Avropa Liqası: "Qəbələ" doğma meydanda "Anderlext"ə məğlub olub - VİDEO

Avropa Liqası: "Qəbələ" doğma meydanda "Anderlext"ə məğlub olub - VİDEO Matç komandanın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb
Futbol
24 Noyabr , 2016 21:52
Avropa Liqası: Qəbələ doğma meydanda Anderlextə məğlub olub - VİDEO

Bakı. 24 noyabr. REPORT.AZ/ Bu gün "Qəbələ" klubu Avropa Liqasında növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, V turda rəqib Belçikanın "Anderlext" klubu olub.

"Bakcell Arena"da keçirilən matçda topa toxunuşu qonaqlar edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda ilk qolu Belçika təmsilçisi vurub. Yuri Tilemans 10-cu dəqiqədə topu Dmitri Bezotosnının qoruduğu qapıdan keçirib. Lakin "qırmızı-qaralar"ın cavab qolu özünü çox gözlətməyib. Baş hakim cərimə meydançasında Asif Məmmədova qarşı kobudluğu penalti kimi dəyərləndirib. Topun arxasına keçən Rikardinyo hesaba tarazlıq gətirib - 1:1. İlk hissə bu hesabla da başa çatıb.

İkinci hissədə meydan sahibləri daha aktiv oyun nümayiş etdiriblər. 75-ci dəqiqədə rəqib qapıçının Ruslan Qurbanova kobud oyunu "Qəbələ"yə daha bir penalti qazandırıb. Bu dəfə də Rikardinyo topa yaxınlaşıb. Lakin "Qəbələ"nin futbolçusu zərbədən əvvəl cərimə meydançasına daxil olduğu üçün hakim Rikardinyonun qolunu qeydə almayıb. Təkrar penaltidə isə futbolçu çərçivəyə düşə bilməyib. 75-ci dəqiqədə "Qəbələ" azlıqda qalıb: Rəşad Eyyubov meydandan qovulub. Ardınca qonaqlar təzyiqi artırıb. Oyunun 90-cı dəqiqəsində rəqib futbolçu Massimo Bruno "Qəbələ"in qapısından ikinci topu keçirib. Artırma dəqiqələrində meydan sahibləri qapısında daha bir qol görüb. Bundan sonra qapılara qol vurulmayıb və oyun "Anderlext"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticə ilə aktivində xal olmayan "Qəbələ" qrup sonuncusudur. "Anderlext" isə 11 xalla birinci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi