Azərbaycan klublarının Antalya məyusluğu - Dubaya aparan yol - ARAŞDIRMA

Azərbaycan klublarının Antalya məyusluğu - Dubaya aparan yol - ARAŞDIRMA Bakı. 28 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən komandalar ölkə xaricində təlim-məşq toplanışını başa vurublar.
Futbol
2708
28 Yanvar , 2019 16:23
Azərbaycan klublarının Antalya məyusluğu - Dubaya aparan yol - ARAŞDIRMA

Bakı. 28 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən komandalar ölkə xaricində təlim-məşq toplanışını başa vurublar.

“Report” xəbər verir ki, ənənəvi olaraq Türkiyənin Antalya bölgəsinə yollanan elita təmsilçilərinin əksəriyyəti bu dəfə planlaşdırdıqları şəkildə hazırlıq keçə bilməyiblər. Yanvar ayı üçün Araqlıq dənizi sahillərinə xas olmayan yağışlı hava şəraiti ora üz tutan futbol klublarına problem yaradıb.

Aralıq sahilində yağış kabusu

Ötən il olduğu kimi, Premyer Liqada yarışan 8 klubun hamısı Antalyaya üz tutub. “Qarabağ”, “Sumqayıt”, “Keşlə” və “Zirə” Belek, “Səbail”, “Sabah” və “Qəbələ” Lara, “Neftçi” isə Manavqat qəsəbəsində məskunlaşıb.

Yanvar ayı ərzində Aralıq sahillərində hökm sürən yağıntılı və küləkli hava şəraiti üzündən komandalar istədikləri kimi hazırlıq keçə bilməyiblər. Əvvəlki illərdə hava şəraitinin əlverişsizliyinə nadir hallarda rast gəlinsə də, bu dəfə hər şey əndazəni aşıb. Leysandan əlavə, dolu yağması və fırtına üzündən nəinki oyunlar, hətta açıq havada məşqlər də baş tutmayıb. Nəticədə futbolçular daha çox trenajor zalında çalışmalı olublar. Həmçinin müxtəlif səbəblərdən Azərbaycan təmsilçilərinin 7 oyunu ləğv olunub. Ümumilikdə, 6 matçda isə rəqib əvəzlənib.

“Qarabağ”ın “Botoşani” (Rumıniya), “Qəbələ”nin “Fakel” (Rusiya, I Divizion) və “Zirə”nin “Taraz” (Qazaxıstan) komandaları ilə görüşləri əlverişsiz hava şəraiti üzündən baş tutmayıb. “Səbail”in “Kaysar” (Qazaxıstan) klubu ilə dueli 20-ci dəqiqədə leysan üzündən yarımçıq dayandırılıb və ləğv olunub. “Sumqayıt”ın isə Almaniyanın Regional Liqa təmsilçisi “Optik Ratenov”la oyunu analoji səbəbə görə fasilədən sonra davam etdirilməyib.

“İstiqlal” (İran) komandası ilə matç “Neftçi”nin baş məşqçisi Roberto Bordinin istəyi ilə ləğv edilib. “Sumqayıt” - “Çelik” (Bosniya və Herseqovina) qarşılaşması isə rəqibin imtinası səbəbindən keçirilməyib.

Əvəzləmələrə gəlincə, Antalyaya gəlmədiyi üçün “Konkordiya” (Rumıniya) klubunun “Keşlə” və “Zirə” ilə matçları baş tutmayıb. Nəticədə başqa rəqiblər tapılıb. “Qarabağ”ın “Paxtakor” (Özbəkistan) komandası ilə oyunu da analoji səbəbdən keçirilməyib. “Keşlə”nin “Okjetpes” (Qazaxıstan) ilə görüşü rəqib komandanın baş məşqçisi dəyişdiyi üçün gerçəkləşməyib. “Zirə” isə hava şəraiti üzündən hazırlıq proqramına yenidən baxmalı olub. Bu səbəbdən “Vorskla” (Ukrayna) və “Şkupi” (Makedoniya) ilə matçlar əvəzlənib.

