Ayxan Abbasov: "Neftçi" cütün favoritidir, amma bizim də şansımız var" - MÜSAHİBƏ

Ayxan Abbasov: "Neftçi" cütün favoritidir, amma bizim də şansımız var" - MÜSAHİBƏ "Zaur Həşimovun yanımda olmasını istərdim"
Futbol
1861
13 Dekabr , 2018 10:50
Ayxan Abbasov: Neftçi cütün favoritidir, amma bizim də şansımız var - MÜSAHİBƏ
"Zirə"nin baş məşqçisi Ayxan Abbasov / Report

Bakı. 13 dekabr. REPORT.AZ/ “Sumqayıt” futbol komandasının baş məşqçisi Ayxan Abbasovun “Report”a müsahibəsi

- Dekabrın 15-də Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Neftçi”nin qonağı olacaqsınız. Ötən həftə Premyer Liqanın sonuncu turunda bu rəqiblə səfərdə qolsuz heç-heçə etmisiniz. Bu dəfə şansınızı necə dəyərləndirirsiniz?

- Cütün favoriti “Neftçi”dir. Çempionatda da liderdirlər. Amma bizim də rahat təslim olmaq fikrimiz yoxdur. Komandamız öz əzmkarlığı ilə seçilir. Bunu son görüşdə də göstərdik.

- Heyət baxımından hansı problemlər var?

- Matçın hazırlığına ötən gün başlamışıq. Çempionat oyunundan bir gün sonra bərpa məşqi keçmişik, ardından komandaya istirahət vermişik. Hazırda Əfran İsmayılovla Vurğun Hüseynov zədəlidir. Onların meydana çıxıb-çıxmayacaqlarını bilmirik. Çox çətin olacaq. Çempionat və kubok matçları fərqlidir. Burada qalib iki görüşdə müəyyənləşir. İşimizi düzgün qurmalıyıq.

- “Zirə”yə rəhbərlik etdiyiniz dönəmdə “Neftçi”nin bu komandaya qarşı sindromunun olduğu söylənilirdi. Lakin ötən oyundan sonra belə qənaətə gəlmək olarmı ki, “Neftçi”də “Zirə” yox, Ayxan Abbasov sindromu var?

- Düzdür, “Zirə”də olanda “Neftçi” ilə oyunlarımız həmişə yaxşı alınırdı. Amma “Qəbələ” ilə görüşlərdə də oxşar vəziyyət yaranırdı. Belə hallar olur. Bir komandanın digəri ilə oyunu alınmaya bilər. Məsələn, bizdə “Qarabağ”la duellərdə alınmırdı, “Keşlə” ilə qarşılaşmalarda da çox əziyyət çəkirdik. “Sumqayıt”a da gələndən sonra buradakı futbolçuların keyfiyyətini gördük, öz gücümüzə bələdik, meydanda nə etməli olduğumuzu bilirik. Bu gün “Neftçi” bizi ustalıq baxımından üstələyə bilər, lakin əzmkarlıq sarıdan onlardan geri qalmırıq. Nəticədən asılı olmayaraq, futbolçularımızın verilən tapşırıqları yerinə yetirə biləcəklərinə inanıram.

- Premyer Liqada qış fasiləsinə qədər “Sumqayıt”ın heyətində ən çox – 3 qol vuran futbolçu mərkəz müdafiəçisi Şəhriyar Əliyevdir. Bu məqam sizi yanvarda ən çox hücum xəttini gücləndirməyə sövq edir?

- Komanda az qol vurursa, ağıla ilk gələn hücumçulardır. Bu, normal haldır. Amma ümumən kollektivin hücum planında necə oynamasına baxmaq lazımdır. Baş məşqçi postuna gəlişimdən sonra 3 oyunu götürsək, “Səbail”ə 1:0 hesabı ilə qalib gəldiyimiz qarşılaşmada hücum sarıdan istədiklərimiz alınmadı. Amma “Zirə” (1:3) və “Neftçi” ilə oyunlarda yaxşı epizodlarımız oldu. İlk növbədə, meydanda komanda şəklində düzgün hərəkət etməyi təkmilləşdirməliyik. Son matç göstərdi ki, irəliləyiş var.

- Əsasən hansı mövqelərə yeni oyunçu istərdiniz?

- İstədiyimiz futbolçular ola bilər, amma yerlilərdən çoxunun öz klubları ilə müqavilələri var. Onlara müraciət etsək, klublar buna isti baxmaya bilərlər. Komandada rəqabətin artmasını istəyirəm. Lakin qışda futbolçu tapmaq çətindir.

- Qışda komandanı tərk edənlər olacaq?

- Heyətimiz elə də geniş deyil. Gələndən bəri bütün futbolçuları iş başında görmək istəyirəm. Bu baxımdan, Azərbaycan Kubokunun 1/8 finalında “Qaradağ Lökbatan”ı 4:0 hesabı ilə məğlub etdiyimiz görüş yerinə düşdü. Oyunçuların çoxunu meydana buraxa bildik. Rəhbərliklə danışacağıq. Kimisə göndərirsənsə, yerinə başqası gəlməlidir. Qışda dəyişiklilər ola bilər.

- Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi postunu tərk edən Zaur Həşimov “Zirə”də çalışdığınız müddətdə əsas köməkçilərinizdən biri idi. Onu “Sumqayıt”da da məşqçilər korpusunuza daxil etməyi düşünmürsünüz?

- Həşimov ən perspektivli məşqçilərimizdəndir. Onun yanımda olmasını istərdim. Açığı, millidən gedişini gözləmirdim. Bu məsələni həm klub rəhbərliyi ilə danışmaq lazımdır, həm də Həşimovun özünün nə kimi planlarının olduğunu bilmirəm. Lakin onunla yenidən çalışmağı çox istərdim.

- Yeri gəlmişkən, Qurban Qurbanovun millidən gedişi sizin üçün gözlənilməz olmadı?

- Futbolda belə hallar olur, məşqçi işi çətindir. Milli komanda ilə bağlı danışmağım düz olmaz, çünki bu işlərin içində deyiləm. Əsas odur ki, verilən qərarların, atılan addımların Azərbaycan futboluna faydası olsun. Hər kəs tutduğu vəzifədə ümumi iş üçün çalışmalıdır.

- Pmyer Liqadakı fasilə zamanı yanvarın 13-də Türkiyəyə yollanacaqsınız. İki həftəlik təlim-məşq toplanışı dönəmində yoxlama oyunu keçirəcəyiniz rəqiblərdən dəqiqləşən var?

- Xeyr, hələlik bu barədə məlumat yoxdur. Yanvarın 4-də Sumqayıtda bir araya gələcəyik. Yanvarın 11-də burada da bir matç keçirməyi planlaşdırırıq.

Son xəbərlər

Orphus sistemi