Azərbaycan futzal millisi Avropa çempionatında mübarizəni dayandırıb

Azərbaycan futzal millisi Avropa çempionatında mübarizəni dayandırıb Portuqaliya ilə oyunda ilk qolu Azərbaycan vursa da, sonradan qapısında 8 qol görüb
Futbol
6 Fevral , 2018 22:48
Azərbaycan futzal millisi Avropa çempionatında mübarizəni dayandırıb

Bakı. 6 fevral. REPORT.AZ/ Futzal üzrə Azərbaycan milli komandası Sloveniyanın paytaxtı Lyublyanada keçirilən Avropa çempionatında 1/4 final görüşünə çıxıb.

"Report"un məlumatına görə, rəqib Portuqaliya yığması olub.

Bu komandalar tarixlərində 12-ci dəfə üz-üzə gəliblər. Əvvəlki 11 qarşılaşmadan 8-də Portuqaliya qalib gəlmiş, 3-də isə heç-heçə qeydə alınmışdı. Azərbaycan millisinə ən yaxşı nəticələr göstərdiyi vaxtlarda - 2010-cu il Avropa çempionatının yarımfinal matçında penaltilər seriyasında, 2016-cı il dünya çempionatında isə 1/4 final oyununda 3:2 hesabı ilə qalib gələn prineylilər mane olmuşdular.

Bu dəfə də Azərbaycan millisinin qarşısını Portuqaliya kəsib. Hesabı ilk dəqiqənin tamamında milliləşdirilmiş legioner Eduardo açsa da, prineylilər dalbadal 8 qol vuraraq, böyük hesabla qalib gəliblər - 8:1. Qollardan 4-nün müəllifi rəqib komandanın kapitanı Rikardinyo olub. Portuqaliya yarımfinalda Rusiya ilə qarşılaşacaq.

Digər yarımfinalda isə Qazaxıstan Ukrayna - İspaniya matçının qalibini sınağa çəkəcək.

Qeyd edək ki, qrup mərhələsində Portuqaliya yığması Rumıniyaya 4:1, Ukraynaya isə 5:3 hesabı ilə qalib gələrək, 1-ci pillənin sahibi kimi 1/4 finala yüksəlib. Azərbaycan millisi Fransanı 5:3 hesabı ilə yensə də, İspaniyaya 0:1 hesabı ilə uduzub və qrup ikincisi kimi mərhələ adlayıb.

Avropa çempionatı, 1/4 final

6 fevral

21:00. Portuqaliya - Azərbaycan - 8:1

Qollar: Pedro Kari, 2:05`; 05:43`; Pani Varela, 9:40`; Rikardinyo, 10:31`; 19:32`; 25:31`; 31:15`; Bruno Koelyo, 24:09` - Eduardo, 0:55`

Hakimlər: Andrey Çernı (Çexiya), Saşa Tomiç (Xorvatiya), Kamil Çetin (Türkiyə)

"Stojitse" Arenası

Son xəbərlər

Orphus sistemi