Fan-klublar Premyer Liqanın azarkeşsiz keçirilməsi qərarına etiraz etmir - SORĞU

Fan-klublar Premyer Liqanın azarkeşsiz keçirilməsi qərarına etiraz etmir - SORĞU Xüsusi karantin rejimi 4 may saat 00:00-da başa çatacağı təqdirdə, Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə keçirilən yarışların bərpası planlaşdırılır. Bu barədə Peşəkar Futbol Liqasının (PFL) yaydığı bəyanatda bildirilib. Qeyd olunub ki, UEFA, FİFA, EPFL və digər beynəlxalq futbol qurumlarının tövsiyələrini, AFFA, klublarla aparılan müzakirələri və yarışların bitməsi üçün müəyyənləşdirilmiş mümkün tarixləri nəzərə alaraq, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpası nəzərdə tutulur.
Futbol
168
29 Aprel , 2020 18:26
Fan-klublar Premyer Liqanın azarkeşsiz keçirilməsi qərarına etiraz etmir - SORĞU

Xüsusi karantin rejimi 4 may saat 00:00-da başa çatacağı təqdirdə, Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə keçirilən yarışların bərpası planlaşdırılır. Bu barədə Peşəkar Futbol Liqasının (PFL) yaydığı bəyanatda bildirilib. Qeyd olunub ki, UEFA, FİFA, EPFL və digər beynəlxalq futbol qurumlarının tövsiyələrini, AFFA, klublarla aparılan müzakirələri və yarışların bitməsi üçün müəyyənləşdirilmiş mümkün tarixləri nəzərə alaraq, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpası nəzərdə tutulur.

PFL-in açıqlamasında o da bildirilib ki, koronavirus pandemiyası səbəbindən çempionat oyunları azarkeşsiz keçiriləcək.

Məsələnin komandalar qədər, tərəfdarlar üçün də aktuallığını nəzərə alaraq, "Report" ölkənin qabaqcıl fan-klubları ilə əlaqə saxlayıb.

“Forza Neftçi” Azad Azarkeş Qrupunun rəhbəri Sübhan Əliyev deyib ki, fan-klub üzvləri qərara görə üzülüblər: “Biz də gözləyirdik ki, futbol bərpa olunacaq, ya yox. Açığı, fan-klub olaraq oyunların azarkeşsiz keçirilməsi qərarına pis olduq. Çünki ömrümüzü “Neftçi”yə həsr etmişik. Ev, ya səfər, fərqi yoxdur. Daim komandamızın yanında olmaq istəyirik. Azarkeşlər stadiona buraxılmasalar belə, oyun günü kənardan kluba dəstək olacağıq. “Neftçi”siz qala bilmərik. Karantin dövründə nə qədər əziyyət çəkdiyimizi Allah bilir”.

Azarkeş qrupunun rəhbəri məyusluğa baxmayaraq, qərarı anlayışla qarşıladıqlarını bildirib: “Bu, tək Peşəkar Futbol Liqasının qərarı deyil. Bu xəstəlik yalnız Azərbaycanda deyil, bütün dünyada yayılıb. Yəqin ki, qərar verərkən insanları fikirləşiblər. Əsas xalqımızın sağlamlığıdır. Ona görə də haradasa başa düşürük. Bu qərar başqa bir səbəbdən verilsəydi, bəlkə də aqressiv qarşılayardıq. Bu gün pis oluruq, amma aqressiv deyilik. Dövlətimiz çalışır ki, vətəndaşları sağlam olsun. Avropada azarkeşlərin stadiona daxil olmasına icazə verildiyi halda, bizdə qadağa qoyulsaydı, etiraz edərdik. Baxırıq ki, hər yerdə eyni vəziyyətdir”.

S.Əliyev azarkeşlərə qoyulan qadağanın 2-3 turdan sonra götürülməsini arzulayır: “Heç olmasa, mövsümün son turlarını stadiondan izləmək istəyirik. “Neftçi”nin adı harada varsa, biz də orada olmuşuq, bundan sonra da olacağıq. Yəqin, məsələni öz aralarında müzakirə edib, sonda azarkeşlərin də ürəyincə olan qərar qəbul edərlər”.

