Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə yekun vurulub.
"Report"un məlumatına görə, günün ikinci cavab oyununda "Zirə" "Keşlə"ni qəbul edib.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmada qonaqlar qələbə qazanıb. Görüşdə hesab 48-ci dəqiqədə açılıb. "Keşlə"nin heyətində Şəhriyar Əliyev avtoqol müəllifi olub.
66-cı dəqiqədə Sezar Meza Kolli hesabı bərabərləşdirib. 30 yaşlı paraqvaylı yarımmüdafiəçi 90+1-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.
"Zirə" ilk görüşdə 2:1 hesablı qələbə qazandığından, matçda əlavə vaxt oynanılıb. 92-ci dəqiqədə Sezar Meza Kolli özünün və komandasının üçüncü qoluna imza atıb. 112-ci dəqiqədə Klesio Bauk fərqi azaltsa da, "Keşlə" yekunda 3:2 hesablı qələbəyə sevinib.
Beləliklə, "Keşlə" tarixində 6-cı dəfə Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb. Komanda həlledici qarşılaşmada "Sumqayıt"la üz-üzə gələcək. Final oyunu mayın 24-də "Bank Respublika Arena"da gerçəkləşəcək.