Ayxan Abbasov: "Küləyin verdiyi üstünlüklə qollar vurduq"

Ayxan Abbasov: "Küləyin verdiyi üstünlüklə qollar vurduq" "Kimsə bizdən narazıdırsa, buna heç cavab vermək də istəmirəm. Hər kəsə uğurlar arzulayıram"
Futbol
210
13 Fevral , 2021 18:59
Ayxan Abbasov: Küləyin verdiyi üstünlüklə qollar vurduq

"İlk öncə, Premyer Liqanın üçüncü dövrəsinə qələbə ilə başlamaq istəyirdik. Rəqibimiz bundan əvvəl Azərbaycan Kubokunda da qarşılaşdığımız, çempionatın baxımlı oyun sərgiləyən komandalarından biri olan “Səbail” idi. Havanın küləkli olmasına baxmayaraq, olduqca maraqlı oyun alındı. İlk hissədə küləyin üstünlüyü bizim tərəfimizdə olduğundan fasiləyə iki qolla yollandıq. Bunun məntiqi nəticəsi kimi daha ağıllı, daha tədbirli oynamağa başladıq. Futbolçularım verilən tapşırıqları oyun ərzində uğurla icra etdilər. Qələbə münasibəti ilə komandamı və azarkeşlərimizi təbrik edirəm. “Səbail” klubuna və özümüzə gələcək oyunlarda uğurlar arzulayıram”.

"Report"un məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis qələbə ilə yanaşı, gənc futbolçuların xidmətindən də yararlandığını bildirib: "Gənc futbolçularımız çoxdur. Bu gün uzatma dəqiqələrində 17 yaşlı Sənan Ağayevə ilk dəfə şans verdik. Sənan potensiallı futbolçudur. Onu ab-havanı hiss etmək üçün meydana buraxdıq. Akademiyanın hər bir üzvü öz üzərində çalışmalıdır. Qış fasiləsindən sonra hər kəsə inandığımı demişdim. Bu gün müdafiədə itkilərimiz çox idi. Eltun Turabova şans verdik və bizi qane etdi. Heyətimizdə yetərincə futbolçu var. Gələcəkdə də gənclərə şans verməyə çalışacağıq".

Abbasov komandasının heyətində yetərincə futbolçunun olduğunu və onların hər birinə inandığını söyləyib. Baş məşqçi Azərbaycan Kubokunun 1/4 finalında mübarizədən kənarlaşdırdıqları "Səbail"ə çempionat oyununda da qalib gəlmələrini rəqibin zəifliyi ilə əlaqələndirməyib: "Səbail" taktiki baxımdan ən düzgün oynayan komandalardan biridir. Həmkarım Aftandil Hacıyev əlindəki materialla bunun öhdəsindən gəlməyə çalışır. Qış fasiləsinin müddəti az idi. Futbolçularımızın get-gedə formaya düşməsi yaxşı oyunumuzun nəticəsi idi. Məqsədlərimizdən biri budur ki, rəqibin kimliyindən asılı olmayaraq, futbolçular oyunlara ciddi hazırlaşsınlar".".

Təcrübəli mütəxəssis hazırda "Səbail"də çıxış edən Amil Yunanovun keçmiş komandası "Sumqayıt" barədə alçaldıcı fikirlərinə də münasibət bildirib: "Mənim komandamda da digər klublardan gələn futbolçular var. Onlar da keçmiş klublarına qarşı istəkli olurlar. Amma sabiq komandana qol vurduqdan sonra Amil kimi yox, peşəkar formada normal açıqlama da vermək olardı. Mən hər bir futbolçuya şans vermişəm. Kimsə bizdən narazıdırsa, buna heç cavab vermək də istəmirəm. Hər kəsə uğurlar arzulayıram".

Abasov növbəti tur evdə "Qarabağ"la keçirəcəkləri oyuna da ciddi hazırlaşacaqlarını söyləyib: "Rəqib barədə geniş danışmağa ehtiyac yoxdur. Yaxşı nəticə üçün əlimizdən gələni etməyə çalışacağıq".

Son xəbərlər

Orphus sistemi