Autsayderin hegemonluğlu, yerlilərin kölgəsində qalan legionerlər

Azərbaycan klubları Antalya toplanışı ərzində ümumilikdə 28 oyun keçirib. Premyer Liqa təmsilçiləri bunlardan 15-də qalib gəldikləri halda, 7-də heç-heçə edib və 6 görüşdən məğlub ayrılıblar. Top fərqi də onların lehinədir – 50:35. Türkiyədə ən yaxşı göstəriciyə ölkə çempionatında sonuncu pillədə qərarlaşan “Zirə” imza atıb. Samir Abasovun rəhbərlik etdiyi kollektiv keçirdiyi 3 oyunun hamısında qalib gəlməklə bərabər, 4 qola qarşılıq, qapısını toxunulmaz saxlayan yeganə komanda olub. Lakin ən çox xalı "Səbail" əldə edib. Fərq isə ondadır ki, Aftandil Hacıyevin baş məşqçi olduğu komanda 3 yox, 4 oyun keçirib. “Qartallar”la yanaşı, “Sabah” və “Sumqayıt” da toplanış dönəmində uduzmayıb.

Antalyada ən çox topu “Sabah” buraxıb – 7 qol. Debütant həm də hamıdan çox – 10 top vurub. Cəmi 2 qol vuran “Keşlə” isə ən zəif göstəriciyə malikdir. Premyer Liqa komandalarının 50 qolunun 29-nu yerlilər, 21-ni legionerlər vurub. Ümumilikdə 40 futbolçu fərqlənib. “Sabah”ın 8, “Neftçi” və “Sumqayıt”ın hərəyə 6, “Qarabağ”la “Qəbələ”nin hərəyə 5, “Səbail” və “Zirə”nin hərəyə 4, “Keşlə”nin isə 2 oyunçusu rəqib qapısına yol tapıb. “Səbail”in üzvləri - Kevin Kubemba ilə Orxan Qurbanlı hamıdan çox – 3 qol vurublar. Baxışda olan cəmi bir nəfər fərqlənib. Bu, “Qəbələ”nin sınayıb, bəyənmədiyi braziliyalı Vellerson da Silvadır.

8 kluba 6 transfer

Oyunların təxirə salınması və əvəzlənməsi öz yerində, builki Antalya toplanışı Azərbaycan klublarının transfer bazarında passivliyi ilə diqqət çəkib. 8 Premyer Liqa təmsilçisi Türkiyədə olduqları dönəmdə ümumilikdə 6 futbolçunun keçidini reallaşıdırıb. “Neftçi” Vangelis Platellası (OFİ, Yunanıstan), “Qarabağ” Hacıağa Hacılı (“Qəbələ”) və Riçard Almeydanı (“Astana”, Qazaxıstan - icarə), “Sabah” Coşqun Diniyevi (“Qarabağ”), "Sumqayıt” Peyman Babayini (“Maşinsazi”, İran - icarə), “Zirə” isə Mfo Kqasvaneni ("Baroka", CAR) heyətinə qatıb.

Baxışa gələnlərin sayı isə 15-ə çatmayıb və onların əksəriyyəti bəyənilməyib. “Qəbələ” Mateus Fornazari, Josiel, Vellerson da Silva və Kayo Nevesdən ibarət braziliyalı “üçlüy”ü geri yollayıb. “Səbail” Jeison Vandemar de Lara Lo, Aleksey Qasilin və İqor Ristivoyeviçi sınasa da, onlardan yalnız sonuncunun qalma ehtimalı var. “Keşlə” Mergim Brahimi, “Sumqayıt” isə Elvin Bədəlov, Valeh Seyidov və Peyman Keşavarz barədə yekun qərar verməyib. “Neftçi” Yesse Sekidikanı bəyənməyib. Aleşandre Kriştovan isə ailə problemlərini əsas gətirərək “Sabah”ın düşərgəsində ayrılıb...

Antalyaya alternativ axtarışı

Yağışın yol açdığı problemlərə rəğmən, Antalya toplanışını müsbət dəyərləndirmək olar. Komandalar istədikləri kimi məşq edə bilməsələr də, fərqli ölkələrdən gələn müxtəlif səviyyəli kollektivlərlə yoxlama oyunları keçiriblər ki, bu da təlim-məşq toplanışı üçün ən vacib məqamdır.

