Futzal üzrə Azərbaycan millisi dünya çempionatının elit-raund mərhələsində ilk oyununu keçirib.
"Report"un məlumatına görə, rəqib Xorvatiya yığması olub. Osiek şəhərindəki “Qradski vrt Arena”da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 4-cü dəqiqədə Luka Periç açıb. 37-ci dəqiqədə isə Franko Yelovçiç son nöqtəni qoyub.
C qrupunda ilk turun digər matçında Rusiya Slovakiyanı darmadağın edib - 7:1. Bu nəticələrdən sonra Rusiya və Xorvatiya hərəyə 3 xalla ilk 2 pilləni bölüşür.
Azərbaycan və Slovakiya isə xalsızdır.
Yanvarın 30-da Azərbaycan yığması Rusiya ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Saat 23:00-da isə Xorvatiya - Slovakiya matçı start götürəcək.
Reqlamentə əsasən, elit-raundda qrup qalibi olacaq 4 komanda birbaşa dünya çempionatına yüksələcək. Qrupları ikinci pillədə başa vuranlar isə "pley-off"da üz-üzə gələcəklər. Mundial 12 sentyabr - 4 oktyabrda Litvada təşkil olunacaq.
Dünya çempionatı, elit-raund
C qrupu
29 yanvar
23:00. Xorvatiya - Azərbaycan - 2:0
Qol: Luka Periç, 4 Franko Yelovçiç, 37


