Azərbaycan - Almaniya oyununa bir azarkeş maksimum 5 bilet ala biləcək

Azərbaycan - Almaniya oyununa bir azarkeş maksimum 5 bilet ala biləcək "Biletlərinin qara bazara çıxarılmasının qarşısını almaq üçün satışa əvvəlki oyunlarımızla müqayisədə daha tez başlamışıq"
Futbol
1676
19 Yanvar , 2017 14:08
Azərbaycan - Almaniya oyununa bir azarkeş maksimum 5 bilet ala biləcək

Bakı. 19 yanvar. REPORT.AZ/ 2018-ci il Dünya çempionatının seçmə qrup mərhələsində Bakıda Azərbaycan və Almaniya yığmaları arasındakı oyuna bir azarkeş maksimum 5 bilet ala biləcək.

"Report"un məlumatına görə, bu barədə AFFA-nın bilet satışı meneceri Kamran Abasov affa.az saytına müsahibəsində deyib.

O, bildirib ki, bu addım süni qiymət artımının qarşısını almaq üçündür: "Onlayn satış yanvarın 10-da başlayıb. Biletləri tickets.affa.az saytından əldə etmək olar. Fevralın 1-dən etibarən şəhərin müxtəlif yerlərində bilet satışı məntəqələri fəaliyyətə başlayacaq. Rəqib komandanı və stadionun tutumunun azlığını nəzərə alaraq, oyun biletlərinin qara bazara çıxarılmasının qarşısını almaq üçün satışa əvvəlki oyunlarımızla müqayisədə daha tez başlamışıq. Azarkeşlərin süni qiymət artımı və bilet tapa bilməmə kimi problemlərlə qarşılaşmamaları üçün tez bir zamanda onlayn şəkildə və ya 1 fevral tarixindən şəhərin müxtəlif yerlərində fəaliyyətə başlayacaq bilet satışı məntəqələrindən bilet əldə etməyə çağırırıq".

Qeyd edək ki, martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək C qrupunun Azərbaycan - Almaniya oyunu saat 20:00-da başlayacaq. Almaniya 12 xalla qrup lideridir. Azərbaycan millisi isə 7 xalla üçüncüdür.

Son xəbərlər

Orphus sistemi