Ola bilsin, Azərbaycan klubları növbəti mövsümdə qış fasiləsi zamanı yenidən Türkiyəyə yollanmağa tərəddüd edəcəklər. Bəs Antalyaya alternativ varmı? Yanvarda klubların üz tutduqları ölkələrin sayı elə də çox deyil. Konkretləşdirsək, ərəb ölkələri və İspaniya variantları var. Məsələn, Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin formasını geyindiyi Rusiyanın “Krılya Sovetov” klubu ilə Qazaxıstan “Astana”sı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərinə üz tutub. Yaxın keçmişdə Azərbaycan yığması da Qətər və BƏƏ kimi ölkələrə gedib. Həmçinin vaxtilə "Xəzər Lənkəran"ın BƏƏ-də, “Bakı”nın İspaniyada lövbər saldığı vaxtlar olub. Lakin hazırda bu variantlar Azərbaycan klublarının büdcəsinə uyğun deyil. Düzdür, məsələn, “Qarabağ”ın belə bir addım atmağa maddi imkanı var. Ancaq indiki durumda, “palaza bürün, elnən sürün" deyimi daha keçərlidir. Lider “Neftçi” və ya “Keşlə” pula qənaət etmək üçün klubun avtobusunu da Antalyaya aparırsa, Dubaydan dəm vurub, İspaniyanı xəyal etmək yersiz olar.

Klubların qış fasiləsində Bakıda qalıb, mini-turnir təşkil etmələri də mümkündür. Ancaq bunu variant saymaq olmaz. Onsuz da 4 dövrəli sistemlə keçirilən Premyer Liqada bir komanda digəri ilə 4 dəfə qarşılaşır. Xarici komandaların Azərbaycana gəlməsi isə hələlik real deyil. Belədə ümid yenə Antalyaya qalır. Yağış-çovğun olsa belə, ən optimal variant Aralıq sahilləridir...

“Neftçi”
Toplanış müddəti: 13 – 27 yanvar
Məkan: Manavqat, “The Sense De Luxe” hoteli

Yoxlama oyunları:

18 yanvar - “Qaz Metan” (Rumıniya) – 3:0

Qollar: Rəhman Hacıyev, Əli Şirinov (2)

20 yanvar - “İstiqlal” (İran) – ləğv olunub

23 yanvar - “Slovan” (Çexiya) – 1:2

Qol: Mirabdulla Abbasov

26 yanvar - “Beroe” (Bolqarıstan) – 4:0

Qollar: Dario Frederiko (2), Baqali Dabo, Vangelis Platellas

“Qarabağ”
Toplanış müddəti: 6 – 27 yanvar
Məkan: Belek, “Gloria Sport” hoteli

Yoxlama oyunları:

12 yanvar - “Botoşani” (Rumıniya) – ləğv olunub

16 yanvar - “Paxtakor” (Özbəkistan) – əvəzlənib

16 yanvar - “Uypeşt” (Macarıstan) – 0:1

19 yanvar - “Bohemians” (Çexiya) – 3:1

Qollar: Filip Ozobiç, Donald Gerye, Simeon Slavçev

23 yanvar - “Pyast” (Polşa) – 1:1

Qol: Araz Abdullayev

26 yanvar - “Şaxtyor” (Ukrayna) – 1:3

Qol: Abdullah Zubir

“Səbail”
Toplanış müddəti: 12 – 25 yanvar
Məkan: Lara, “Miracle” hoteli

Yoxlama oyunları:

15 yanvar - “Akvital” (Macarıstan, I divizion) – 3:2

Qollar: Kevin Kubemba, Ruslan Qurbanov (2)

19 yanvar - “Sürix” (İsveçrə) – 1:1

Qol: Ağabala Ramazanov

21 yanvar - “Desna” (Ukrayna) – 2:1

Qollar: Orxan Qurbanlı, Kevin Kubemba

26 yanvar - “Raça Sport Klub” – 3:2

Qollar: Orxan Qurbanlı (2), Aqşin Qurbanlı

26 yanvar - “Kaysar” (Qazaxıstan) – 20-ci dəqiqədə yarımçıq dayandırılıb və ləğv olunub

