Azərbaycan klubları Antalyada yoxlama oyunlarına çıxacaq

Azərbaycan klubları Antalyada yoxlama oyunlarına çıxacaq "Neftçi" və "Sumqayıt" sonuncu, "Səbail" isə ilk oyununu keçirəcək
Futbol
19 Yanvar , 2017 12:53
Azərbaycan klubları Antalyada yoxlama oyunlarına çıxacaq

Bakı. 19 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində qış təlim-məşq toplanışını davam etdirən Azərbaycanın futbol klubları bu gün növbəti yoxlama oyunlarına çıxacaqlar. "Report"un məlumatına görə, "Sumqayıt" və "Neftçi" komandaları toplanış çərçivəsində sonuncu yoxlama görüşünü keçirəcək. 

"Gənclik şəhəri" təmsilçisinin ikinci sınaq matçındakı rəqibi Qazaxıstan "Atırau"sı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. "Sumqayıt" Antalyadakı ilk yoxlama görüşündə Albaniyanın "Skenderbeu" klubu ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Ardınca Özbəkistan "Nasaf"ı ilə qüvvəsini sınayan Samir Abasovun rəhbərlik etdiyi komanda 0:1 hesabı ilə məğlub olub.

"Neftçi" isə Rumıniyanın "Konkordiya” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Qarşılaşma saat 18:00-da başlayacaq. Elxan Abdullayevin rəhbərlik etdiyi komanda toplanış çərçivəsində 4 yoxlama görüşü keçirib. İlk olaraq, Türkiyə "Sivasspor"u ilə qolsuz heç-heçəyə razılaşan "ağ-qaralar" ardından Özbəkistanın "Nasaf" klubuna 0:1 hesabı ilə məğlub olub. 3-cü görüşdə Albaniyanın "Kukesi" komandasına uduzan (2:4) Bakı təmsilçisi növbəti qarşılaşmada Rusiya "Tosno"su ilə heç-heçə edib - 2:2. Yanvarın 4-dən Antalya hazırlığına start verən "Neftçi" ayın 21-də vətənə dönəcək.

Paytaxtın daha bir təmsilçisi "İnter" Tacikistan "İstiqlol"u ilə üz-üzə gələcək. Bu, Zaur Svanadzenin baş məşqçisi olduğu komandanın üçüncü sınağı olacaq. Oyun saat 18:00-da başlayacaq. İlk olaraq Qazaxıstanın "Ordabası" klubu ilə qolsuz heç-heçəyə razılaşan "bankirlər" ardınca Rumıniya "Botoşani"si ilə sülh bağlayıb - 1:1. "İnter" sonuncu yoxlama oyununu yanvarın 21-də Rusiya "Orenburq"una qarşı keçirəcək.

Azərbaycan I divizionunda çıxış edən "Səbail" klubu isə ilk matçına çıxacaq. Rəqib Qazaxıstan "Kıran"ı olacaq. Oyun saat 18:00-da start götürəcək. Elman Sultanovun rəhbərlik etdiyi komanda qardaş ölkədə 3 yoxlama görüşü keçirəcək. Yanvarın 24-də keçiriləcək qarşılaşmada rəqib müəyyənləşməsə də, "Səbail" ayın 26-da Macarıstan "Seged"i ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi