Azərbaycan klubları Avropa Liqasının qrup mərhələsində son oyunlarını keçirəcək

Azərbaycan klubları Avropa Liqasının qrup mərhələsində son oyunlarını keçirəcək "Qarabağ" pley-offa vəsiqə, "Qəbələ" ilk xal uğrunda mübarizə aparacaq
Futbol
8 Dekabr , 2016 09:58
Azərbaycan klubları Avropa Liqasının qrup mərhələsində son oyunlarını keçirəcək

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycanın futbol üzrə Avropa Liqasının qrup mərhələsində təmsilçiləri olan "Qarabağ"la "Qəbələ" bu gün son turun oyunlarını keçirəcəklər. "Report"un məlumatına görə, Ağdam klubu pley-offa vəsiqə uğrunda mübarizədə həlledici matçın iştirakçısı olacaqsa, "qırmızı-qaralar" formal qarşılaşmaya çıxacaq. 

Qurban Qurbanovun komandası qrup lideri olan İtaliyanın "Fiorentina" klubunu qəbul edəcək. Ağdam təmsilçisi qalib gələcəyi halda, Yunanıstanda PAOK-la Çexiya "Slovan"ı arasındakı matçının nəticəsindən asılı olmayaraq, 1/16 finala yüksələcək. Özü də Azərbaycan çempionu buna qrup lideri kimi nail olacaq. "Qarabağ" heç-heçə edəcəyi halda da adını növbəti mərhələyə yazdıra bilər. Bunun üçün Saloniki təmsilçisinin evdə qalib gəlməməsi lazımdır. Florensiya komandasına isə qrupdan çıxmaq üçün bərabərlik də yetərlidir. İtalyanlar Bakıda uduzacaqları halda da pley-offa yüksələ bilərlər. Amma bunun üçün PAOK "Slovan"ı udmamalıdır.  

Qrupdan çıxma şansını itirən Roman Qriqorçukun komandası isə Almaniyada "Maynts"ın qonağı olacaq.

"Qırmızı-qaralar" bu mərhələdə keçirdiyi ilk 5 matçın hamısında meydanı məğlub tərk etdiyindən, hesabında xal yoxdur. Bugünkü oyun ilk xal, ilk qələbə qazanmaq baxımından son şansdır. Qeyd edək ki, "Qəbələ" qrupda debüt etdiyi ötən mövsümdə də qalib gələ bilə bilməyib, amma PAOK-la matçlarda qolsuz bərabərliklər sayəsində 2 xal toplaya bilib.

8 dekabr

Avropa Liqası, qrup mərhələsi, VI tur

J qrupu

20:00. "Qarabağ" (Azərbaycan) - "Fiorentina" (İtaliya)

Baş hakim: İvan Bebek

Yan xətt hakimləri: Tomislav Petroviç, Miro Qrqiç

Əlavə köməkçi hakimlər: Ante Vuçemiloviç-Simunoviç, Qoran Qabrilo

Dördüncü hakim: Qoran Pataki (hamısı Xorvatiya)

Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)

UEFA nümayəndəsi: Maykl Zoratti (Avstriya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu


C qrupu

22:00. "Maynts" (Almaniya) - "Qəbələ" (Azərbaycan)

Baş hakim: Simon Li Evans

Yan xətt hakimləri: Qaret Vin Cones, Leviss Ross Edvards

Əlavə köməkçi hakimlər: Brin Marxam-Cones, Nik Pratt

Dördüncü hakim: Daniel Bekett (hamısı Uels)

Hakim-inspektor: Are Habiçt (Estoniya)

UEFA nümayəndəsi: Eamon Nauqton (İrlandiya)

Maynts. "Maynts Arena" 

Son xəbərlər

Orphus sistemi