“Sabah”
Toplanış müddəti: 2 – 23 yanvar
Məkan: Lara, “Titanik” hoteli

Yoxlama oyunları:

12 yanvar - “Eskişehirspor” (Türkiyə, I Divizion) – 1:0

Qol: Emil Qasımov

16 yanvar - “Tobol” (Qazaxıstan) – 2:2

Qollar: Rəşad Eyubov, Cavid İmamverdiyev

19 yanvar - MTK (Macarıstan) – 3:1

Qollar: Vadim Abdullayev, Marko Deviç, Cavid İmamverdiyev

22 yanvar - “Syon” U-21 (İsveçrə) – 4:4

Qollar: Marko Deviç, Elşən Abdullayev, Təmkin Xəlilzadə, Filip İvanoviç

“Qəbələ”
Toplanış müddəti: 13 - 27 yanvar
Məkan: Lara, “Trendy” hoteli

Yoxlama oyunları:

16 yanvarda - “Meppen” (Almaniya, II Divizion) – 1:2

Qol: Vellerson da Silva

20 yanvarda - “Yenisey” (Rusiya) – 2:2

Qollar: Rauf Əliyev, Sabien Lilay

24 yanvar - “Fakel” (Rusiya, I divizion) – ləğv olunub

26 yanvar - MTK (Macarıstan) – 3:2

Qollar: Cavid Hüseynov, Lalavele Atakora, Sabien Lilay

“Sumqayıt”
Toplanış müddəti:13 – 27 yanvar
Məkan: Belek, “IC Santai” hoteli

Yoxlama oyunları:

16 yanvar - “Jetısu” (Qazaxıstan) – 1:1

Qol: Ülvü İsgəndərov

19 yanvar - “Çelik” (Bosniya və Herseqovina) – ləğv olunub

22 yanvar - “Vardar” (Makedoniya) – 3:1

Qollar: Arif Daşdəmirov, Xəyal Nəcəfov, Elvin Məmmədov

26 yanvar - “Optik Ratenov” (Almaniya, Regional Liqa) – 0:1, ilk yarıdan sonra oyun dayandırılıb və ləğv olunub

26 yanvar - “Zemun” (Serbiya) – 2:1

Qollar: Yusif Nəbiyev, Ülvü İsgəndərov

“Keşlə”
Toplanış müddəti: 12 – 26 yanvar
Məkan: Belek, “Riu Kaya” hoteli

Yoxlama oyunları:

17 yanvar - “Okjetpes” (Qazaxıstan) – əvəzlənib

18 yanvar - Özbəkistan U-23 – 0:0

20 yanvar – “Dinamo” (Vranye, Serbiya) – 0:2

23 yanvar - “Konkordiya” (Rumıniya) - əvəzlənib

23 yanvar - “Atırau” (Qazaxıstna) – 1:3

Qol: Nikola Mitroviç

25 yanvar - “Çertanovo” (Rusiya, I Divizion) – 1:0

Qol: Azər Salahlı

“Zirə”
Toplanış müddəti: 13 – 27 yanvar
Məkan: Belek, “Alva Donna” hoteli

Yoxlama oyunları:

15 yanvar - “Taraz” (Qazaxıstan) - ləğv olunub

18 yanvar - “Konkordiya” (Rumıniya) – əvəzlənib

18 yanvar - “Voluntari” (Rumıniya) – 1:0

Qol: Pərdis Fərcad-Azad

22 yanvar - “Pakş” (Macarıstan) – 1:0

Qol: İlkin Qırtımov

23 yanvar - “Vorskla” (Ukrayna) – əvəzlənib

26 yanvar - “Şkupi” (Makedoniya) – əvəzlənib

26 yanvar - “Tambov” (Rusiya, I Divizon) – 2:0

Qollar: Bilal Həmdi, 42. Aleksandr Dedov, 54

Son xəbərlər

Orphus sistemi