“Qarabağ”ın “İmarət Tayfa” azarkeş qrupununun idarə heyətinin üzvü Elnur Quliyevin fikrincə, bu, insanların sağlamlığı üçün atılmış addımdır: “Hesab edirəm ki, bu bəla tamam çəkilsə, xəstəliyin kökü Azərbaycandan kəsilsə, azarkeşlərin stadiona girişində heç bir problem olmayacaq. Düzdür, futbol, "Qarabağ" üçün darıxmışıq. Amma hələlik buna məcburuq. Düşünürəm ki, doğru qərardır. Yoluxma artsa, avrokubok matçları, çempionat oyunları uzunmüddətli təxirə salına bilər. Ona görə də belə yaxşıdır”.

E.Quliyev matçların azarkeşsiz keçirilməsinin "Qarabağ"ın oyununa təsirsiz ötüşməyəcəyini bildirib: "Baş məşqçimiz Qurban Qurbanov, kapitanımız Rəşad Sadıqov, həmçinin futbolçularımız da vurğulayıblar ki, azarkeş amilinin komandaya təsiri var. Azarkeşli və azarkeşsiz matçlar arasında fərq var. Təbii ki, qarşılaşmaların azarkeşsiz keçirilməsi "Qarabağ"ın oyunlarına təsirsiz ötüşməyəcək. Amma bunun ciddi olacağını düşünmürəm. Sadəcə, tribunalarda tərəfdar olanda futbolçular daha motivasiyalı oynayırlar".

“Sumqayıt” fan-klubunun rəhbəri Sənan Mirzəyev deyib ki, oyunların azarkeşsiz keçirilməsi qərarının ən çox təsir edəcəyi klublardan biri məhz “gənclik şəhəri” təmsilçisidir: “Bəlkə də biri yox, birincisi bizik. Düzdür, bəzi klublar var ki, statistika baxımından azarkeş sayı bizdən çox görünür. Bunun əsas səbəbi onların stadionlarında azarkeş tutumunun çox olmasıdır. “Sumqayıt” 20 oyunun 10-nu evdə keçirib. Hər oyunumuza orta hesabla 1000-1500 insan gəlir. Bu isə hər qarşılaşmada tam göstərici deməkdir. Hətta “Qarabağ” və “Neftçi” kimi komandalarla matçlarımızı stadionun kənarından yüzlərlə tərəfdar izləyib. Amma nə etmək olar? Burada məqsəd xalqımızı bütün dünyanı lərzəyə gətirən koronavirus infeksiyasından qorumaqdır. Biz buna heç nə edə bilmərik. Həm azarkeş, həm də sıravi vətəndaş olaraq, bizim vəzifəmiz insanların sağlamlığı üçün atılan addımı dəstəkləməkdir”.

“Qəbələ”nin “Red-black army” fan-klubunun rəhbəri Cavad Şəriflinin sözlərinə görə, əsas məsələ insan sağlamlığıdır: "Çempionatın bərpası qərarı yaxşı oldu. Oyunların azarkeşsiz keçirilməsinə gəlincə, hər hansı təhlükə varsa, əsas insan sağlamlığıdır. İnsanların sağlamlığı baxımından önəmli qərardır. Çünki hərə bir evdən gəlir. Aramızda yaşlı insanlar, uşaqlar olur. Nə qərar verilibsə, biz də ona riayət edəcəyik”.

C.Şərifli hesab edir ki, qarşılaşmaların azarkeşsiz keçirilməsi qərarı “Qəbələ” kimi komandaların oyunlarına mənfi təsir edə bilər: “Düzdür, hamısı peşəkar komandalardır. Amma oyunlarda azarkeş olmaması cüzi də olsa, təsir edəcək. Düşünürəm ki, maraq da az olacaq. Fikrimcə, 2 turdan sonra yoluxmaların sayına baxıb azarkeşlərin stadiona girişinə icazə veriləcək. Əsas istəyimiz odur ki, komandamız kubokda finala çıxsın. Həlledici qarşılaşmanı azarkeşlərin iştirakı ilə keçirmək maraqlı olar. Tribunada möhtəşəm performans göstərərik”.

Son xəbərlər

Orphus sistemi