1/8 finalın digər 2 matçı dekabrın 11-də oynanılacaq. Kubokun son qalibi "Keşlə" "Qaradağ Lökbatan"ı, "Sabah" isə "Kəpəz"i qəbul edəcək.

15:53

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib.

"Report"un məlumatına görə, günün ilk oyununda Premyer Liqa təmsilçisi "Səbail" I Divizionda çıxış edən "Zaqatala"nın qonağı olub.

Qarşılaşma paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 48-ci dəqiqədə Mirsayib Abbasov qonaqları hesabda önə keçirib. 57-ci dəqiqədə Roini İsmayılov tarazlığı bərpa edib. 10 dəqiqə sonra Əfran İsmayılov penaltini dəqiq yerinə yetirib. Mirsayib Abbasov 90+2-ci dəqiqədə özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.

"Dənizçilər" 1/4 finalda "Zirə" ilə üz-üzə gələcək. Bu raundun ilk qarşılaşmaları 1-2 fevralda, cavab görüşləri isə 12-13 fevralda gerçəkləşəcək.

Qeyd edək ki, günün digər oyununda "Qəbələ" MOİK-in qonağı olacaq. 1/8 finalın digər 2 matçı dekabrın 11-də oynanılacaq. Kubokun son qalibi "Keşlə" "Qaradağ Lökbatan"ı, "Sabah" isə "Kəpəz"i qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi